Xəbər lenti

Kremlin “Bir addım irəli, bir addım geri” ssenarisi...
Hüseynbala Səlimov
Siyasət06:41 02.11.2020

Kremlin “Bir addım irəli, bir addım geri” ssenarisi...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hüseynbala Səlimov

Belə deyirlər ki, keçmiş SSRİ-nin baş katibləri "xalqla birbaşa kontaktları sevirmişlər” – onlar tez–tez "xalq arasına” çıxır və birbaşa yerlərdə ölkənin və onun xalqının qarşısında duran məsələləri "müzakirə” edirlərmiş.

Etiraf edim ki, mən yalnız L.Brejnevin, Y.Andropovun, K.Çernenkonun və M.Qorbaçovun idarəçilik illərini xatırlayıram. Brejnev dövründən elə də çox şey yadımda qalmayıb. O vaxtlar o, artıq qoca və xəstə adam idi, güclə danışır və hərəkət edirdi, amma nə qədər qəribə olsa da, bu çağında onun "böyük ədəbi talantı” üzə çıxmışdı və bu adam xatirələrini yazmağa başlamışdı. Biçarə sovet adamları da həmin bu xatirə-trilogiyanı nəinki oxuyur, hətta əzbərləyirdilər.

Eyni sözləri Andropov və yaxud da Çernenko haqqında demək mümkündür. Onlar da hakimiyyət Olimpinə çatanda tamam qoca adamlar idi və aydın ki, Sovet İttifaqını yaxın vaxtlarda daha bir neçə böyük dəfn mərasimi gözləyir. Hələ o vaxt deyirdilər ki, Brejnevin dəfnində iştirak edən ABŞ nümayəndə heyətinin başçısı deyibmiş ki, tezliklə yenə də bura gəlməli olacağıq...

Odur ki, mən keçmiş Baş katiblərdən daha çox M.Qorbaçovu xatırlayıram. Həm də ona görə ki, daha cavan Baş katib olması ilə bahəm, o, həm də yeni siyasətin – yenidənqurmanın (bizim xalq arasında buna dərhal "yenidənqırma” dedilər. Ruslar isə deyirdi; perestroyka zakonçitsya s perestrelkoy, yəni, bizim dildə desək: yenidənqurma da atışma ilə bitəcək!) ideoloqu və ən əsas icraçısı idi. Buna görə də xalqın ritmini daha yaxşı duymaq, onun dəstəyini hiss etmək üçün, Mixail müəllim də tez-tez "xalqla görüşlər” keçirirdi – bəli, birbaşa ali məktəb auditoriyalarında, küçə və meydanlarda xalqla görüşür, hətta mağazaları və univermaqları da unutmurdu, hansılar ki, onun sayəsində artıq o vaxt tamam boşalmağa başlamışdı!..

Belə publik, bəzən də guya sırf təsadüfi görüşlər zamanı "xalq” bir qayda olaraq öz liderinə dəstək verir və daim da eyni bir sözü deyirdi – dözərik...

Bəli, bu detal sovet dövrünün ən əsas xüsusiyyətlərindən biri idi – "xalq” bu nəhəng ölkədə aparılan nəhəng dəyişikliklərə, eksperimentlərə məhz bu cür yanaşır və "dözərik!” deyirdi, halbuki onlar da dünyanın başqa ölkələrinin insanları kimi belə eksperimentlər olmadan da yaşaya bilərdilər.

Qəribədir ki, hətta indi, Qorbaçov dövründən 30 il sonra belə Rusiya dayanıqlı iqtisadi və sosial inkişaf yoluna çıxa bilməyib, əksinə bu ölkə müzakirə edilərkən beynəlxalq institutlar yalnız pessimist proqnozlar söyləyirlər. Məsələn, bu günlərdə Beynəlxalq Valyuta Fondu bəyan etdi ki, beş ildən sonra Rusiya Bolqarıstandan da kasıb olacaq və adambaşına düşən ÜDM-ə görə dünyada 69–cu yerə yuvarlanacaq!

Beləliklə, şimal qonşumuzun – Rusiyanın gələcəyi elə bir tunel kimi görünür ki, bunun sonunda yalnız zülmət və bir də qeyri-müəyyənlik vəd olunur. Müasir tədqiqatların fonunda bu, heç də bir sürpriz deyil, məsələn, Levada-Mərkəzin əməkdaşı olan bir sosioloq deyir ki, onların tədqiqatına görə, rusiyalılar ya gələcəklə maraqlanmır, ya da ona demək olar, tamam etinasız yanaşır, hətta onu iqnor edirlər.

Biz şəxsən bilmirik ki, rus sosioloqları özləri bunu necə izah edirlər, amma bizə elə gəlir ki, təzə problem deyil bu, rusların gələcəklə həmişə problemi olub.

Bəli, çar babalarınını vaxtında rus cəmiyyətinin böyük əksəriyyəti gələcək haqda düşünmək kimi işgəncəli məşğuliyyətə qapılmırdı, bunu onun ziyalıları edirdi və bu adamlar da bu xüsusda bir az düşünəndən sonra gəlib nihilizmə çatırdılar ki, bu fenomen də böyük yazar İvan Turgenevin "Atalar və oğullar” əsərində çox gözəlcə təsvir olunub.

Sovet dövrü ilə bağlı artıq bir azacıq əvvəldə dedik və burada isə sadəcə, onu əlavə edək ki, onda hər şey kimi elə sovet xalqının gələcəyi də tamamilə determinə olmuşdu, xalqın əvəzinə bu haqda daha çox onun kommunist rəhbərləri düşünürdü və bu adamlar da sovet insanlarının gələcək haqqındakı təsəvvürünü – bəli, kommunizmi o qədər dolaşdırır və mürəkkəbləşdirirdilər ki, insanların öz "gələcək”lərinə sayğısızlığı bir az da artırdı.

