"Keşlə”nin Azərbaycan Premyer Liqasındakı durumu heç də ürəkaçan deyil. 20 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşan Bakı klubunun, demək olar, avrokubok şansları da qalmayıb. Üstəlik, ötən mövsüm kubokun qalibi olan komanda bu il analoji yarışda mübarizəni dayandırdı.
Komandanın kapitanı Şəhriyar Əliyev Qaynarinfo-ya müsahibəsində "Keşlə”nin durumu haqda danışıb. Komandanın bu mövsümkü fəaliyyətini dəyərləndirən müdafiəçi yığmaya dəvət almamasına, o cümlədən komandanın bərbad nəticələrinə də münasibət bildirib.
- Çempionatın bitməsinə çox vaxt qalmayıb. Komanda turnir cədvəlinin aşağı pillələrində yer alıb. Əhval-ruhiyyə necədir?
- Hər oyuna hazırlaşırıq. Düzdür, altıncı yerdəyik. Çox xallar itirmişik. Birinci dövrədə 3-4 oyun uduzduq, rəqiblər bizdən aralandı. Zədələrimiz çox oldu, yeni oyunçular gəldi, uyğunlaşma baxımından əziyyət çəkdik. Arada xal fərqi yaranandan sonra çox çətinlik oldu. Qələbə qazanmalı olduğumuz oyunları əldən verdik. Cəzalılarımız, qırmızı vərəqə alanlarımız oldu. Hər oyun meydana 3 xal üçün çıxırıq. Kubokdan əlimiz üzülüb. Avrokuboklara möcüzə sayəsində gedə bilərik. İnanırdıq ki, qələblər qazanacağıq.
- "Qəbələ" ilə baş tutan görüşdə qələbə üçün nə çatmadı?
- Baş məşqçi bizi hər oyuna qələbə üçün hazırlaşdırır. Birinci hissədə yaxşı oynadıq. İkinci hissə başlayan kimi qol buraxdıq. Bəzi səhvlər, qırmızı vərəqə alan futbolçumuz oldu. Bundan sonra çox çətinlik çəkdik. Çünki rəqib təzyiq edirdi. Meydança amili var. Digər tərəfdən, hava məsələsi… Qəbələdə bu qədər oyun keçirmişəm, belə əziyyət çəkməmişdim. Sanki boğulurduq. Təkcə mən yox, legionerlərimiz də eyni vəziyyətdə idi. Merab Qiqauri iki il "Qəbələ”də oynayıb. O da belə əziyyətlər çəkdiyini deyirdi. Namaşko deyir ki, durduğu yerdə nəfəs ala bilmirdi. 26 dərəcə isti vardı. Dağlıq zonadır, baxmayın, "Qəbələ”nin futbolçuları orada oynayıb, öyrəşib. İkinci hissədə çox əziyyət çəkdik. 1 xal qazandıq, düşünürəm ki, oyuna görə pis nəticə deyil.
- Baş məşqçi Sənan Qurbanov oyundan sonra mətbuat konfransında hakim idarəçiliyindən narazılıq etdi. Ümumiyyətlə, Premyer Liqada hakimlərin idarəçilyi haqqında nə düşünürsən? Çoxmu klubların haqqına girirlər?
- Hamı səhv edir. Bizim də futbolçu kimi o qədər səhvlərimiz olur ki. Gənc hakimlərdir. Bəlkə də səhvləri vardı. Məsələn, mən düşünürəm ki, buraxdığımız qoldan əvvəl autu biz başlamalı idik. Ancaq onlar başladı və qol vurdu. Elə bir vəziyyət idi ki, top rəqibdən meydanı tərk etmişdi. Tərlan da üzü topa tərəf dayanmışdı. Yandan vurdular, aut oldu. Top bizdə olmalı idi. Belə, cüzi səhvlər oldu. Hamı səhv edə-edə böyüyür. İnşallah, daha diqqətli olarlar. Yəqin ki, rəhbərləri Fritz Ştuxlik onların səhvlərini göstərir. Necə ki, iclaslarda bizə sərt oynadığımızı, çox danışdığımızı deyirlər. Onlar da dərslərini çıxararlar.
- "Keşlə" ötən il Azərbaycan kubokunu qazansa da, bu mövsüm kubokda mübarizəni ağır məğlubiyyətlə dayandırdı. Bu mövsüm nəyə ümid edirsiniz?
