Xəbər lenti

Keçmiş MKİ direktorundan Putin iddiası: Ukraynadan sonrakı hədəfi hansı ölkə olacaq?
Dünya 14:40 30.05.2025

Keçmiş MKİ direktorundan Putin iddiası: Ukraynadan sonrakı hədəfi hansı ölkə olacaq?

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş direktoru Devid Hovell Petreus Rusiya prezidenti Vladimir Putinlə bağlı mühüm iddialar irəli sürüb. Keçmiş MKİ rəhbəri bildirib ki, əgər Putin Ukraynada uğur qazansa, növbəti hədəfi NATO üzvü olan Avropa ölkəsi ola bilər.

Qaynarinfo "Daily Mail"ə istinadən xəbər verir ki, general Petreus Rusiya ilə Ukrayna arasında gedən müharibədən sonra Baltik ölkələrindən biri olan Litvanın Rusiyanın növbəti hədəfi ola biləcəyini deyib. O, bunun Qərbin iradəsini sınamaq və ya daha genişmiqyaslı hücumun ilkin mərhələsi ola biləcəyini vurğulayıb.

Bayden və Trampa tənqid

Bir dövr ABŞ-ın Şimali İraqdakı qoşunlarına rəhbərlik etmiş Petreus keçmiş ABŞ prezidenti Co Baydeni Ukrayna ordusuna kifayət qədər silah dəstəyi göstərmədiyi üçün tənqid edib.Petreus bildirib ki, Bayden administrasiyası Ukraynaya "M1 Abrams" tankları göndərmək qərarını gecikərək verib və bu, Ukraynanın zərərinə olub. 

O, həmçinin F-16 qırıcılarının Ukraynaya göndərilməsinin vacibliyini qeyd edib və bu dəstəyin vaxtında verilməməsinin mənfi nəticələrə yol açdığını bildirib. Petreusun sözlərinə görə, Bayden rəhbərliyi dövründə ABŞ Ukraynaya yardımla bağlı daim tərəddüd edib, lakin sonda yardım göstərilib.

Hazırkı prezident Donald Trampı isə Petreus sərt şəkildə tənqid edib. O bildirib ki, Tramp Rusiyanın dövlət başçısı Putinə ardıcıl olaraq ikinci şans verir və bu da Moskvanın mövqelərini gücləndirir. Londonda yerləşən "Policy Exchange" beyin mərkəzində çıxış edən Petreus deyib: "Trampın iki həftə ərzində fərqli yanaşma tətbiq edəcəyini dediyi üç hal baş verib. Bu dəfə nə olacağını görəcəyik".

"Kukla lider" məqsədi

Petreus əlavə edib ki, Ukraynaya daha çox yardım göstərilməli və bununla da müharibənin gedişində üstünlük əldə olunmalıdır. Onun sözlərinə görə, bu yardımlar sayəsində Ukrayna Moskvanın əlavə torpaq qazancı əldə edə bilməyəcəyini nümayiş etdirə bilər.

Putinin məqsədi barədə danışan Petreus deyib: "Putin Zelenski hakimiyyətini devirmək, Ukraynada kukla rəhbərlik qurmaq və bütün ölkəyə nəzarət etmək istəyir".

O əlavə edib ki, "bunu bacardıqdan sonra Baltikyanı ölkələrdən birinə, xüsusilə də Litvanyaya fokuslanacaqlar. Petreus Putinin çıxışlarında Litvananı ön plana çəkdiyini və onun daha diqqətlə dinlənilməli olduğunu bildirib.

Sonda Petreus qeyd edib ki, Rusiya barış danışıqları ilə bağlı qəsdən yubanır və bunun məqsədi daha çox Ukrayna ərazisini ələ keçirməkdir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->