
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2016-2017-ci tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün keçid ballarını açıqlayıb.
"Qaynarinfo.Az" xəbər verir ki, qurum bu il ümumi balı 200-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlərin müsabiqədə (ixtisas seçimində) iştirak etməsinə icazə verib.
Keçid ballarının aşağı müəyyən olunması hansı fəsadlar doğura bilər?
Təhsil üzrə ekspert Etibar Əliyev bununla bağlı "Qaynarinfo.Az"-a bildirib ki, keçid balının 150 bal müəyyən edildiyi müddətdə ali məktəblərə xeyli savadsız tələbə qəbul ola bilib: "Xüsusən də I ixtisas qrupuna xeyli sayda savadsız tələbə daxil oldu. Keçid balını 200-də saxlamaqla bunun qarşısını qismən ala bildilər. Amma bu il 9-10-cu siniflərin buraxılış imtahanlarında müəyyən irəliləyişlər olmuşdu, məktəblərlə bağlı bir sıra islahatlar həyata keçirilmişdi. Bizə elə gəlirdi ki, bu il keçid balını 250 müəyyən edəcəklər. 200 bal həddindən artıq aşağı bal deməkdir.
Hər halda abituriyentlər arasında rəqabətin güclənməsi üçün, keçid balını bir qədər yüksəltmək - 250 bala çatdırmaq olardı. Yəqin ki, bunun mənfi nəticələri haqqında düşünüb, yenə də 200 balda saxladılar. Çünki, hətta keçid balı 150 bal müəyyən olunanda belə, ali məktəblərdə xeyli sayda boş yer qaldı. Yəqin ki, komissiya yenə də ali məktəblərdə xeyli boş yerlər qalacağından narahatdır. Bu, ixtisarlara və digər mənfi hallara səbəb ola bilər".
Ekspertin fikrincə, bu kimi halların baş verməməsi üçün üçün ali təhsilin səviyyəsini yüksəltmək lazımdır ki, bu boşluq doldurulsun:
"Ali məktəblərin vəzifəsi bu və ya digər ixtisaslar üzrə mütəxəssis hazırlığını həyata keçirməkdir. Əlbəttə ki, 200 bal toplamış tələbəni oxutmaq da çətindir. Amma hər halda ali məktəblər öz proqramlarını elə qurmalıdırlar ki, heç olmasa orta səviyyəli mütəxəssis hazırlaya bilsin".

Etibar Əliyev deyir ki, bu kimi neqativ hallara səbəb orta təhsillə bağlı islahatlar çox ləng getməsidir:
"Orta təhsilin keyfiyyəti burada ilk növbədə qeyd olunmalıdır. Hazırda orta təhsilin yaxşılaşdırılması üçün müəyyən işlər görülür. Müəllimlərin əmək haqqı yüksəldilməsi, dərsliklərin keyfiyyətinin yaxşılaşdırılması, məktəb direktorlarının imtahanlar vasitəsilə seçilməsi və sairə. Amma bu proses çox ləng gedir, bunun da səbəblərinin kökləri çox dərindir. İndiki halda məktəblərin böyük bir qismi öz üzərlərinə düşən vəzifəni yerinə yetirə bilmir".
Qızılgül
Qaynarinfo.Az