- Təlim-məşq toplanışını xaricdə deyil, Bakıda keçirdik. Üstəlik zədələr oldu. Elə mən də zədələnmişdim. Əvvəl xəstələndim, sonra belim tutulmuşdu. Üç gün qalmış məşqlərə başlamışdım. Digər tərəfdən komandanın əsas oyunçuları getdi. Azər Salahlı, Vüsal İsgəndərli, Sezar Meza Kolli, Anatole Abanq ayrıldı. Bunun əziyyətin çox çəkdik. Düzdür, kubokda şansımız vardı. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən ilk oyunda pis oynamamışdıq. İkinci oyunda isə çox pis başladıq, sonra əziyyətini çəkdik. Çempionatda bacardığımız qədər xal qazanmağa çalışacağıq.
- Ümumiyyətlə, komandanın aparıcı oyunçularından biri kimi "Keşlə"nin belə zəif təsir bağışlaması haqda nə düşünrsünüz?
- Avroliqada "Soçi” ilə oynadıq. Səfərdə, evdə pis təsir bağışlamadıq. Xeyli oyunçumuz getdi, yeni gələnlər oldu. Xal itirdikcə psixoloji təsir edirdi. Çalışırıq, bu vəziyyətdən çıxaq. 6-7 tur qalıb, maksimum xal yığmalıyıq. "Keşlə” hər il avrokuboklarda oynayan komanda olub. Əlimizdən gələni edəcəyik.
- Adətən avrokuboklardakı məğlubiyyətlərdən sonra komandalar mövsümə yaxşı başlaya bilmir. Sizdə də belə hal müşahidə olundu?
- Deməzdim sırf avrokuboklardakı məğlubiyyətlər təsir etdi. Bəzi futbolçularımız olmadı. Real danışaq, təlim-məşq toplanışı keçmədik. İstər-istəməz yoldaşlıq görüşlərində zəif cəhətlərini görürsən. Bunun səbəbi maliyyə problemləri idi. Əlbəttə, bütün bunlar təsir edir. Zədəlilərimiz çox oldu. Çempionatın sonuna yaxınlaşırıq, amma biz hələ də komanda şəklində, hamımız birlikdə məşq edə bilməmişik. Biri sağalır, digəri zədələnir. Natan Oduva bir oyundan sonra zədələndi. Santosun adi vəziyyətdə ayağı burxuldu. Yazıq elə məşq edir, adamın ürəyi ağrıyır ki, indi ayağı qırılacaq.
- Kapitan kimi necə düşünürsünüz, hansı legionerlər komandaya öyrəşə bilmədi?
- Sezar çox güclü futbolçu idi. Komandanın yükünü belində daşıyırdı. Əlbəttə, yeri görünür. Keçən il kubokda bizi finala məhz o çıxardı. Adamın üstündə Allah var, bunu danmaq olmaz. Sezar kimi futbolçu gəlmədi. Bəlkə də onun əziyyətini çox çəkdik. Amma vallah, legionerlərimiz məşqlərdə o futbolçunun yerini verə bilməsələr də, əllərindən gələni edirlər. Elə oyunlarda da əziyyət çəkirlər. Çalışırlar hər şey etsinlər. Santos, Merab yaxşıdır. Hansınınsa pis olduğunu deməzdim. Legionerdilər, deyə bilərlər ki, "vecimə deyil, bir il oynayıb gedəcəm, komandaya nə olar olar”. Lakin düşünmürəm ki, kollektivimizdə belə fikirləşən legionerlər mövcuddur. Dəstəklərini göstərirlər. Məsələn, Santos sıx əlaqə saxlayır, sms yazır, qələbə zamanı təbrik edir. Hansısa legionerin fərqli davrandığını deməzdim.
- Bəs komanda Sənan Qurbanovun taktikasını, sistemini tam mənimsəyə bilibmi?
- Keçən il iclaslarımız daha çox olurdu. Onun taktikasına öyrəşib-öyrəşmədikləri haqda baş məşqçi daha yaxşı cavab verə bilər. Oyuna çıxanda bizdən nə tələb edirsə, hamısını yerinə yetirməyə çalışırıq. Kubokda məğlub olmaq, ardıcıl xallar itirmək əlbəttə, təsirsiz ötüşmür. Bəzi oyunlar var ki, qələbə qazanmalı idik, amma xal itirdik. "Qəbələ” ilə oyunda meydana çıxanda rahat oynaya biləcəyimizi düşünürük. Qırmızı vərəqə, daha sonra qol buraxmaq bizi çətin duruma saldı. 4 gündən sonra "Neftçi” ilə oynayacağıq. Tərlan qırmızı vərəqə ilə cəzalandırıldı, onu kiminləsə əvəzləməliyik. Əziyyət çəkirik.
