Azərbaycan Milli Məclisinin bugünkü iclasında Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının səlahiyyət müddəti başa çatmış üç üzvünün yerinə yeni namizədlərin seçilməsi müzakirə olunub və seçkilər keçirilib.APA-nın məlumatına görə, layihə barədə məlumat verən parlamentin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov bildirib ki, layihə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nüşirəvan Məhərrəmlinin imzası ilə daxil olub.
O qeyd edib ki, Şurada idman federasiyaları, dini konfessiyalar və yaradıcılıq təşkilatları tərəfindən təmsil olunan nümayəndələrin səlahiyyət müddəti başa çatdığı üçün həmin yerlərə namizədlər təqdim olunub.
İdman federasiyaları tərəfindən Boks Federasiyasının təşkilat komitəsinin sədri Babanlı Yusif Məmməd oğlu və Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Tələbə Yaradıcılıq Birliyinin rəhbəri Ağayeva Validə Eldar qızı bir yer üçün namizəd olaraq təqdim ediliblər.
Dini konfessiyalar tərəfindən nəzərdə tutulan bir yerə Qafqaz Müsəlmanları İdarəsi sədrinin müşaviri Nurullayev Fuad İzzət oğlu və Alban-Udi Xristian dini icmasının sədri Mobili Robert Baqratoviç, yaradıcılıq təşkilatları tərəfindən nəzərdə tutulan yerə isə Azərbaycan Bəstəkarlar İttifaqından Qafarova Zemfira Həsən qızı, Azərbaycan Yazıçılar Birliyindən Ələddinov Rafiq Səməndər oğlu, Rəssamlar İttifaqından Əliyev Ziyadxan Alxan oğlu və Azərbaycan Jurnalistlər Birliyindən Babayev Şahin Ənvər oğlu namizəd kimi tövsiyə olunublar.
Qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurası sədrlə birlikdə müxtəlif sahəni təmsil edən 9 nəfərdən ibarətdir və hər bir üzvün səlahiyyət müddəti 6 ildir.
Müzakirələrdən sonra səsvermə keçirilib və hər 3 yerə seçkilər keçirilib. İdman federasiyaları tərəfindən verilən namizədlərdən Boks Federasiyasının təşkilat komitəsinin sədri Babanlı Yusif Məmməd oğlu, Dini konfessiyalar tərəfindən nəzərdə tutulan bir yerə Qafqaz Müsəlmanları İdarəsi sədrinin müşaviri Nurullayev Fuad İzzət oğlu, Yaradıcılıq təşkilatları tərəfindən nəzərdə tutulan yerə isə Azərbaycan Bəstəkarlar İttifaqından Qafarova Zemfira Həsən qızı seçilib.Qaynar.info