Xəbər lenti

Kristina Stepnova: “Bir də daha çox ona şok olmuşdum ki…” (MÜSAHİBƏ)
Ölkə07:36 30.04.2013

Kristina Stepnova: “Bir də daha çox ona şok olmuşdum ki…” (MÜSAHİBƏ)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Beynəlxalq Təhsil üzrə Amerika Şurasının üzvü Kristina Stepnovanın “ABŞ təhsilli məzunlarla müsahibələr” layihəsi çərçivəsində Qaynar.info-ya müsahibəsi - Pərviz Əzimovun təqdimatında...

- Müsahibə verməyi qəbul etdiyiniz üçün əvvəlcədən təşəkkür edirik.

- Buyurun, xoşdu...

- Mümkünsə özünüz özünüzü təqdim edərdiniz.

- Adım Kristina Stepnovadır. Sumqayıtda 11 saylı məktəbdə orta təhsil almışam. Orada oxuyanda FLEX (Future Lidership Excange Programme – Gələcək Liderlər üçün Mübadilə Proqramı) proqramı ilə 1 illik ABŞ-a getmişəm və Havay ştatında 1 il qızlar məktəbində təhsil almışam. Daha sonra Qərb Universitetinin Turizm və Otelçilik fakültəsinə daxil oldum. ABŞ-dan qayıtdıqdan sonra 1 il könüllü formada alumni (məzun) formada çalışmışam. 1 il müddətində müxtəlif layihələrdə işləmişəm. Daha sonra ABŞ konsulluğunda məzunlarla iş üzrə koordinator vəzifəsinə sənəd verdim və qəbul olundum. Hazırda Beynəlxalq Təhsil üzrə Amerika Şurasında çalışıram. 

- Nə qədər məzun cəmləşir sizin təşkilatda?


- FLEX proqramı 1998-ci ildən Azərbaycanda mövcuddur və hazırda minə yaxın məzun var. Əslində məzunlar təkcə FLEX üzrə deyil. Hüquqşunaslar üçün ayrı proqramlar var. Bundan başqa, Open world adlanan ayrı proqram var. Ancaq mənim işim sırf FLEX məzunları ilədir. Onlarla birgə müxtəlif proqramlar həyata keçiririk, fəaliyyət göstəririk. Artıq bu məzunların bir çoxu müxtəlif yerlərdə işləyir. Köhnə FLEX məzunları yenilərinə dəstək olur, onların işlə təmin olunmaları üçün çalışır və s.

- Yəqin ki, ətrafınızda olan dostlarınızın hamısı FLEX məzunları deyil. FLEX məzunu olan gənclərlə, digər gənclərin sonrakı fəaliyyətlərində, həyat tərzlərində, düşüncələrində hansı fərqləri müşahidə edirsiniz?

- Məsələn, mən FLEX məzunu olmasaydım, stdanrt, adi tələbə olardım. İngilis dili səviyyəm aşağı, ümumi dünya görüşü zəif, sadə Sumqayıt məktəbindən məzun. Amma FLEX-dən qayıtdıqdan sonra ən əsası ingilis dili səviyyəm çox yaxşı oldu. Bundan başqa bu proqram həqiqətən mənə gələcək üçün yol açıb. Mən müxtəlif tədbirlərdə iştirak edirəm, əlaqələrim artıb, müxtəlif şirkətlərlə əməkdaşlıq edirik və s. Qısası, bu proqram, həqiqətən də, gələcək üçün qapıdır.
 

- İl ərzində nə qədər azərbaycanlı bu proqramdan məzun olur?

- Proqram Azərbaycanda yeni başlayanda çox idi. Əvvəllər 66 məzun idi, sonra bu rəqəm 56 oldu. Mən gedən il 45 nəfər getmişdi. İndi isə ildə 32 nəfər gedir.


- ABŞ-da qızlar məktəbində təhsil almısınız. Azərbaycanda belə orta məktəb yoxdu. Belə tip məktəblərin üstünlüyü nədədir?

- Üstünlüklər çoxdu. Məsələn normal məktəblərdə qızlar dərsə gedəndə dərsdən başqa makyaj, geyim, görünüş və s. məsələlər barədə çox düşünürlər. Amma qızlar məktəbində siz ancaq dərs barədə düşünürsüz, dostluq aurasında dərs oxuyursuz, çünki orda ancaq qızlardı və çox səmimi mühit yaranır. Azərbaycanda mən adi məktəbdə oxuyurdum. Hansı ki, qızlar və oğlanlar birgə idik. Amma qızlar məktəbində yalnız qızlar olduğu üçün təhsilə də təsir edir.

- Siz həm Azərbaycanda, həm də ABŞ-da orta məktəb təhsili almısız. İki ölkənin orta təhsil sistemi arasında hansı fərqlər var?

- Ümumilikdə götürsək, ABŞ-da təhsilə daha çox üstünlük verirlər, nəinki Azərbaycanda. Çünki orda hamı, bütün gənclər başa düşür ki, təhsil gələcəyə aparan yoldur. Onlar çalışır ki, özlərinə çox maraqlı dəsrlər seçsinlər, hansılar ki, onların gələcəklərində böyük rol oynaya bilər. Burda da bunu istəyirlər, amma burda məqsəd başqadır, yəni sadəcə universitetə qəbul olmaq, diplom almaqdır. Əsas fərq budur.

- Sizlə müsahibəyə hazırlaşarkən qarşıma belə bir məlumat çıxdı ki, milliyətcə azərbaycanlı deyilsiniz...

- Bəli, yəhudiyəm.

- ABŞ-da tolerantlıq və Azərbaycanda tollerantlıq. Bunların fərqli cəhətləri var idimi? Məsələn, ayrı milliyyətdən olmağınız tolerantlıq problemi ilə qarşılaşmağınıza zəmin yaradırdımı?

