Xəbər lenti

İdman 17:56 19.10.2022

“Kəpəz”in sabiq məşhurları “100k” kampaniyasına niyə qoşulmur? - Tovuzlular fəal, gəncəlilər isə...

"Turan Tovuz”la "Kəpəz”in Premyer Liqaya gətirilməsi, təbii ki, futbolun inkişafını istəyən bütün azərbaycanlılar üçün sevindirici oldu. Həm də hər kəsdə artıq qədim futbol ənənələrinə malik bölgələrimizdə bu idman növünün dirçələcəyinə, yeni-yeni futbolçuların yetişəcəyinə dair böyük ümidlər yarandı...
 
Amma komandalar Premyer Liqaya gələndə məlum oldu ki, nə büdcələri təsdiqlənib, nə də normal sponsorları var. Hər iki bölgə təmsilçisi yalnız AFFA-nın onlara ayırdığı 500 min manatla çempionata start verdilər. Düzdür, müəyyən kənar dəstəklər sayəsində komandalar Premyer Liqada mübarizə aparmaq üçün heyət yığdılar, yaxşı-pis rəqabət aparmağa başladılar. Amma bunun nə qədər davam edəcəyi, klubların sona qədər mübarizədən qopub-qopmayacağı hələ də sual altındadır. Çünki faktiki olaraq hər iki bölgə təmsilçisi digər rəqiblərlə ciddi şəkildə mübarizə aparmaq üçün yetərli maliyyə dəstəyinə malik deyil. Sadəcə əzmkarlığın, futboldan anlayışı olan insanların hesabına, məsələn, "Turan Tovuz” bu gün "diş” göstərə bilir. Baş məşqçi dəyişikliyindən, daha təcrübəli Tərlan Əhmədovun gəlişindən sonra "Kəpəz”in də ən qısa zamanda güclü rəqiblərinə ciddi müqavimət göstərə biləcəyinə ümidlər çoxalıb. Əslində, bu komandaların durumunu analiz etmək, müəyyən proqnozlar vermək başqa və daha geniş mövzudur. Biz isə fikirlərinizi bir qədər real məqamlara yönəltmək istəyirik...

"Turan Tovuz”u dəstəkləyənlər daha çoxdur
 


"Turan Tovuz”la "Kəpəz”in Premyer Liqada mübarizə aparacağı müəyyənləşdikdən sonra AFFA-nın nəzdində Futbolun İnkişaf Fondu (FİF) yaradıldı. Bu fondun yaradılmasını xüsusən də sözügedən klublara, daha kasıb olan bölgə təmsilçilərinə maddi dəstək xarakteri daşıması ilə izah etdilər. Yəni FİF "Turan Tovuz”la "Kəpəz”ə, daha sonra digər bölgə klublarına sponsor tapmaq üçün müəyyən layhələr hazırlamalı, təkliflər irəli sürməli idi.
 
Zaman keçdikcə FİF-in tərkibi müəyyənləşdi və ianə toplamaq üçün iki layihə yaradıldı - "Turan100k” və "Kəpəz100k”. Hazırda davam edən layihələrin məqsədi isə hər iki komanda üçün ən azı 100 min manat toplanması, bu məbləğə də avtobusun alınmasıdır. Təbii ki, Gəncə və Tovuz klublarını sevənlərin, onların azarkeşlərinin edəcəyi ianələr sayəsində. Maddi dəstəyin tez bir zamanda toplanacağı və komandalara avtobuslar alınacağı düşünülsə də, gözlənildiyi kimi olmadı. Məsələ burasındadır ki, hələ də lazım olan məbləğ yığılmayıb və bu gedişlə komandaların avtobus həsrəti çox uzun çəkəcək.
 
Maraqlı məqam ondan ibarətdir ki, "Turan Tovuz”a nisbətən "Kəpəz”ə daha çox laqeyidlik, etinasızlıq var. Yəni ianə toplanmasında Tovuz futbolunu sevənlər, sabiq tovuzlu futbolçular, klubun keçmiş və indiki rəhbərliyində yer alan insanlar, hətta bir sıra tanınmış ictimai şəxslər də çox fəallıq göstərir. Məsələn, "Turan Tovuz” üçün ianə edənlərin siyahısında millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva (64 piksel), tanınmış aktyor Fəxrəddin Manafov (9 piksel), klubun keçmiş rəhbərlərindən Vidadi Əhmədov (16 piksel), Yaşar Sultanov (16 piksel), Tahir Süleymanov (9 piksel) da ianələrini əsirgəməyib. O cümlədən hazırda klubun Müşahidə Şurasının sədri Oqtay Abdullayev (25 piksel), komandanın baş məşqçisi Ayxan Abbasov (4 piksel) və kapitanı Şəhriyar Əliyev (1 piksel) də ianə edənlərin sırasına qoşulub. "Sumqayıt”ın formasını geyinən, əslən tovuzlu Vurğun Hüseynov da yetişdiyi kluba (1 piksel) yardım edib. Hətta birvaxtlar "Karvan” və "Xəzər Lənkəran”ın şərəfini qorumuş Yakuba Bamba da (1 piksel) öz yardımını əsirgəməyib. 

"Kəpəz”ə niyə etinasız yanaşılır?
 


