
Kürdəmir rayon İcra Hakmiyyətinin başçısı ilə bağlı yeni iddialar ortaya çıxıb.
Bizimxeber.az-a daxil olan məlumatlarda bir ay bundan öncə rayona icra başçısı təyin olunan Ceyhun Cəfərovun qoyduğu yeni qaydalardan söz açılır.
Belə ki, uzun illər İrşad Əliyev və onun klanından cana doyan kürdəmirlilər indi C.Cəfərovun daha sərt qaydaları ilə üz-üzə qalıb. Rayona yenicə ayaq basan icra başçısı ilk əvvəl kadr dəyişikliyinə başlayıb. Rayon təhsil şöbəsinin müdiri, İrşad Əliyevin adamı kimi tanınan torpaq şöbəsinin müdiri və icra başçısının birinci müavini vəzifədən demək olar ki, uzaqlaşdırılıb. Həmçinin digər idarə müdirlərinə də vəzifədən uzaqlaşdılacağı ilə bağlı xəbərdarlıqlar olunub. Amma vəzifədə qalmaq istəyən idarə müdirləri üçün də bir şans qoyub. “Xoş gəldinə” əli dolu gələn idarə müdirlərinə bilidirlib ki, aylıq haqqları bir qədər artıb.
Bütün bunlar azmış kimi, C.Cəfərovun göstərişi ilə rayon bazarı tam nəzarətə götürülüb. Bazarda al-ver edən insanlardan pulların yığılması məsələsi İrşad Əliyevin adamından alınıb. İndi bütün rayon C.Cəfərovun tam nəzarətinə keçib.
Ən ciddi təzyiqlərlə sahibkarlar üzləşib. Məlumatda qeyd olunur ki, sahibkarlarla görüşmək istəməyən C.Cəfərov açıq şəkildə bildirib ki, rayondakı abadlıq-quruculuq işlərində ona kömək edən sahibkarların yanında olacaq. Olmayanlara isə işləmək imkanı verilməyəcək.
Daha bir maraqlı məqam isə İrşad Əliyevin zamanında satılan torpaqların sənədlərinin yenidən qaldırılmasıdır. Rayon mərkəzində satılan torpaqlara verilən sənədlərin qanunsuz olduğunu bildirən icra başçısı bu obyektlərin sökülməli olduğunu bilidirib. Bir sözlə, İrşad Əliyevdən canlarını güclə qurtaran kürdəmidlilər üçün daha ağır dönəm başlayıb.
Məlumat üçün qeyd edək ki, C.Cəfərov əvvəlki icra başçısı İrçad Əliyevin rayondakı torpaq sahələri və obyektlərinə də əl qoymaq niyyətindədir. Artıq bir sıra obyektlərin sənədləşməsinin araşdırılmasına başlanılıb. İrşad Əliyev isə obyektləri asanlıqla əldən vermək niyyətində deyil. Beləliklə, yaxın aylarda İrşad Əliyevlə Ceyhun Cəfərov arasında yeni bir konfliktin başlanmasının şahidi olacağıq.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Qaynar.info