"Vaksin olunmayan müəllimlərin tədris prosesində iştirakı bir neçə fənndə məhdudlaşdırlacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil ekperti Kamran Əsədov COVID-19 pasportu olmayan təhsil işçilərinə müəyyən ediləcək məhdudiyyətlərdən danışarkən deyib. Onun sözlərinə görə, bu birinci növbədə idman dərslərinə aiddir:
"Çünki burada təmas halları var. İkincisi, bir neçə fənn üzrə yaxın təmasların və yaxud da qapalı məkanlarda daha çox vaxt aparan dərslərdə həmin müəllimlərin iştirakı məhdudlaşdırılacaq. Bundan başqa, yaşı 60-dan yuxarı olan və vaksin olunmayan müəllimlərin də ənənəvi tədrisdə fəaliyyəti məhdudlaşdırılacaq. Onların yalnız onlayn qaydada dərs keçməsi təmin ediləcək. Ümumilikdə, bir çox hallarda bütün müəllimlərin ənənəvi dərsdə iştirakı tövsiyə olunur. Hesab edirəm ki, bu bir müddət sonra məcburi qaydada olacaq və insanlar mütləq şəkildə vaksin olunacaqlar”.
Ekspert Türkiyə təcrübəsindən də danışıb:
"Orada belə bir təcrübə var, müəllimlər vaksin olunmaya bilər, amma həftədə iki dəfə test verməlidirlər. Hesab edirəm ki, bu, Azərbaycanda neqativ yollara şərait yaradar və digər tərəfdən bəzi sahələrdə çalışanlar üçün əlavə gəlir mənbəyi olar. Müəllimlərdən bu və ya digər yollarla saxta sənəd verə bilərlər ki, bu da yenidən yoluxma hallarını artıra bilər. İsraildə bütün şəxslər vaksin olunub və normal həyat yaşanır. Bizdə də bütün müəllimlər ənənəvi qaydada tədrisdə iştirak edirsə, vaksin olunmalıdırlar. Yeni tədris ili bu formada başlayacaq”.
Kamran Əsədov hesab edir ki, vaksin olunmayan şəxslərin ənənəvi qaydada tədris prosesində iştirakı qadağan edilməlidir.
Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva mətbuata açıqlamasında "COVID-19 pasportu olmayan təhsil işçiləri ilə bağlı yəqin ki, müəyyən məhdudiyyətlər olacaq”, - deyə bildirib.
Bahar Rüstəmli