- Demək olar ki, heç bir fərq yoxdu. Çünki burdakı tanışlarım da mənim ayrı milliyyətdən olduğumu bilir, ABŞ-da da bilirdilər və heç bir tolerantlıq problem ilə qarşılaşmırdım.

- Gəncsiniz və yəqin dostlarınızın böyük əksəriyyəti gənclərdir. Ətrafınızda daha çox gənclər olur. Gördüyünüz bu gəncliyin yaşam tərzinə, əyləncəyə, təhsilə münasibətin, incəsənətə marağına və digər məsələlərə baxanda necə görünür Azərbaycan gəncliyi? Hansı çatışmamazlıqlar var?

- İlk öncə gənclərin oxumaqla bağlı problem var və çoxlu oxumaq lazımdır. Məsələn, ümumi gəncliyi 100 faiz götürsək, onun ancaq 30 faizi fikirləşir ki, mən gələcək üçün oxumalıyam, aktiv olmalıyam. 70 faizi isə fikirləşir ki, mən gedim diplom alım və ya iş tapıb pul qazanım ki, ailə saxlayım. Fikirləşmirlər ki, necə inkişaf eləsinlər, intelektual olsunlar. Sosial aktivlik də həmçinin. Cəmi 20-30 faiz gənc fikirləşir ki, sosial aktiv olsunlar, müxtəlif təşkilatlarla əməkdaşlıq etsinlər. Amma istərdim bu rəqəm daha böyük olsunlar. Bizim gənclikdə strateji plan yoxdur ən əsası.

- Hazırda Otelçilik və turizm sahəsində bakalavr təhsili alırsız. Universitetin bu sahədə verdiyi təhsil sizi qane edirmi?

- Əslində, razıyam. Müqayisə üçün desək, mən turizm şirkətləri ilə əlaqə saxlayarkən, orda çalışan dostlarla danışarkən onlar bu ixtisas üzrə bizim universitetin tələbələrini daha üstün tuturlar. Bunun da səbəbi odur ki, universitetdə ümumi mühazirələrlə yanaşı, praktiki işə daha çox üstünlük verilir.

- FLEX proqramı üzrə ABŞ-a gedib qayıdan gənclərin qayıtdıqdan sonra həyatlarında, yaşam formalarında gözlənilən irəliləyişlər olurmu?

- Demək olar ki, ABŞ-a gedib-gələn məzunların 90 faizi qayıtdıqdan sonra tamam başqa insanlar olurlar. Mən özüm də eləyəm.

- Dəyişən nədir?


- Mən ABŞ-a getməzdən əvvəl oxumaq haqqında indiki kimi düşünmürdüm. Deyirdim, oxuyaram da, nə var ki burda. Amma ABŞ-a gedəndə başladım öyrənməyə ki, əslində, bunun insana xeyiri nədir. İnsan niyə aktiv olmalıdır? Mən gələcəyim haqqında düşünməyi ABŞ-da öyrəndim və bu məzunların çoxunda belədir. Bir məsələ də var ki, bizim məzunların bir qismi regionlardandır və dəyişiklik həm də onlara xeyirli olar. Hər bir məzun istəyir ki, cəmiyyət üçün xeyirli nəsə eləsin və bu onların təhsilindən çox asılıdır.

- ABŞ-a gedərkən yaşadığın mühitdə, qaldığın ailədə sizi təəccübləndirən, Azərbaycanda heç vaxt görmədiyin hadisələrlə qarşılaşdınızmı?

- Bizim ölkədə çox sevdiyim bir amil var. Qadınlara çox  fərqli yanaşırlar. Onların əziyyət çəkməsinə razı olmurlar, hörmətlə yanaşırlar. Deyə bilmərəm ki, ABŞ-da hörmətsiz yanaşırlar. Amma bir nüansı qeyd edim. Bir dəfə ABŞ-da ailəlikcə alış-verişdən qayıdırdıq, çoxlu ərzaqlar almışdıq və onları maşına aparırdıq. Həmin vaxtı mən və mənim ordakı ailədə olan atamla, anam idik. Mən və anam bütün yükləri daşıyanda o heç demədi ki, kömək edim. Mən biraz qəribə olmuşdum. Amma bu onlar üçün normaldır. Onların düşüncəsinə görə, qadın və kişi həm fiziki, həm də digər mənalarda bərabərdir. Bunun arasında fərq qoymurlar.  Bilmirəm, bəlkə də, bizim cəmiyyətdə də bunu istəyirlər, amma mən istəyirəm ki, bu biraz fərqli olsun. Qadın fiziki cəhətdən daha incə olsun. Bir də daha çox ona şok olmuşdum ki, ABŞ insanları birmənalı olaraq qanundan qorxur. Qanun var və hamı onu bilir və ondan qorxurlar. Balaca uşaqdan tutmuş, böyüyə kimi. Bizdə isə bu yoxdur. Bir dəfə mən məktəbə gedəndə mənim qaldığım ailədəki bacım maşın sürürdü. Sürücülük vəsiqəsi evdə qalmışdı və yolun yarısında bundan xəbər tutduq. O maşını saxladı, motoru söndürdü ki, mən sürə bilmərəm çünki vəsiqəm evdə qalıb. Biz gözlədik, ordakı anam sənədi gətirdi və sonra biz yola davam etdik. Bizdə isə inanmıram belə bir hal olsun.

Qaynar.info

Qeyd: Bu müsahibə ABŞ-ın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə “ABŞ təhsilli məzunlarla müsahibələr” layihəsi çərçivəsində götürülüb. Layihə çərçivəsində ümumilikdə 20 ABŞ təhsilli məzundan müsahibələr götürmək planlaşdırılıb.