

Hüseynbala Səlimov
NAPOLEONUN MƏNƏVİ QƏLƏBƏSİ...
Bu yaxınlarda Rusiya telekanallarından biri amerikalı jurnalistin Romanovlar sülaləsi haqqındakı sənədli filmini göstərirdilər. Məni bir detal çox cəlb etdi. Jurnalist Rusiya ilə birlikdə Avropa monarxiyalarının Napoleonu məğlub etməsindən, çar Aleksandrın və rus qoşunlarının Parisə daxil olmasından danışırdı...
Çar Aleksandr fransızların konstitusiyasına toxunmur və onların konstitusiyasını qüvvədə saxlayır. Bu detal Fransaya daxil olmuş rus zabitlərini çox düşündürür. Onlar fikirlərşirlər ki, çar məğlub fransızlara belə özünün təəbələrindən daha yaxşı münasibət bəsləyir. Təbii ki, zabitlərin qənaəti bu, olur ki, Rusiyanın niyə konstitusiyası olmamalıdır?
Beləcə, monarxlar hərbi, Napoleon isə mənəvi qələbə çalır. Zabitlər, əsgərlər və ümumiyyətlə, insanlar arasında məğub Napoleonun kultu bir az da artır, onlar Fransa imperatorunun apardığı islahatlardan çox təsirlənirlər...
Rusiya üçün isə bu təsiri çox gözləmək lazım gəlmir. 1825-ci ildə Napoleona qarşı müharibədə iştirak etmiş hərbçilər üsyan qaldırırlar və bu üsyan bildiyimiz kimi, tarixə dekabristlər üsyanı kimi daxil olur...
Düzdür, dekabristlər üsyanı yatırılır, zabitlərin bir hissəsi edam edilir, digər hissəsi isə Sibirə sürgünə yollanmalı olur. Üstəlik, çar Rusiyasında insanların konstitusiya arzusu da axıra qədər çin olmamış qalır...
Halbuki, bəlkə Rusiyanın da konstitusiyası olsaydı və monarxın hakimiyyəti digər ölkələrdə olduğu kimi konstitusiya ilə məhdudlaşsaydı bir çox məsələlər başqa cür olardı, ola bilsin ki, böyük siyasi kataklizmlər də baş verməzdi...
GUYA MONARXİYA DEYİLDİ Kİ?..
Bütün bunlarla sizləri niyə yoruram? Ötən həftə ölkədə Konstitusiya günü oldu. Şənbə gününə təsadüf edən bu olay demək olar ki, heç bir şəkildə diqqətə gəlmədi – hətta televiziyalar da bu haqda nəsə demək üçün özlərinə elə də əziyyət vermədilər...
Səbəbi də bəllidir. Azərbaycan insanlarında adi və hətta ali qanunlara qarşı ironik bir münasibət var və onlara konstitusiyanın necə bir önəmli hadisə olmasını deyəndə sadəcə, üz-gözlərini turşudurlar...
Çünki böyük F.Bekon demişkən: “Həqiqətin meyarı təcrübə - praktikadır!”... İnsanlar isə bu illər ərzində öz həyatlarında tamam başqa şeylər görüblər...
Bəli, bir daha deyirəm ki, görünür, bu səbəbin də özünün səbəbləri vardır. Mən həmişə düşünürəm ki, niyə axı biz bir vaxtlar, özü də yaxın keçmişimizdə əldə etdiyimiz hüquq və azadlıqları hifz edə, qoruya bilmədik? İlk ağla gələn bu olur ki, bütün vacib məsələrin ierarxiyasında bizim üçün azadlıq bəlkə də ən axırıncı yerdə idi...
Bütün dünayda insanlar adətən “Rifah, təhlükəsizlik və azadlıq!” deyirlər. Bizsə azadlığa hətta üçüncü yerdə qərar tutmağı da çox gördük və onu bu yerə də layiq bilmədik...
Həm də görünür, azadlıq üçün çarpışmamışdıq, onun üçün vuruşmamışdıq, bir çox məsələlər asan əldə olunmuşdu. Ona görə də bütün bunların qədrini bilmədik...
Elə bu səbəbdən də bu gün insanlarımızın konstitusiyaya, eləcə də onunla bağlı atributlara bir qədər sayğısız yanaşması heç də təəccüblü görünməməlidir.
21 ildə üç dəfə, orta hesabla hər yeddi ildə bir dəyişən konstitusiyaya başqa necə münasibət olmalıdır ki?..
Bir neçə il bundan əvvəl, konstitusiyaya ikinci düzəlişlər ərəfəsində bir YAP-çı deputatın “Lazım gələrsə, konstitusiyanı da dəyişərik!” deməsi hələ də yaddımdan çıxmayıb. Bəli, dedilər və dəyişdilər. Konstitusiya ilə elə davrandılar ki, sanki bu, onların partiyalarının nizamnaməsidir...
İndi baxıram, hamı ABŞ-dakı seçkiləri və Donald Trampı müzakirə edir. Bir tərəfdən yaxşı haldır, insanlar dünyadakı problemlərlə maraqlanırlar. Amma digər tərəfdən yadıma düşür ki, cəmi iki ay bundan əvvəl Azərbaycanda konstitusiyaya bir daha düzəliş edildi. O vaxt bu proseslə demək olar, maraqlanan olmadı və toplum özünü elə göstərdi ki, sanki bütün bunların ona heç dəxli də yox imiş...
