İdman 15:18 04.04.2023

“Kəpəz”in direktoru bərbad meydançadan, komandadakı vəziyyətdən danışdı (MÜSAHİBƏ)

Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində baş tutan "Kəpəz” - "Səbail” matçı daha çox Gəncə Şəhər Stadionunun meydançasının bərbad durumda olması ilə diqqət çəkdi. Oyundan sonra həm klub rəhbərliyi, həm meydançaya məsul olan şirkət diqqətsizlikdə günahlandırıldı. Hər halda "Kəpəz”in belə stadionda oynaması həm azarkeşlər, həm də futbol ictimaiyyəti tərəfindən qəbulolunmazdır. Bəs klub rəhbərliyi nə düşünür?

"Kəpəz”in icraçı direktoru İlqar Nadiri həm meydança məsələsi, həm də bir sıra çatışmazlıqlarla bağlı Qaynarinfo-ya müsahibə verib.

- "Kəpəz” - "Səbail” oyununda ən çox diqqətçəkən məqamlardan biri meydançanın bərbad vəziyyətdə olması idi… 

- Ümumiyyətlə, stadion nazirliyin balansındadır. Ot örtüyünün isə nazirliklə heç bir əlaqəsi yoxdur. Meydançaya baxan "Aqrosport” şirkətinin nümayəndələri mətbuata bu barədə geniş açıqlama verib. Onlar Azərbaycanda hansı meydançalara baxdıqları, şirkətin bacarıqları və digər stadionlarda vəziyyətin necə olması barədə danışıblar.

- "Aqrosport” şirkətindən meydançanın durumunun səbəbləri barədə sizə nə deyiblər?

- Onlarla daim əlaqədəyəm. Uzun illərdir, səhv etmirəmsə, ot örtüyü yenilənəndən bəri bizim stadiona qulluq edir. Bundan əlavə, iki təbii meydançamız var, hansı ki bu yaxınlarda istifadəyə vermişik. O meydançalara da həmin şirkət qulluq edir. Ot örtüyü ideal vəziyyətdədir. Ümumiyyətlə, "Kəpəz”in ev oyunlarını keçirdiyi meydança həmişə ideal durumda olub.

- Premyer Liqa klubunun belə bir meydançada oynaması nə dərəcədə düzgündür?

- Ot örtüyü yaxşı vəziyyətdə deyilsə, problemi aradan qaldırmaq lazımdır. Bu gün belədir, bir neçə turdan sonra meydançanın yenidən ideal vəziyyətdə olduğunu görə bilərsiniz. O demək deyil ki, həmişə belə qalacaq.

- Hazırda meydançada bununla bağlı işlər gedirmi? Növbəti ev oyununda "Kəpəz”in meydançasını daha yaxşı vəziyyətdə görə biləcəyik?

- Növbəti oyun üçün deyə bilmərəm. Amma yaxın zamanlarda meydança öz ideal formasını alacaq.

- Stadionun qəzalı hissələri ilə bağlı nazirliyə müraciət etmisiniz?

- Müraciətə ehtiyac yoxdur, stadion nazirliyin balansındadır. Dəfələrlə gəlib stadiona baxış keçiriblər. Balaca bir qurğu deyil. Hər dəfə onların yadına salmağa ehtiyac yoxdur. İki həftədən bir "Kəpəz” oyun keçirir. Canlı yayımda hər şey aydın görünür. Diqqət yetiririk, amma stadionu söküb yenidən tikmək, yaxud bərpa etmək gücümüz çatan məsələ deyil. Nazirliyin balansındadır, inanıram ki, yaxın vaxtlarda stadionun yenidən inşası üçün proqram hazırlanar və ya investisiya yatırılar.

- Mövsümün son dövrəsidir, "Kəpəz”in oyunları ilə bağlı fikirləriniz necədir?

- Komanda formalaşdırmağı düşünürdük. Məqsəd ilk mərhələdə mübarizə aparıb Premyer Liqada qalmaq idi. Hələ ki, plan üzrə çempionata davam edirik. "Kəpəz”in hazırkı mövqeyi gözlədiyimiz kimidir. Ola bilər ki, mövsümün sonunda bir pillə aşağıda və ya yuxarıda qalaq. Belə bir mövqeni əvvəlcədən proqnozlaşdırmışdıq. 

- Futbolçularla baş məşqçi arasında yaşananlardan sonra komanda toparlana bilib?

- Futbolda bu kimi hallar olur. Komanda toparlanmasa, nəticə verməz. Hazırkı nəticələr göz qabağındadır. Bu, onu göstərir ki, komanda birləşib və oyunlara köklənib. 

- Tərlan Əhmədov mövsüm bitəndən sonra baş məşqçi vəzifəsindən gedəcəyini demişdi. Onu klubda saxlamaq, fikrindən daşındırmaq və komandanı yeniləmək üçün danışıqlara başlamısınız?

- Komandanı yeniləmək fikrimiz yoxdur, qoruyub saxlamaq lazımdır. Hər il komanda yeniləmək düzgün startegiya deyil. Bu futbolçularla nəticə veririksə, qələbə qazanırıqsa, heyəti saxlamalıyıq. Yaxın günlərdə futbolçularla danışılacaq, yeni mövsümün planları qurulacaq. Baş məşqçi məsələsinin necə olacağını gələcəkdə görəcəyik.

- Başqa məşqçi axtarışlarına başlamısınız?

- Xeyr, belə söhbət yoxdur. Heç kimi axtarmırıq, məşqçilərlə maraqlanmırıq. Hazırda komandanı Tərlan Əhmədov çalışdırır. Futbolçulara və ona inanırıq.

- "Turan Tovuz”a sponsor tapıldı. "Kəpəz”lə bağlı məsələ nə yerdədir? "100k” kampaniyası və FİF-lə danışıqlar hələ nəticə vermir?

- "100k” məsələsi və sponsorla bağlı FİF-lə danışıqlar davam edir. "Turan Tovuz”la birgə başlamışdıq. Onlar üçün sponsor tapıldı. "Kəpəz”ə sponsor tapılması üçün də eyni şəkildə fəaliyyət göstərilir. Tapılacağı təqdirdə ictimaiyyətə məlumat veriləcək. Xeyirlisi, komanda Premyer Liqaya yeni çıxıb. Yavaş-yavaş bunların hamısı yoluna düşəcək. 

Səbuhi Həsənov