Xəbər lenti

Kral öldü! Yaşasın yeni kral?..
Hüseynbala Səlimov
Ölkə07:50 30.12.2021

Kral öldü! Yaşasın yeni kral?..

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hüseynbala Səlimov
İctimai həyatda da təbiətdə olduğu kimi saxlanma qanunlarının gözlənildiyini deyə bilmərik. Amma ictimai münasibətlər də, təsisatlar da tam itmir, başqa bir formada və ya məzmunda təzahür edir. 
30 il bundan əvvəl də belə olmuşdu: bəli, SSRİ buraxıldı, amma iki yüz illik münasibətlər, xüsusən də yetmiş illik əlaqələr tamamilə itmədi, onun yerində yeni qurum – MDB yarandı.   
Bu hadisə otuz il bundan əvvəl dekabrda olmuşdu və elə SSRİ-nin süqutinun 30 ili də, MDB–nin yaranmasının 30 illiyi də ötən ilə təsadüf etmişdi. Amma maraqlısı budur ki, SSRİ-nin süqutunun otuz ili bağlı ağlaşma olmadı, mərsiyələr səslənmədi, xüsusi tədbirlər keçirilmədi. 
Bizə məlum olan yalnız məşhur Levada mərkəzinin sorğuları oldu. Sorğulara görə, Rusiyada rəyi soruşulanların düz altmış üç faizi SSRİ-nin süqutundan təəssüfləndiyini bildirir. 
Belə sorğular əvvəllər də olmuşdu. Amma maraqlısı onların izahıdır. Belə güman olunur ki, insanlar SSRİ-yə görə onun üçün nostalji keçirirlər ki, onların həyatının ən gözəl hissəsi – bəli, gənclikləri bu rejimdə keçib. Amma buna inanmaq elə də asan məsələ deyil, çünki sual yaranır: doğrudanmı Rusiya əhalisinin altmış üç faizinin gənclyi sovet dövrünə təsadüf edir?  
Həm də məlum deyil ki, SSRİ-də insanları nə cəlb edir? Doğrudanmı yalnız SSRİ-nin fövqəldövlət olması? Bəs repressiyalar, bəs təqiblər, bəs qapalılıq, bəs aclıq və səfalət? Bunların hamısı unudulubmu? İnsanların xüsusiyyəti elədir ki, pisliklər gec-tez yaddan çıxır, yalnız yaxşılıqlar və xoş xatırələr yadda qalır...
Gələk MDB-nin üzərinə. Bu xüsusda da xüsusi yubiley tədbirləri, atəşfəşanlıqlar olmadı. Amma dekabrın 28-də baş tutan MDB-nin qeyri–formal sammitini bu qəbildən hesab etmək olar. 
Bu toplantıda xüsusi bir hadisə baş vermədi: prezident V.Putin qısa çıxış etdi, dövlət başçıları nahar etdilər. 
Bir də xüsusilə o yadda qaldı ki, deyilənə görə, Belarus prezidenti Aleksandr Lukaşenko bu dəfə də tədbirə əliboş gəlməmişdi, ölkəsinin yeni "konstitusiya” layihəsini gətirmişdi ki, Kremldə onu oxuyub yaxşıca redaktə etsinlər!.. 
Beləcə SSRİ-nin süqutundan da, MDB-nin yaranmasından daha bir yuvarlaq tarix keçdi. Amma siyasətçilər ötənləri qeyd etməyə yox, yeniləri yaratmağa meyillidirlər. İndi Rusiyanın hədəfində Avrasiya Birliyidir. Bir neçə ildi ki, ruslar bu ölü doğulmuş təsisata nəfəs verməyə cəhd edirlər, amma alınmır ki, alınmır. Bir ara deyirdilər ki, guya İran və Türkiyədə də qurumda müşahidəçi statusu ilə təmsil olunmağa qərarlıdır. Əlbəttə ki, bu, şişirtmədən savayı bir şey deyildi, ona görə ki, İran və Türkiyə siyasətçiləri hələ ağıllarını tamam itirməyiblər.
O ki qaldı Azərbaycanın bütün bu proseslərə münasibətinə, etiraf edrik ki, ötən il bizim üçün xüsusi mənada əlamətdar olmadı – gözləyirdik ki, Avropa İttifaqının "Şərq tərəfdaşlığı” sammitində Bakı bu qurumla nəhayət ki, saziş imzalayacaq. Amma olmadı, saziş imzalanmadı və bizə elə gəlir ki, o, bir daha heç vaxt imzalanmayacaq, çünki bu il ən əlverişli məqam idi və biz bu dəfə ondan istifadə etmədiksə, deməli, daha heç bir vaxt istifadə etməyəcəyik.
Ona görə də gələcəkdə bizi ya Avrasiya Birliyinin üzvü olmaq gözləyir, ya MDB-nin nümunəvi üzvü kimi qalmaq. 
Burada məşhur zərb-məsəli necə bir daha xatırlamayasan: Kral öldü! Yaşasın kral! Həqiqətən də belə görünür ki, heç nə itmir, heç nə tamam yaddan çıxmır. İki yüz il rus imperiyasının hissəsi olduq. Daha sonra qısa müddətdə belə təsəvvür yarandı ki, daha ruslarla qurtardıq. Amma çar Rusiyasından sonra bolşeviklər gəldi. İndi də MDB dövranıdır. Ola bilsin ki, bu da bir keçid dövrüdür və "böyük qardaş”la bundan da isti münasibətlər hələ sonra qurulacaq...