Xəbər lenti

Konfrans Liqası: “Qarabağ” mübarizəni dayandırdı
İdman 02:40 24.02.2023

Konfrans Liqası: “Qarabağ” mübarizəni dayandırdı

"Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsində cavab oyununa çıxıb.

Ağdam təmsilçisi Belçikada "Gent" klubunun qonağı olub. "Gelamko Arena"da keçirilən qarşılaşmanın əsas vaxtı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Matça sürətli başlayan "köhlən atlar” 2-ci dəqiqədə qola yaxın olublar. Amma Bəhlul Mustafazadənin başla vurduğu top qapı tirinə tuş gəlib. 14-cü dəqiqədə meydan sahiblərindən Jülyen De Sartın qüvvətli zərbəsini düzgün mövqe seçən Luka Quqeşaşvili tutub. 32-ci dəqiqədə Uqo Kuypersin təhlükəli zərbəsinin qarşısını Mustafazadə alıb. 43-cü dəqiqədə Abdullah Zubir bir rəqibini keçib qapıçı ilə üzbəüz qalsa da, topa çata bilməyib. İlk hissədə qapılara qol vurulmayıb.

Fasilədən sonra ilk təhlükəli epizodu "Qarabağ” yaradıb. 47-ci dəqiqədə sürətli əks hücum zamanı Musa Qurbanlının ötürməsi Şeydayevə çatmayıb. 10 dəqiqə sonra Sven Kumsun zərbəsini Quqeşaşvili gözəl seyvlə dəf edib. Ardınca Şeydayev Qurbanlını qapıçı ilə təkbətək qoysa da, gənc hücumçu topu istədiyi kimi ram edə bilməyib. 75-ci dəqiqədə isə hesab açılıb. Standart vəziyyət zamanı Villi Orban qapını dəqiq nişan alıb. 90+6-cı dəqiqədə Kuypersin zərbəsi təhlükəli alınsa da, top qapıdan azacıq aralı keçib.

Bakıdakı ilk görüşdə ağdamlılar eyni hesabla qalib gəldiyindən əlavə vaxt oynanılıb. 92-ci dəqiqədə Yassin Benzianın sol cinahdan ötürməsi təhlükəli olsa da, topa toxunan tapılmayıb. Tərəflərin səylərinə baxmayaraq, oyunda hesab dəyişməyib və qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasından istifadə edilib. Burada daha dəqiq (5:3) oynayan "Gent" adını 1/8 finala yazdırıb.

Qeyd edək ki, bu raundun püşkü bu gün atılacaq.

Konfrans Liqası
Pley-off (Cavab oyunu)
23 fevral

Gent (Belçika) - Qarabağ (Azərbaycan) 1:0 (Penalti - 5:3)
Gent: 33.Deyvi Rof, 5.Mişel Nqadye-Nqacui, 7.Xönseok Xon, 11.Uqo Kuypers, 13.Jülyen De Sart, 14. Alessio Kastro-Montes, 23.Cordan Torunariqa, 24.Sven Kums, 25.Nurio Fortuna, 29.Loran Depuatr, 31.Bruno Qodo
Ehtiyat oyunçular: 1.Pol Nardi, 2.Cozef Okumu, 10.Yens Petter Hauge, 12.Noa de Ridder, 15.Bram Laqae, 19.Malik Fofana, 20. Villi Orban, 22.Süleyman Marre, 27.Rune van den Berq, 28.Robbi van Hater, 35.Sederik van Dale, 39.Matias Fernandes
Baş məşqçi: Heyn Vanhazebruk
Qarabağ: 23. Luka Quqeşaşvili. 6. Julio Romao, 9. Musa Qurbanlı, 10. Abdullah Zubir, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 20. Riçard Almeyda, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev
Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 94. Ayhan Arazlı, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 7. Yassin Benzia, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 20. Toral Bayramov, 87. Adama Diakabi, 90. Nəriman Axundzadə, 99. Redon Cica
Baş məşqçi: Qurban Qurbanov
Hakimlər: Uilyam Kollam, Frensis Konnor, David Rum, Nikolas Uolş (hamısı Şotlandiya)
VAR hakimləri: Devid Kut, Li Betts (hər ikisi İngiltərə)
İlk oyun - 0:1.
Gent, "Gelamko Arena"

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->