Son dövrlər İctimai Televiziyada (İTV) müsbət dəyişikliklər baş verir. Müxtəlif sahələrdə yeniliklər, studiyaların yenilənməsi, çox sayda yeni verilişlərin yayıma başlaması, modernləşmə və fərqli simaların efirdə görünməsi müsbət tendensiyadır.
Bəs görəsən, bu dəyişikliklər kosmetik xarakter daşıyacaq, yoxsa daha da dərinləşəcək, müsbət dəyişikliklər davamlı olacaqmı? Media ekspertlərinin prosesə münasibəti necədir, gözləntiləri nədir? Bu suallarla ekspertlərə müraciət etdik.
Media eksperti, əməkdar jurnalist Qulu Məhərrəmli Qaynarinfo-ya bildirib ki, son dövrlər telekanallarda aparılan islahatları müsbət qiymətləndirmək olar, lakin bunlar kosmetik xarakter daşıyırsa, heç bir faydası olmayacaq:

"Ümumiyyətlə mən bu fikirdə deyiləm ki, Azərbaycanda media inkişaf edir və ya o, cəmiyyətə yeni mesajlar verir, media öz missiyasını yerinə yetirir. Yəni, belə bir hal müşahidə olunmur. Amma bəli, bir sıra televiziyalarda, xüsusən İctimai Televiziyada maraqlı layihələr görünür və hiss olunur ki, çox ciddi şəkildə İTV-nin problemləri ilə məşğul olunur. İTV-nin yeni rəhbəri Balakişi Qasımov televiziya işini və onun menecerliyini yaxşı bilən, özü də birbaşa televiziyanın içində olan adamdır. Bütün bunlar onu göstərir ki, yaxında daha yeni və maraqlı layihələr olacaq. Şübhəsiz ki, bu təqdirəlayiq haldır. AzTV-də də müəyyən tərpəniş var. Əvvəlki sədrdən fərqli olaraq sırf yaradıcılıq məsələlərinə diqqət yetirilir, kanala bəzi maraqlı insanlar cəlb edilir. Əlbəttə ki, bütün bunlar müsbət haldır. Amma bütövlükdə bizim televiziyalarımızda, mediamızda çatmayan şey cəmiyyətdə gedən prosesləri dolğun şəkildə ifadə edə bilməməkdir. Əgər dəyişiklik kosmetik xarakter daşıyırsa, bunun heç bir faydası olmayacaq. Yəni, bir müddət sabun köpüyü kimi görünəcək, sonra əriyib gedəcək. Televiziyalar başqa problemdir, saytlarla bağlı daha ciddi problemlər var, qəzetlər haqda demək olar ki, danışılmır, çünki oxunası çox az qəzetmiz var. Ona görə indiki halda hesab edirəm ki, ciddi proseslər elektron mediada, xüsusən saytlarda getməlidir”.
Fəaliyyəti dayandırılmış "Ayna” və "Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı isə köklü dəyişikliklərin olmadığını bildirib, atılmalı olan addımlardan danışıb:
"Efirlərdə yeni simaların görünməsi yaxşı haldır. Amma bu, hələ də köklü dəyişikliklərin olduğuna dəlalət eləmir. Çünki az zaman keçib və nəyisə samballaşdırmaq üçün hələ xeyli vaxt lazımdır. Ümumi olaraq mediada vəziyyət həddindən artıq pisdir və köklü dəyişikliklər olandan sonra, bu haqda danışmaq olar. Köklü dəyişikliklər də hələ ki, yoxdur. Media sahəsində yeni sima deyilən şey yoxdur, elə köhnə hamam, köhnə tasdır. Yəni, mətbuatı idarə edən, hansısa yeni islahatlara apara biləcək köklü dəyişiklik görmürəm".
Çingiz Səfərli