"İnanmıram ki, hansısa legionerimiz narazılıq edə"
- Klubun Şamaxıya köçməsinə münasibətiniz necədir? Özünüzü orada nə dərəcədə rahat hiss edəcəksiniz?
- Gəncədə 3 il futbol oynamışam. Regionlarda komandaların sayı nə qədər çox olsa, daha gözəl olar. Bölgə klubunda oynamaq çox yaxşıdır. Gəncədə bəzən oyuna 10-15 min azarkeş gəlirdi. Futbol adama ləzzət edirdi. Azarkeşlərin təzyiqi olur. Necə deyim, adam özünü futbolçu kimi hiss edir. Şamaxı məsələsinə gəlincə, biz peşəkar futbolçuyuq, klubla müqaviləmiz var. "Keşlə”də necə oynayırdıqsa, orada da həmin şeyi edəcəyik.
- Legionerlər buna nə dərəcədə razıdır?
- Açığı, legionerlərimizin narazılığını görməmişəm. Məşqlərimizi mövsümün sonuna qədər Bakıda keçəcəyik. Yəni oyunlara bir gün qalmış gedib Şamaxıda oynayıb qayıdacağıq. Gəncədə də elə olurdu. 4-5 gün əvvəl gedirdik, oynayırdıq sonra Bakıya qayıdırdıq. Legioner, yerli, hamımız nəticə qazanmaq üçün meydana çıxırıq.
- Legionerlərə Şamaxı ilə bağlı hansı məlumatları vermisiniz?
- Düzdür, bölgənin yaxınlığın-uzaqlığın soruşurlar. Namaşko və bəzi futbolçular bilir. Çünki Tərlan Əhmədovun baş məşqçi olduğu dönəmdə Şamaxıda təlim-məşq toplanışında olmuşduq. Bəzi legionerlərin məlumatları var. Bundan əlavə, məsələn, Qəbələdən qayıdanda Şamaxıdan keçirik. Baxırlar ki, məsafə çox da uzaq deyil. İnanmıram ki, hansısa legionerimiz narazılıq edə.
- Komanda Şamaxıya köçsə, nə itirəcək və ya nə qazanacaq?
- Bunu zaman göstərəcək. Məşqlərimizi burada keçirik, bizə deməyiblər ki, köçüb orada qalacağıq. Mayda çox futbolçunun müqaviləsi bitir. Hansı futbolçular qalacaq və ya gedəcək, məlum deyil. İnanıram ki, orada meydana çıxanda azarkeşlərimizin sayı, dəstəyimiz daha çox olacaq. Biz də onları sevindirməyə çalışarıq.
"De Byazi yeni gələndə, bizdən soruşurdu ki…"
- Karyeran ərzində cəmi bir neçə dəfə milliyə dəvət almısan. Bu mənada davamiyyət göstərə bilməməyini nə ilə əlaqələndirisən?
- Berti Foqtsun, Nikola Yurçeviçin vaxtında da milliyə dəvət almışam. Bəzən olub ki, bir ilə yaxın zədəli qalmışam. Sağalandan sonra formaya düşməyə çalışmışam deyə uzun müddət oynamamışam. Çalışırıq ki, formada olaq, milliyə dəvət alaq. Qarşıdakı turları yaxşı keçirmək istəyirəm ki, yenidən yığmaya dəvət alım.
- Yığmada müdafiəçi problemi olduğu halda sənin də dəvət almaq haqqın olduğunu düşünürsənmi?
- Millidə oynayanda formanın haqqını verməyə çalışırıq. Əlbəttə, hər futbolçu yığmada oynamaq istəyir. O formanı geyinmək şərəfdir. Bütün azərbaycanlı oyunçular kimi mən də orada oynamaq istəyirəm. Çempionatda özümü ən yaxşı tərəfdən göstərirəm ki, yığmaya dəvət alım.