Yox, mən insanları qınamıram. Əslində bir çox məsələlərin əsası hələ 1995-ci ildə qoyulmuşdu və insanlar da başa düşmüşdülər ki, hətta ali qanun adlansa da, bu sənədin onların həyatında elə bir rolu olmayacaq.
İndi yadıma sentyabrda bir nəfərlə etdiyim ayaqüstü söhbət düşür. Bəli, ona dedim ki, ölkəni lap monarxiyaya çevirirlər...
Həmsöhbətim bir azacıq fikrə daldı və məyus-məyus qayıtdı ki: “Guya bu vaxta qədər nə idi? Monarxiya deyildi ki?”...
Mən onda heç nə demədim, əslində deməyə sözüm də yox idi. Bir daha deyirəm ki, insanlar özləri üçün ilkin nəticəni hələ 1995-ci ildə çıxarmışdı və bizim onlardan fərqli olaraq bir azca “nikbin” qalmağımızın, daha doğrusu, siyasət meydanında azacıq ləngiməyimizin səbəbi o idi ki, bizlər bu illər ərzində addım-addım geri çəkilən əsgərlərə bənzəyirdik...
HƏTTA LAL SÜKUT DA DƏSTƏK KİMİ YOZULUR...
Bəs bütün bunların yekunu nə olacaq? Dogrudanmı, qanun da, konstitusiya da bu ölkədə maket kimi qalacaq və biz öz “qanun”larımızla yaşamaqda davam edəcəyik?..
Bu yaxınlarda aktual ictimai – siyasi ideyalar, ölkədəki “ideoloji vakansiya” haqqında yazılarda demişdim ki, burada ədalətli qanunun və normal, sözdə yox, əməldə ali olan bir Konstitusiyanın təntənəsi problemi var. Görünür, ölkədəki “ideoloji vakansiya”ların cərgəsinə bu məsələni də əlavə etmək lazım gələcək...
Çoxdan baxdığım məşhur bir Amerika filmi var. Adını unutmuşam... Amma məzmunu hələ də yadımdadır - bir ştatdakı qanlı olaylarla və zorakılıqlarla bağlı filmdir...
Axırda filmin qəhrəmanı, qalib gələn insan deyir ki, bundan sonra bu ştatda qanun olacaq...
Görünür, Azərbaycanda da nə vaxtsa, bu sözləri demək lazım gələcək. Ən ağırılı məqam odur ki, bu illər ərzində nəinki hüquq mədəniyyəti və hüquq təfəkkürü formalaşmadı, hətta bir az da aşındı...
Üstəlik, proses hələ də davam edir. Hələ də aşınma gedir. Təsəvvür edin, hansısa məsələyə nəzarət etmək üçün qurum yaradılır, sonra da bu qurumun özünə nəzarət etmək üçün başqa bir qurum yaradılır... Hər şey də onun nəticədir ki, konstitusion nəzarət mexanizmləri – müstəqil parlament və eləcə də müstəqil məhkəmələr yoxdur...
Hələ bu azmış kimi, sentyabrda nə etdilər? Ali icra hakimiyyətinə parlamenti buraxmaq səlahiyyəti də verdilər. Bizim parlamentimiz necə seçilir və necə formalaşır, necə fəaliyyət göstərir,- bunlar hamıya çox yaxşıca bəllidir...
Düşünürsən ki, doğrudanmı, hətta belə parlament də icra hakimiyyəti üçün hansısa təhlükə törədə bilərmi?..
Bəli, sentyabrda dedilər ki, zaman dəyişir, biz də hüquq və azadlıqların genişlənməsinə çalışırıq. Genişləndi “hüquq”lar... Amma kimin hüququ? İdarə edənlərin, yoxsa idarə olunanların? Düşünürük ki, cavabı hamıya məlumdur...
Elə bu səbəbdən də bir daha deyirik ki, nə Konstitusiya gününün sönük keçməsinə, nə də insanların bütün bu proseslərə etinasız yanaşmasına təəccüblənmək lazım deyil – təəssüf ki, Konstitusiya da bu ölkədə yalnız hakimiyyətin arzu və istəklərini “qanuni şəkil” vermək üçün lazımdır...
“Qanuni şəkil” məsələsi də əslində heç də cəmiyyət üçün deyil. Beynəlxalq institutlara və dövlətlərə nümayiş etdirmək üçün lazımdır ki, baxın, biz qanunsuz heç nə etmirik, insanlar özləri avtoritarizmə və yaxud da sərt siyasi sistemə “səs” verirlər...
Aydın məsələdir ki, bu ölkədə nə müxalifətin, nə də cəmiyyətin hakimiyyətə təsir etmək üçün hər hansı imkanı və mexanizmi yoxdur. İnsanlar bütün bu proseslərə “etiraz”ını sadəcə, etinasızlıqla, sükutla nümayiş etdirirlər...
Amma hətta onların sükutu da siyasi manipulyasiya predmeti olur. Heç vaxt yadımdan çıxmaz, hakim partiyanın təmsilçiləri bu yaxında dedilər ki, sentyabrda cəmiyyət dəstəyini bizə göstərdi. Güman edirəm, burada hər hansı şərh artıqdır, çünki şərh nədir, adam hətta deməyə də söz tapmır...
Qaynarifno.Az