Ötən ilin sentyabrında Rusiyanın "Şimal axını” qaz kəmərlərinin partladılmasının əsas senarisi dövlət strukturlarının cəlb edilməsidir. Şəxsi təşəbbüs yalnız nəzəri cəhətdən mümkündür.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" İsveç prokuroru Mats Lünqkvisin şərhinə istinadən məlumat
yayıb.
Onun sözlərinə görə, "aydın əsas senari" partlayışın arxasında dövlət tərəfindən dəstəklənən qrupun dayanmasıdır, lakin müstəqil qrupun iştirakı hələ də "nəzəri cəhətdən mümkündür".
O, həmçinin bildirib ki, partlayışlarda istifadə edilən partlayıcıların növü "aktorların böyük bir hissəsini” istisna edir.
Mats Lüngkvisin İsveç prokurorluğunun saytında verdiyi rəsmi açıqlamada deyilir ki, "Şimal axını 1” və "2” qaz kəmərlərində baş verən partlayışlarla bağlı istintaq davam edir, lakin bu, mürəkkəb istintaq və mürəkkəb işdir.
İstintaq İsveç Təhlükəsizlik xidməti tərəfindən İsveç Baş prokurorluğunun milli təhlükəsizlik şöbəsinin dövlət prokurorunun rəhbərliyi ilə aparılır.
"Ümid edirik ki, bu cinayəti kimin törətdiyini təsdiqləyə bilərik, lakin qeyd etmək lazımdır ki, şəraiti nəzərə alaraq bu çətin ola bilər", - Lünqkvis açıqlamasında bildirib.
Onun sözlərinə görə, insident müxtəlif təsir cəhdləri üçün açıq arenaya çevrilib. "Bu versiyalar təhlil, cinayət yerinin müayinəsi, İsveç və digər ölkələrin hakimiyyət orqanları ilə əməkdaşlıq nəticəsində əldə edilən faktlara və məlumatlara əsaslanan hazırkı istintaqa təsir göstərmir", - o əlavə edib.
Nizami Bağırov