İdman 17:40 22.07.2022

“Kəpəz” də mövsümlük bilet satacaqmı? - Klub rəsmisi

Futbolun İnkişaf Fondu və "Turan Tovuz” futbol klubu 2022/2023 "futbol ili" üçün limitli sayda mövsümlük biletləri təqdim edib. Biri 59 manatdan satışa çıxarılacaq biletlərin sayı 500 ədəd olacaq. Bununla yanaşı, biletləri əldə edən azarkeşlər stadionun ən yaxşı yerlərindən Tovuz təmsilçisinin bütün ev oyunlarını (Azərbaycan Premyer Liqası, Azərbaycan Kuboku, yoldaşlıq oyunları) izləmək imkanı qazanacaq, həmçinin onlara klubun atributları təqdim olunacaq. Bu, uzun fasilədən sonra Premyer Liqaya qayıdan Tovuz təmsilçisinin azarrkeşləri üçün yaradılacaq şəraitdir.
 
Bəs cari mövsüm "Turan Tovuz”la birlikdə Premyer Liqaya yüksələn "Kəpəz”də bu cəhətdən durum nə yerdədir? Gəncə təmsilçisi də mövsümlük bilet satışı həyata keçirəcəkmi? 

Bu sualımıza klubun mətbuat katibi Azad Mustafayevdən cavab aldıq. O, Qaynarinfo-ya açıqlamasında bunları söylədi:

"Futbolun İnkişafı Fondunun (FİF) nümayəndələri bir müddət əvvəl Gəncədə oldular. Orada satışa çıxarılan biletlərin gəlirləri ilə bağlı müzakirələr aparıldı. Gəncə Azərbaycanda 2-3 şəhərdən biri olub ki, "Kəpəz”in oyunlarına daim bilet satışı həyata keçirilib. İndi də komandanın oyunlarına bilet satışı təşkil olunması ilə bağlı planlar var. Bir neçə azarkeş kluba təklif edib ki, biletin qiyməti əvvəlki kimi minimal - 1 manat deyil, daha çox olsun ki, oradan əldə olunan gəlirlər klubun hər hansı probleminin həllinə yönələ bilsin. Rəhbərlik bununla bağlı fikirləşir, yəqin ki, ayın sonlarına doğru bununla bağlı qərar veriləcək. Mövsümlük biletlərlə bağlı isə hələ ki, rəsmi nəsə yoxdur. Gəncədə həmişə biletlər oyunqabağı satılıb, bir də abunəçilər olub. Bütün bunlar planda var. Amma rəsmiləşməmiş, indidən nəsə demək düzgün olmaz. FİF Gəncədə olanda bununla bağlı müzakirələr də apardıq. Elə rəhbərlik daxilində də belə fikirlər səsləndirilib. Yəqin ki, bu mövsüm də bilet satışı təşkil olunacaq. Ola bilər mövsümlük biletlər də satışa çıxarılsın”.

Səbuhi Həsənov