
2012-ci ilin martında Qubada baş verən qiyamla devrilən icra başçısı Rauf Həbibovun rayonun mərkəzində yerləşən 3 mərtəbəli villası bir neçə gün öncə satışa çıxarılıb.
Bu barədə “Yeni Müsavat”a Quba Rayon İcra Hakimiyyətinin sabiq işçisi məlumat verib. O bildirib ki, keçmiş icra başçısı qohumu İmran adlı maklerin vasitəsilə satışa çıxarılan villa ilə bağlı kataloq tərtib etdirib. Ancaq həmin kataloqda villanın yanmadan öncəki şəkilləri dərc olunub.
Məlumata görə, Rauf Həbibovun yanan villasını alan şəxsin kimliyi də məlumdur. Bu, əslən Türkiyənin Trabzon şəhərindən olan Ahmet Çetinkaya adlı biznesmendir. A.Çetinkaya mərkəzi Ankarada yerləşən “Yunus” adlı nəqliyyat şirkətinin sahibidir. Sözügedən şirkətin Bakıda Dərnəgül şossesində ofisi və “TIR” qarajı var. Türkiyə, Gürcüstan və Azərbaycanda fəaliyyət göstərən sözügedən şirkət ölkəmizə Türkiyədən tekstil məhsulları gətirir. Ahmet Çetinkaya keçmiş icra başçısı Rauf Həbibova yaxınlığı ilə tanınır. Rauf Həbibovla Ahmet Çetinkaya Qələduz kəndində Qudyalçayın yaxınlığında bağ qonşusu olublar. Onlar arasındakı dostluq münasibəti də elə o vaxtdan yaranıb.Qaynar.info