Ekonomiks 12:21 15.03.2024

Komitə sədri: "Sərhədlərin açılması əhalinin gəlirlərini bərpa edə bilər"

Təkcə büdcə vəsaitlərilə Qarabağı tikmək qeyri-mümkündür. 2023-cü ilin 1 yanvarından 10 il müddətinə texnika və qurğular, xammal və materialların idxalı ƏDV-dən azad olunub. Bu müsbət addımdır. Eyni zamanda, emal sənayesi və xidmət infrastrukturunu yaratmaq, onu iqtisadi sistemə qoşmaq üçün azad torpaqlarda "sıfır vergi" siyasətini tətbiq etsək, daxili-xarici investisiyanın yolunu açarıq".

Qaynarinfo  xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc deyib.

Deoutat qeyd edib ki, hökumət xüsusi qaydalar hazırlaya, azad torpaqlara qayıtmaq istəyən, köçkün olmayan vətəndaşlara çağırış edə, şəffaf şərtlərlə bir kənddə 100 evi tikmək istəyən şirkətin planlarına icazə qarışılığında onların xərclərini qarşılaya bilər və dövlətin yükü paylaşılar:
 
"Ötən il iqtisadi artımın 1%-dən kiçik olması adambaşına düşən gəlirlərin də azaldığını göstərir. Qeyri-neft sektorunun 3,2%-lik artımı, neft sektorunun 1,6%-lik azalması ilə iqtisadi artım 0,8% təşkil edib. Bunun başlıca səbəbinin sərhədlərin bağlı olması, əhalinin sərbəst hərəkət və ticarətindəki məhdudluqdur. Dövlətin qərarı başadüşüləndir, lakin Rusiya ilə ticarət dövriyyəsinin tarixdə ilk dəfə rekord həddə - 7.3 milyard manata çatmasını nəzərə alaraq, qonşu ölkə ilə sərhədlərin açılması əhalinin iqtisadi aktilviyi və gəlirlərini bərpa edə bilər".

Deputat vurğulayıb ki, Ermənistanla kommunikasiyalar ötən il də açılmadı:
 
"Azərbaycan Şərqi Zəngəzur yollarının tikintisini başa çatdırır. Biz Ermənistana müraciət etməliyk ki, Qərbi Zəngəzurda  quru və dəmir yollarını da ölkəmiz çəkməyə hazırdır, o şərtlə ki, bütün məsrəfləri geri almaq üçün rüsum və ödənişlər müəyyən müddətə bizim büdcəyə ödəniləcək. Diplomatik münasibətləri olmayan iki ölkə arasında bu ilk körpü olar".

Qafqaz Rafiqoğlu