Milli Məclisin bügünkü iclasında səhiyyə nazirinin müavini Rasim İsmayılov keyfiyyətsiz dərmanların ölkəyə necə gətirildiyinə aydınlıq gətirib.
Qaynarinfo xəbər verir ki, nazir müavini çıxışında digər faktorlarla yanaşı, bir nüansa da toxunub:
"Şəxsi istifadə üçün gətirilən dərmanlar da hamısı şəxsi məqsəd üçün gətirilmir. Bəzi hallarda bu, şəxsi maraq üçün gətirilir və satışı təşkil edilir. Bu, çox ciddi məsələdir. Bununla bağlı həm Gömrük Komitəsi, həm də AQTA ilə birlikdə işlər görülməlidir".
Parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov nazir müavinin bu fikri ilə razılaşmayıb. Komitə sədri bildirib ki, şəxsi istifadə üçün gətirilən dərmanların apteklərdə satılması faktı olsa belə, bu çox cüzi saydadır:
"Bu da ölkədə satılan dərmanların keyfiyyət və qiymətinə təsr edən amil deyil. Əgər, keyfiyyətsiz, qeydiyyatsız dərman gəlirsə, bunun hansı yolla gətirilməsini araşdırmaq lazımdır. Əgər vətəndaş xaricə gedib, 3-5 qutu dərman gətirirsə, bu satış üçün yox, şəxsi istifadə üçündür".
Qafqaz Rafiqoğlu