Martın 26-da polis əməkdaşları tərəfindən respublika ərazisində 4 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, Qaradağ rayon sakinləri, R.Qurbanovun və F.Feyzullayevin, Sabunçu rayon sakini R.Rəhimovun və Masallı rayon sakini M.Bədəlbəylinin ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, onların yaşayış yerlərini tərk etdikləri müəyyən olunub.
Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə də COVID-19 infeksiyasına yoluxmuş rayon sakininin yaşayış yerini tərk etdiyi müəyyən edilib.
Masallı şəhər sakini M.Bədəlbəyliyə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin edilib və ona tətbiq olunan qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb.
Masallı RPŞ-nin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin karantin rejimi qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdiyi müəyyən edilib və o, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.
Onun törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Masallı RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.