"Keşlə”nin Şamaxıya köçmək məsələsi hələ ki, ləngiyir. Yayılan söz-söhbətlərə görə, komanda bu köçü hələ ötən həftə gerçəkləşdirməli olsa da, bu, baş tutmayıb. Bəs ləngimənin səbəbi nədir? Stadion tam hazır deyil, yoxsa başqa problemlər var? Bu sualları klubun mətbuat katibi Səbuhi Məmmədova ünvanladıq.
Məmmədov Qaynarinfo-ya açıqlamasında proseslərlə bağlı bunları söylədi:
"Hələ gözləyirik, nə vaxt olacaqsa, məlumat verəcəyik. Qarşıdakı turlarda bununla bağlı açıqlama veriləcək. Amma hansı turda olacağı bilinmir. Kimlərinsə nəsə deməsi əsas deyil. Çempionatın təşkilatçısı PFL-dir. Düzdür, getməyinə gedəcəyik. Hərə bir söz deyir və ya yazır. Burada başqa nəsə axtarmağa ehtiyac yoxdur. Hər şey qaydasındadır. PFL-in rəsmisi Aslan Şahgəldiyevin dediyi kimi, sadəcə texniki məsələlər var. Köçəcəyik, amma ola bilər, bu ayın 18-i deyil, gələn ay, yaxud başqa bir vaxt gedəcəyik. Klubun adı, lisenziyası ilə bağlı hər şey qaydasındadır. Loqo da hazırdır. Ümumiyyətlə, ad dəyişiləndə müəyyən hüquqi prosedurlar olur. Belədə kim deyə bilər ki, klub adını dəyişməyəcək? Biz əvvəlcədən tələskənlik etmirik. Lazım olanda elan edəcəyik. Düzdür, stadionun işçisi müəyyən sözlər deyib. Amma bu, rəsmi mövqe deyil axı. Halbuki rəsmi qurumlar - nə PFL, nə də "Keşlə”nin mətbuat xidməti məsələ ilə bağlı konkret açıqlama verib. Hüquqi proses qaydasındadır. Növbəti turlarda prosedurlarda olduğu kimi, əvvəlcədən elan ediləcək və gedəcəyik”.
Maraqlıdır, "Keşlə” Şamaxıya köçəndən sonra komanda birdəfəlik orada qalacaq?
"Hələ ki, yalnız ev oyunlarını orada keçirəcəyik. Daha sonra uşaq akademiyalarını köçürəcəyik. AFFA-nın verdiyi bəyanatda da yazılmışdı ki, "ASK Arena”dan ilin sonuna qədər istifadə edə bilərik. Yaxın perspektivi olan plan belədir ki, hələlik yalnız ev oyunlarını keçirmək üçün Şamaxıya yollanacağıq. Şəraitə gəlincə, otellər, qalmaq üçün yerlər var. Komanda oyundan bir gün öncə gedib orada qalacaq. Stadion yaxşı səviyyədədir. Elə "ASK Arena” kimi bir yerdir. Sadəcə, "ASK Arena”dan fərqli olaraq bir tərəfində tribuna var. Amma qəşəng stadiondur, hər şəraiti, mətbuat nümayəndələrin çalışması üçün səliqəli yer də var. Hər şey qaydasındadır, maşın dayanacağı da mövcuddur. Gedib oynayıb, gələcəyik, amma nə vaxt daimi qalacağıq, onu bilmirəm. Komanda harada məşq edəcək, bilmirəm, amma oyunöncəsi Şamaxıya gedəcəyik”.
Səbuhi Həsənov