Elə bu gün də nələr baş verdiyini rusiyalılar yəqin daha bir otuz ildən sonra anlayacaqlar. Amma hətta səthi baxanda belə bu üç dövrün hamısından bir folk-vektor keçir – bəli, "dözərik!” vektoru. Bəli, ruslar yenə də səbr etməyə, dözməyə hazırdırlar. Amma nəyin naminə? Cavab yoxdur – hər vaxt olduğu kimi...

Bəs niyə biz Rusiya ictimai şüuurunun bu xüsusiyyəti üzərində dayandıq? Elmdə gələcəyi futuroloqlar öyrənir. Amma ictimai təsəvvür və ölçülər də olur, gələcəyə inam olmadan, müəyyən bir miqdarda belə optimizm olmadam heç bir sosium yaşaya bilməz.

Amma ruslar daha çox bu günlə yaşamağa can atırlar. Bu azmış kimi, digər post-sovet ölkələrinə də sosial mühəndisliklə olmasa da, adi bir insanı problemlə - hər nəsil tərəfindən gələcək nəslə daha yaxşı və daha öncül vətən ötürmək vəzifəsilə məşğul olmağa belə imkan vermirlər.

Bu günlərdə azərbaycanlıların hansı problemlərlə yaşaması hamıya bəllidir: bir tərəfdən ordumuzun qələbələri bizim hamımızı ruhlandırır və qanadlandırır, digər tərəfdən də düşmən hər gün raketlərlə şəhər və qəsəbələrimizi atəşə tutur, nəticədə də uşaqlar, qadınlar, qocalar ölür!

Burada ən azı iki sual yaranır. Birincisi, belə kasıb ölkədə - Ermənistanda bu miqdarda və bu bahalıqda silahlar haradandır? Düşünürük ki, cavabı hər bir adama bəllidir. İkincisi, niyə görə Moskva İrəvanı dayandırmır?

Xatırladaq ki, özünün xalqa növbəti müraciətində prezident İlham Əliyev dedi ki, böyük dövlətlərin, xüsusən də həmsədr ölkələrin bircə sözü bəs edər ki, İrəvan dayansın. Amma onlar bu bir sözü demir! Bəli, Kreml hələ də özünün "cənub forpost”unu dayandırmağa tələsmir. Niyə görə? Doğrudanmı yalnız geosiyasi mülahizələrə görə? Bəli, əsasən bu mülahizələrə görə! Amma başqa bir, çox mühüm bir məqam da var.

Moskva, daha doğrusu, Kreml əhli və ya strateqləri bizim də gələcəyimizi əlimizdən almaq istəyir, çünki əgər bizim də gələcəyimiz olmasa, daha yaxşı gələcəyə olan inamımız qalmasa, biz də gec-tez Rusiya imperiyasının ağuşuna qayıtmalı olacağıq –bəli, Kremldə hələ də buna ümid edirlər...

Odur ki, V.Putin növbəti Qarabağ müharibəsində bir az ziddiyyətli mövqe tutmaqda davam edir. Bir tərəfdən ölkəsinin Azərbaycana yeddi rayonu verməyə hazır və qərarlı olduğunu deyir və münaqişəyə açıq bir şəkildə baş qoşmur, digər tərəfdən "hərənənin öz həqiqəti var və tərəflər bu həqiqətlər və maraqlar arasında balans taplamalıdılar”- deyə buyurur.

Amma Paşinyan onu rahat buraxmır və ötəb şənbə Putinə böyük şikayət ərizəsi yazdı ki, bəs türklər Ermənistanın sərhədinə çatıblar və artıq vaxtı yetişibdi ki, Rusiya öz müttəfiqlik öhdəliyini yerinə yetirsin!

Fəqət, ruslar yenə də N.Paşinyana "məlum və məşhur yeri” göstərdilər.

Birincisi, bu adam anlamaq istəmir ki, Azərbaycan prezidenti Kreml üçün M.Saakaşvili deyil ki, Gürcüstan-Rusiya müharibəsi kimi Azərbaycan – Rusiya savaşı da başlasın. Bakı və Moskvanın çox isti münasibətləri və hər şeyi dinc yolla müzakirə etmək imkanları vardır.

İkincisi, Bakı düz bir aydır ki, otuz ildir kağız üzərində qalan BMT TŞ–nın qətnamələrinin tələblərini, Madrid və Kazan prinsiplərini yerinə yetirir, o cümlədən də Rusiyanın razı olduğu senaridən (7 rayonun Bakıya qaytarılması!) bircə addım da kənara çıxmır ki, Rusiya bunu əsas kimi istifadə etsin...

O ki qaldı Rusiyanın başqa motivlərinə, əlbəttə ki, Kreml bura öz sülhməramlılarını gətirmək istəyir. Düşünürük ki, bizim üçün əsas rayonları almaq və onlarda möhkəmlənməkdir. Rusiya ilə kəllə-kəlləyə gəlməyə tələsmək lazım deyil, onda həqiqətən də Rusiya – Gürcüstan ssenarisi işə düşə bilər və biz qardaş Türkiyəni də pis vəziyyətdə qoya bilərik. Bəli, Qarbağ bütünlüklə bizim olacaq, ermənilər buradan rədd olub gedəcəklər, amma bunun üçün bir azca səbrli və təmkinli olmalıyıq...