"Mərkəzi Bankın son addımında əsas məqsəd istehlak kreditləri üzrə risk dərəcələrini tənzimləməkdən ibarətdir. Praktik olaraq burada xüsusən də istehlak kreditləri üzrə aylıq ödənişlə əmək haqqı arasındakı nisbət sərtləşdirilir”.
Bunu Milli Məclisin deputatı Vüqar Bayramov Mərkəzi Bankın Azərbaycanda rəsmi əməkhaqqının təxminən yarısı və ya bundan çox məbləğdə kredit alması ilə bağlı qərarın sərtləşdirilməsini izah edərkən Qaynarinfo-ya deyib. Deputat MB-nin məqsədinin nədən ibarət olmasına aydınlıq gətirib:
"Əgər bu nisbət yüksək olarsa, avtomatik olaraq həmin kommersiya banklarının aktivləri üzrə risk dərəcəsi artırılır. Bu da həmin banklar üçün əlavə xərcdir. Nəticə etibarı ilə bu, əslində bankları istehlak kreditləri üzrə maliyyələşmədə rəsmi əmək haqqını daha yaxından nəzərə almağı istiqamətləndirir. Son statistika göstərir ki, istehlak kreditlərinə maraq artır, istehlak kreditlərinin umümi kredit potfelində payının artması da bütövlükdə problemli kreditlər üçün riskləri də artırmış olur. Bu baxımdan Mərkəzi Bank da çalışır ki, bir tərəfdən problemli kreditlərin həcmi umumi kredit portfelindən tənzimlənən həddə olsun, banklar üçün xüsusi risklər yaratmasın. Digər tərəfdən isə istehlak kreditləri üzrə riskin tənzimlənməsi və idarə edilməsi alətlərindən daha yaxından istifadə olunsun”.
Vüqar Bayramov bütövlükdə bunun istehlak kreditlərinin məbləğlərinə təsir göstərəcəyinin gözlənilən olduğunu hesab edir:
"Çünki nəticə etibarı ilə istehlak krdeitləri üzrə aylıq ödənişlə vərəndaşın aylıq əmək haqqı arasındakı nisbət sərtləşirsə, o zaman bank artıq vətəndaşın gəlirlərinə uğun olaraq böyük məbləğdə kredit verməkdə maraqlı olmayacaq. Çünki böyük məbləğdə kredit məhz həmin bankın əmək haqqı ilə müqayisədə bütövlükdə aktivlər üzrə risk dərəcəsini artırmış olacaq. Ona görə də gözlənilir ki, bu qərar istehlak kreditlərinə marağın nisbətən tənzimlənməsinə və bütövlükdə banklar tərəfindən digər kredit növlərinin daha çox prioritetləşməsinə gətirib çıxarda bilər”.
Vüqar Bayramov hesab edir ki, istehlak kreditləşməsi davam edəcək, çünki buna maraq yüksəkdir:
"Amma istehlak kreditləri üzrə orta məbləğdə məhz son addımdan sona azalmaların olacağı gözlənilir".
Bahar Rüstəmli