- Maraqlıdır, hər dəfə heyət açıqlananda və adınızı orada görməyəndə hansı hisslər keçirirsiniz?
- Sentyabrda zədələndim, 4 oyun meydana çıxmadım. Milliyə dəvət də gözləmirdim, çünki oynaya bimirdim. Buna baxmayaraq, məni dəvət etdilər. Bu dəfə isə oynadığım üçün çağırılacağımı gözləyirdim. Amma çağırmadılar. Yenə də qarşıma məqsəd qoymyşam, heç vaxt həvəsdən düşməmişəm. Çağırmırlarsa, bu mənim üçün son deyil. Qarşıda o qədər oyunlar var ki. Dəvət almağa çalışacağam. Həvəsdən düşmürəm, əksinə qıcıqlanıram ki, yığmaya qayıdım.
- Millətlər Liqası ərəfəsində son açıqlanan heyətə "Keşlə"dən heç bir futbolçu dəvət almamışdı. Komandanızda hazırda milli səviyyəsində oynaya biləcək futbolçu yoxdur?
- Keçən il, Rəhman Hacıyevi, məni, Azər Salahlını, Vüsal İsgəndərlini çağırmışdılar. Toplanışın ilk günündə 30-35 futbolçu iştirak edirdi. Baş məşqçi gəncləri yığdığını, buna baxmayaraq, millinin qapısının futbolçuların üzünə açıq olduğunu deyirdi. Bəzən zədəli, ya da formadan uzaq olursan. Baş məşqçi daha yaxşı görür. Gəlir məşqləri izləyir. Özüm də bəzən məşq etdiyim yerdə millinin baş məşqçisinin izlədiyini dəfələrlə görmüşəm. Əvvəllər yazırdı, qeydlər aparırdı. Misal üçün De Byazi yeni gələndə, bizdən soruşurdu ki, milli haqqında nə düşünürük, bizimçün nə deməkdir və s. Baxırdı ki, futbolçular şablon sözlər deyir, ya yox. Onun da neçə illik məşqçi karyerası var. Hər halda baş məşqçinin qərarıdır. Bəlkə də, Nazarovun, Eddinin oyunun görməyib. Yaydakı təlim-məşq toplanışına hələ vaxt var. Ümidim üzülməyib. Keçən il kuboku qazansaq da, "Keşlə” ölkə çempionatında yaxşı yerlərdə deyildi. Buna baxmayaraq, dəvət alırdıq. Hər dəfə dəvət gözləyəcəyəm və bunun üçün əlimdən gələn hər şeyi edəcəm.
- Son iki yoldaşlıq matçında reytinqdə bizdən aşağıda olan Latviya və Maltaya uduzan millimizin durumu haqda nə düşünürsən?
- Futbolçularla əlaqə saxlayırıq. Bəzən saat fərqi, hava amili də oyunlara təsir edir. Latviya ilə matç günorta idi. Bəlkə də yeni futbolçuların gəlməsi, heyətdəki dəyişikliklər sözünü deyib. İnşallah bu oyunlardan dərs çıxarıb Millətlər Liqasında yaxşı nəticələr qazanarıq.
- Baş məşqçinin dəyişməsi çıxış yolu ola bilər, yoxsa potensialımız bundan artığına imkan vermir?
- Buna AFFA rəhbərliyi qərar verir. Biz futbolçu kimi millinin şərəfini qorumağa çalışırıq. Çünki yığma hər şeydən öndə gəlir. Keçən il məşqlərdə daha çılğın olduğunu gördüm. Son iki toplanışa getmirəm.
- Futbolçu kimi De Byazinin komandadan nə istədiyini başa düşürsünüz? Məşqçi öz sistemini komandaya yeridə bilirmi?
- Ancaq hücum futbolunu, irəlidə oynamağı düşünür. Bəzən alınır, bəzən yox. Bəzən rəqiblər də güclü olur. Buna baxmayaraq, komandanı irəlidə oynatmağa çalışır. Niyə alınmır bilmirəm. Malta və Latviya ilə oyunlarda fərqli taktikadan istifadə etmişdi. İkinci oyunda əvvəlki taktika ilə oynayırdı. Uduzmamalı idik. Malta daha yaxşı oynamışdı. İnşallah, qarşıdakı oyunlarda yaxşı alınar. İstədiyimiz odur ki, millimiz qələbə qazansın.
Səbuhi Həsənov