İspaniyanın qadınlardan ibarət millisinin üzvü Cenifer Hermoso qadınlararsı dünya çempionatının final oyunundan sonra onu dodaqlarından öpən İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubialeslə bağlı prokurorluğa şikayət edib.
Qaynarinfo-nun məlumatına görə, Hermoso İspaniyada həm ictimai, həm də idman və siyasi aləmdə polemikaya səbəb olan "Rubiales hadisəsi”ndən 17 gün sonra prokurorluğa müraciət etmək qərarına gəlib. Ötən gün paytaxt Madriddə milli məhkəmənin prokuroru Marta Durantezə müraciət etdiyi ortaya çıxan ispan futbolçunun dodaq öpüşünə razılıq vermədiyi və Rubiales haqqında cinayət işi açıldığı bildirilib.
Bundan sonra FİFA İntizam Komitəsinin açdığı istintaq çərçivəsində müvəqqəti olaraq vəzifəsindən uzaqlaşdırılan Rubialesin istefası üçün İspaniyada bütün siyasi və ictimai təzyiqlər davam edir. İspaniya hökuməti növbəti dəfə TAD-a müraciət edərək, Rubialesi ölkənin imicinə xələl gətirdiyi iddiası ilə vəzifəsindən uzaqlaşdırmağa cəhd edib. Ancaq hökuməti məhkəmə sisteminə təzyiq göstərməkdə ittiham edən Rubiales ölkəsindən gələn bütün reaksiyalara baxmayaraq istefa vermir.
Səbuhi Həsənov