İsveç hökuməti Ukraynaya ümumi dəyəri təxminən 290 milyon avro olan on üçüncü yardım paketini hazırlayır.
Qaynarinfo "Yevropeyska pravda”ya istinadən xəbər verir ki, bu barədə SVT məlumat
yayıb.
Müdafiə naziri Pol Yonson xüsusi mətbuat konfransında hökumətin Ukraynaya 3,4 milyard İsveç kronu (təxminən 287 milyon avro) dəyərində hərbi yardım paketi verməyi təklif etdiyini açıqlayıb.
Siyahıda "Stridsfordon 90" və "Archer" sistemləri üçün döyüş sursatı və ehtiyat hissələri, həmçinin minalardan təmizləmə üçün yük maşınları və avadanlıqlar var.
Nazir parlamentdəki partiyalara paketin təsdiqi ilə bağlı "yaxşı dialoqa" görə təşəkkür edib və Riksdaqın bu həftə təklifi təsdiqləyəcəyinə ümid etdiyini bildirib.
"Əks-hücum hazırda aktiv fazadadır. Biz bu müharibənin uzanacağına və uzunmüddətli perspektivə malik olacağına hazırlaşmalıyıq ki, ötürülən silah və sistemləri dəstəkləyə bilək", - Pol Yonson bildirib.
Nazir vurğulayıb ki, Ukraynanın hava hücumundan müdafiəsinə dəstək vacibdir. Bununla bağlı onlar Ukraynaya verilməsi üçün ABŞ-a AMRAAM hava-hava raketlərini satmağı təklif edirlər.
Pol Yonson qeyd edib ki, bu yardımın verilməsindən sonra İsveç ordusunun hazırlıq səviyyəsi qısamüddətli perspektivdə pisləşəcək, lakin bu, ən qısa zamanda düzəldilməlidir.
Nizami Bağırov