"Kəpəz”ə isə "Turan Tovuz” qədər diqqətli yanaşılmır desək yanılmarıq. Ölkənin ən önəmli klublarından olmuş, Azərbaycan futboluna neçə-neçə futbolçular bəxş etmiş Gəncə təmsilçisinə demək olar elə ancaq sadə insanlar, azarkeşlər dəstəyini göstərir. Görünən odur ki, Gəncə futbolunun məşhur simalarından isə yalnız Yunis Hüseynov (9 piksel) sinəsini irəli verib.
 
Bəs "Kəpəz”in digər məşhurları, veteranları? Niyə onlar da sabiq komandalarına etinasız yanaşırlar? Hansı ki, klubun Premyer Liqaya gəlməsini daha çox istəyənlər məhz onlar idi. "Kəpəz100k” layihəsinə diqqət yetirəndə piksel alanların sırasında, məsələn, nə İsgəndər Cavadovun, Maşallah Əhmədovun, nə də digər sabiqlərin adına rast gəldik. Heç sinəsinə döyüb "mənəm-mənəm” deyən əksər gəncəli veteran futbolçuların adları da gözümüzə dəymədi. Əcəba ianə məsələsi ortaya çıxandan sonra niyə kölgəyə çəkiliblər? Maraqlıdır...

Yunis Hüseynov: "İlk növbədə klub özü addım atmalı idi”
 


"Kəpəz”in əfsanələrindən sayılan, klubun sabiq baş məşqçisi, "Kəpəz" üçün ianə edən ilk tanınmış veteran futbolçu olan Yunis Hüseynovun bu məsləyə münasibətini də öyrəndik. Eyni zamanda FİF-in üzvlərindən olan Hüseynov öz ianəsini edəndən sonra FİF-in mətbuat xidmətinə açıqlamasında estafeti Mahmud Qurbanova, Mehman Allahverdiyevə, Vidadi Rzayevə, Nadir Şükürova və başqalarına verdiyini bildirmişdi. Ancaq hələ də gözlənilən insanların ianə etmədiyini öyrənən Hüseynov Qaynarinfo-ya açıqlamasında bu məsələni təəccüblə qarşıladığını bildirdi: 

"Niyə belə olduğunu bilmirəm. Mən ianə etdikdən sonra estafeti digər tanınmışlara vermişdim. Vallah, siz mənə çox çətin sual verdiniz. Bilirsiniz necədir, bu, futbola yaranan sevgidən irəli gəlir. İstəyərəm ki, hər bir klubumuzun şəraiti yaxşı olsun. Bu yaxınlarda Futbolun İnkişaf Fondunun iclası oldu. Mən orada da öz fikrimi bildirmişəm. Layihəni avtobus almaq üçün yaratdıq. İstəyərdim ki, tezliklə baş versin. Çünki avtobus alana qədər vaxt uzana bilər. Ancaq həm "Kəpəz”, həm də "Turan Tovuz” üçün çox az miqdarda pul yığılıb. Avtobus almaq üçün heç olmasa 100 min manat məbləğ lazımdır. Ümumiyyətlə elə etmək lazımdır ki, avtobus tez bir zamanda alınsın. Bu, nöqteyi-nəzərdən mən də öz ianəmi etdim. Çünki "Kəpəz” mənim üçün doğmadır, futbola orada başlamışam. Hər birimizin borcudur ki, köməklik edək. Estafeti də adlarını çəkdiyim şəxslərə vermişdim. Onlar etməyibsə, bunun səbəbini bilmirəm. Özlərindən soruşaram.
 
Sizinlə razıyam, düşünürəm ki, "Kəpəz”i sevən, vaxtilə komandanın şərəfini qorumuş insanlar ən aşağı miqdarda, nəyə gimkanları çatırsa, öz ianələrini etməlidir. Həmişə oxuyurdum ki, veteranlar "Kəpəz”in Premyer Liqaya gəlməsini istəyirdi. Bilirsiniz ki, "Turan Tovuz” üçün ianə kampaniyasına "Kəpəz”dən daha öncə başlamışdılar və bir ay ərzində pul yığılmışdı. Açığı düşünürdüm ki, Gəncə klubu üçün ianə kampaniyası başladılan kimi lazım olan məbləğ bir aydan daha yez toplanacaq. Kampaniya "Kəpəz” üçün daha sürətli davam etdi və xeyli məbləğ topladılar. Sonradan dayandı. Hazırda az sayda insan "Kəpəz”ə ianə edir. Düşünürdüm ki, 2-3 ay ərzində klub üçün avtobus alınacaq. Çünki azarkeşlərin və dəstəkləyən veteranların sayı çox idi. Buna inanırdım, ancaq təəssüflər olsun ki, indi ianə kampaniyası çox yavaş şəkildə davam edir. İnanaq ki, sizin səsinizi eşidəndən sonra, veteranlar, azarkeşlər lazım olan məbləğin toplanmasına yardım edəcəklər. Komandanın üzvlərindən tutmuş, məşqçilər, hətta klub rəhbərlərinə kimi hər kəs yardım etməlidir. Çünki avtobusu özləri üçün alırlar. Açığı, siz deyəndən sonra təəccüb etdim ki, niyə hələ də onlar ianə kampaniyasına qoşulmayıblar. Halbuki ilk növbədə klub özü addım atmalı idi”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->