Xəbər lenti

İTV rəhbərliyindən iki fərqli açıqlama - Yaddaş, yoxsa "bəddaş"
Ölkə19:56 16.07.2014

İTV rəhbərliyindən iki fərqli açıqlama - Yaddaş, yoxsa "bəddaş"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Anar Yusifoğlunu işdən çıxaran olmayıb, öz xahişi ilə işdən getməsini istəyib. Ərizəsi indi də masamın üstündədir”. 

Yəqin ki, xatırlayırsınız, bu açıqlamanı 03.09.2013-cü ildə İctimai Televiziya və Radio Yayımları Şirkətinin prezidenti Cəmil Quliyev Anar Yusifoğlunun işdən getməsi barədə vermişdi. 

Quliyev həmçinin televiziyaya rəhbər təyin olunandan sonra İTV-dən gedən işçilərlə bağlı da açıqlamasında işdə çıxanların öz ərizəsi ilə getdiyini deyirdi: "Heç kəs heç kəsi İTV-dən kənarlaşdırmayıb. Kim işdən gedibsə, öz ərizəsi əsasında gedib. O ərizələrin hamısı məndədir. İnsanları zorla tutub saxlaya bilmərik ki... Kim mənimlə işləmək istəmirsə, işləmir və özünə başqa iş yeri tapır". 

Bütün bunlar heç də uzaq keçmişdə baş verməyib. Bunu araşdırmaq üçün heç "Tarixi-Nadir"i yarıya kimi oxumağa da ehtiyac yoxdur. Amma bu gün mediada yayılan informasiya elə bir qəzəblə qarşılandı ki, İTV rəhbərliyi bir il öncə verdiyi açıqlamanı xatırlamadan onu inkar edəcək bir açıqlama ilə çıxış etdi. Bəlkə də, heç "yaddaş" məsələsi də deyil. Sadəcə, yayılmış inormasiyaya tələsik cavab verərək vəziyyədən çıxmağa hesablanan bir mövqe idi. 

İTV-nin bu gün yaydığı açıqlamada isə bildirilirdi ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin işgüzar nüfuzuna xələl gətirmək üçün internet-mediada növbəti böhtana əl atılıb. Bunu da başa düşmək olar, amma "ötən il İTV-dən uzaqlaşdırılmış Anar Yusifoğlunun rəhbərlik etdiyi «Aktual.az» saytının bu gün yaydığı «İTV-də yasaq qalmaqalı» sərlövhəli məlumatda qərəzli şəkildə iddia edilib ki, guya Sirkətin hazırkı rəhbərliyi «Carçı-film» yaradıcılıq birliyində əvvəllər çəkilmiş bədii, sənədli və televiziya filmlərinin göstərilməsinə qadağa tətbiq edib, hətta onlardan bəzilərinin arxivdən silinməsinə göstəriş verib" iddiası anlaşılan deyil. 

Diqqət edin, "Ötən il İTV-dən uzaqlaşdırılan Anar Yusifoğlu" axı bir il öncə öz "ərizəsi ilə işdən getmişdi". Görünür, ya ərizə "Morze" əlifbası ilə yazılıb, ya da üstündən bir il keçəndən sonra etibarsız "bülleten"ə çevrilib...

Məqsədimiz Anar Yusifoğlunu və ya hər hansı bir saytı müdafiə etmək deyil. Sadəcə, ortada bir reallıq var və artıq dilə yeni bir "termin" gəlib: yaddaşı inkar edən "bəddaş". Bu, İTV üçün ciddi məsələdir: "Bəddaş"lardan qorunmaq. Nə deyirik, uğurlu olsun!

P.S. Biz sadəcə, iki açıqlamadakı fərqli mövqeyə toxunduq. Çalışın fərqli düşünün, amma mövqeyinizi dəyişməyin! 

Qaynar.info