Video 20:15 20.10.2022

İtaətsizliyə görə güllələnmə: 10 min məhbus Ukraynaya göndərildi (VİDEO)

Rusiya hakimiyyəti qanunsuz olaraq artıq 10 mindən çox məhbusu Ukraynadakı müharibəyə göndərib. Sənədlərə görə, məhbuslar Rostov koloniyasına köçürülür, sonra isə təşkilatçısı Sankt-peterburqlu iş adamı Yevgeni Priqojin olan "Vaqner” özəl hərbi şirkətin tərkibində Ukraynaya göndərilir.

Qaynarinfo xəbər verir ki, bu barədə "Gulagu.net” insan haqları layihəsi Federal Penitensiar Xidmətdəki mənbəyə istinadən məlumat yayıb .

"Federal Penitensiar Xidmətdəki mənbəmiz bildirir ki, müharibəyə göndərilən 10 mindən çox insan əfv olunmayıb. Sənədlərə görə, onların hamısı məhkumdur, köçürülmə əmri Federal Penitensiar Xidmət tərəfindən verilir. Sənədlərə uyğun olaraq, onlar olduqları yerdən Rostov vilayətinin 12 saylı cəzaçəkmə müəssisələrinə köçürülür. Oradan da ön cəbhəyə göndərilir. İstisna hall kimi sağ qalan bir neçə nəfərə və ağır yaralananlara əfv fərmanı veriləcək”, deyə "Gulagu.net" "YouTube" kanalının şərhində qeyd edilir.

"Gulagu.net" layihəsi məhbuslara Ukraynadakı müharibəyə göndərilməmişdən əvvəl imzalanması təklif olunan müqavilənin sürətini də dərc edib. İmzalanmış müqavilədə məhbusların görəcəyi işlər (döyüş fəaliyyətlərində iştirak, basqınlar və hücumlar, obyektlərin ələ keçirilməsi, təxribat, başqa dövlətlərin təxribat və kəşfiyyat qruplarının məhv edilməsi və s.) əks olunur, həmçinin itaətsizliyə görə güllələnmə nəzərdə tutulur.

Nizami Bağırov