Xəbər lenti

Kremlin nüvə hədəsi: Rusiya səfiri hansı mesajı verib?
Dünya08:18 23.02.2023

Kremlin nüvə hədəsi: Rusiya səfiri hansı mesajı verib?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Səfir nüvə silahından istifadə edilib-edilməyəcəyi mövzusu ətrafında fikir bildirmək səlahiyətində deyil. Bu fikri səsləndiribsə, hökmən dövlət başçısının sözlərinə istinad etməlidir. Belə bir istinad isə yoxdur”.
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Rusiyanın Londondakı səfiri Andrey Kelin Moskvanın Ukrayna müharibəsində nüvə silahından istifadə etməyi planlaşdırmaması barədə səsləndirdiyi vədə nə dərəcədə etibar etmək olar sualına cavabında deyib.
"Onu deyə bilərəm ki, səfirlər, xarici ölkələrdəki diplomatik nümayəndələr Rusiyanın Ukraynada nüvə silahından istifadə edib-etməyəcəyi barədə hansısa fikir söyləmək səlahiyyətində deyil. Bu mənada, Rusiyanın Britaniyadakı səfirinin hansı səlahiyyət çərçivəsində belə bir fikir söylədiyini başa düşmək olmur. Məsələ ondadır ki, nüvə silahından istifadə olunub-olunmaması məsələsi strateji müdafiə doktrinası sənədləri çərçivəsində öz əksini tapır. İdarəetmə strukturu baxımından səfirin həmin məsələ barədə fikir söyləməyə səlahiyyətinin olub-olmaması şübhə altındadır. Səfir qərar qəbul edən fiqur deyil. Ona görə də həmin mövzu ilə bağlı səfirin hansısa fikir bildirməsinin nəyə əsaslandığını demək çətindir. Bu mövzu ilə bağlı fikirləri yanlız dövlət başçısı söyləyə bilər. Səfir isə belə fikir səsləndirirsə, mütləq mənada dövlət başçısının sözlərinə istinad etməlidir. Rusiya dövlət başçısının isə səfirin dediyi məsələ ilə bağlı hər hansı fikri ortalıqda yoxdur. Səfirin bu bəyanatı qəribə səslənir. Rusiya diplomatının bu sayaq vədlərinə inanmaq olmaz”, deyə sabiq XİN rəhbəri bildirib.
Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin bu ölkənin LBC radiosuna müsahibəsində bildirib ki, Moskva Ukraynaya qarşı müharibədə nüvə silahından istifadə etməyi planlaşdırmır. "Bu münaqişədə? Xeyr, bizim çox aydın doktrinamız var və o, nüvə silahının istifadə oluna biləcəyi çox dəqiq bir vəziyyəti təsvir edir: Əgər Rusiya ilk olaraq nüvə hücumuna məruz qalarsa və ya adi silahlarla hücum dövlətimizin mövcudluğunu təhlükəyə atarsa, biz cavab verə bilərik”, deyə Rusiya səfiri izah edib. 
O, Rusiyanın Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsində (START-3) iştirakını dayandırmaq qərarını şərh edərək bildirib ki, burada söhbət strateji nüvə silahları üçün "yoxlama prosedurlarının” dayandırılmasından gedir. 
"Lakin biz məsul iştirakçılarıyıq və nüvə başlıqlarına qoyulan məhdudiyyətlər qüvvədə qalacaq, biz müqavilədə yazılan məhdudiyyətlərə əməl edəcəyik", deyə Kelin əmin edib.
Onu da bildirək ki, fevralın 21-də Rusiya prezidenti Vladimir Putin ölkəsinin START-3 müqaviləsində iştirakını dayandırdığını, lakin müqavilədən çıxmadığını bildirib. Buna rəğmən  Moskvanın Londondakı səfiri bəyan edir ki, Rusiya Ukrayna müharibəsində nüvə silahından istifadə etməyəcək. Hələ bir il bundan qabaq,  Rusiya Ukraynada müharibəyə başlamamışdan az əvvəl, bu ölkənin ABŞ-dakı səfiri də bildirirdi ki, Moskva Kiyevlə müharibə aparmayacaq.  Ancaq səfirin bu vədindən bir neçə gün keçməmiş Rusiya hərbi əməliyyatlara start verdi. 
Rüfət Sultan