Məşhur müğənni Britni Spirs növbəti dəfə medianın diqqət mərkəzinə gəlib.
Qaynarimfo "Daily Mail"ə istinadən xəbər verir ki, müğənninin keçmiş əri Kevin Federlayn onun asılılıq yaradan ağır dərmanlara alüdə olduğunu bildirib.
"Qorxuram ki, o, metamfetamin qəbul edir. Dua edirdim ki, kimsə bunu desin və o, özünə gəlsin. Dəhşətdir. O, mənim oğlanlarımın anasıdır", deyə Kevin Federlayn bildirib.
Britni Spirsin oğulları 17 yaşlı Preston və 16 yaşlı Ceydenin onunla görüşmək istəmədiyi də bildirilir. İddialara görə, onlar analarının narkotik qəbul etdiyini görüblər.
"Qorxuram ki, bir gün ona zəng gələcək və Spirsin həddindən artıq dozadan öldüyünü söyləyəcək. Övladlarımda da bu qorxu var", deyə Kevin Federlayn əlavə edib.
Lakin Spirsin keçmiş əri hesab edir ki, indi o, vəziyyətə müdaxilə edə bilməz. Kevin Federlayn müğənnidən tamamilə uzaqlaşıb və onunla ünsiyyəti kəsib.
Kevin Federlaynın açıqlamasına müğənninin atası da münasibət bildirib. O hesab edir ki, qızı 27 yaşında dünyasını dəyişən müğənni Emi Uaynhausun kədərli hekayəsini təkrarlaya bilər.
Bu arada bəzi xarici KİV Kevin Federlaynın ittihamlarının əsassız ola biləcəyini düşünür. İddialara görə, o, Britni Spirsə təzyiq edə bilər ki, uşaqların qəyyumluğunu müğənnidən alsın. Müğənninin oğulları Federlaynla yaşayır, lakin o, onların təhsil haqqını ödəyir və uşaqları saxlamaq üçün hər ay keçmiş ərinə külli miqdarda pul göndərir.
Qeyd edək ki, Britni Spirs 2004-cü ildə müğənni Kevin Federlaynla ailə həyatı qurub. Evlilikdə onların iki oğlu olub. Ancaq 2006-cı ildə Spirs boşanmaq üçün məhkəməyə üz tutub. O, uşaqların qəyyumluğunu tələb edib. Bütün bunlar səs-küylü qalmaqallar fonunda baş verib. Müğənni əvvəllər narkomaniyadan və alkoqoldan sui-istifadədən müalicə olunub. Buna görə 2007-ci ildə məhkəmə Spirsi qəyyumluqdan məhrum edib, oğulları onun keçmiş ərinin yanına köçüb və onun özünə uşaqlara yaxınlaşmaq qadağan edilib.
Aydın