
Bazar ertəsi İraq Kürdüstan Regional Hökumətiminin müstəqilliklə bağlı referendum keçirməsinə region üzvləri sərt reaksiya versə də, NATO-nun qərb ölkələri fərqli fikirlər səsləndiriblər.
Bəs dünya ölkələrinin Kürdüstanın müstəqil dövlət olaraq yaradılmasına münasibəti necədir?
"Qaynarinfo" dünya nəhənglərinin referendumla bağlı verdiyi açıqlamaları təqdim edir:
ABŞ
ABŞ sözdə İraqın ərazi bütövlüyünü dəstəkləsə də Kürdüstanın müstəqillik referendumu ilə bağlı konkret sanksiyaların tətbiq edilməsi ilə bağlı addımlar atmayıb. Həmçinin ABŞ-ın Xarici İşlər Departamentinin yaydığı bəyanatda Kürdüstan xalqı ilə tarixi əlaqələrin davam etdiriləcəyi də bildirilib.
Rusiya
Referendumdan bir neçə gün əvvəl Rusiyanın iri neft şirkətlərindən biri olan Rosneft Şimali İraqa 1 milyard dollarlıq sərmayə qoyacağını açıqlamışdı. Bu açıqlamadan sonra İKRH-nin ən böyük maliyyə dəstəkçilərindən biri hesab olunan Rusiya da İraqın ərazi bütövlüyünün qorunmasının tərəfdarı olduğunu bildirsə də, bunun beynəlxalq hüquq normaları çərçivəsində gerçəkləşdirilməsinin tərəfdarı olduğunu qeyd edib. Rusiya Xarici İşlər Nazirliyi Bağdadın və Ərbilin dialoq yolunu seçməsinin vacibliyini vurğulayıb və tərəfləri bölgədə qeyri-sabitliyin baş verməsi üçün addımlar atmamağa çağırıb.
İsrail
Referendumdan sonra "Reuters" xəbər agentliyinin əməkdaşları İsrailin mövqeyini öyrənməyə çalışsalar da, rəsmilər baş nazir Binyamin Netanyahunun hökumət nümayəndələrinə məsələnin həssas olması səbəbindən, bu barədə açıqlama verməyi qadağan etdiyini bildiriblər. Lakin baş nazir daha sonra özü bu barədə açıqlama verib.
"İsrail PKK-nın terror təşkilatı olmasını qəbul edir. Lakin kürd xalqının hüquq yolu ilə öz dövlətlərini qurmasını dəstəkləyirik", - deyə Netanyahu bildirib. O, həmçinin İsrailin İraq kürdlərinin müstəqilliyini tanıyacaq ilk ölkə olacağını da söyləyib.
Türkiyə
Türkiyənin mövqeyi bəllidir. Prezident Rəcəb Tayyib Ərdoğan müstəqillik referendumunu "Türkiyəyə xəyanət" adlandıraraq, sanksiyaların tətbiq olunacağını və hərbi müdaxilə ediləcəyini söyləyib. Ərdoğan, həmçinin İraq Kürdüstanından gələn neft axınının da qarşısının alınacağını qeyd edib:
"Bir krantı bağlamağımızla iş bitəcək. Bütün gəliri-məliri ortada qalacaq. Tırlar şimali İraqa getmədiyi müddətcə onlar yemək və geyim tapa bilməyəcəklər. Belə bir vəziyyət yaranacaq. Niyə? Çünki məcburuq, sanksiyadır", - deyə o, bildirib.
İran
Referenduma hazırlıq prosesləri getdiyi bir zamanda İraq Kürdüstanına qarşı konkret sanksiyalar tətbiq edən ilk ölkə İran olub. İran Xarici İşlər Nazirliyi Bağdadın tələbi ilə İKRH ilə sərhəd qapılarının daxili giriş-çıxışlarını bağladığını, oradan havaya qalxan təyyar üçün hava sahəsini bağladığını açıqlayıb. Həmçinin İraq Kürdüstanına yaxın media orqanı olan "Kurdistan24"ün də Tehran bürosu bağlanılıb.
Fransa
Fransanın xarici işlər naziri Jan-İv le Drian Kürdüstanın müstəqillik referendumunun bölgəyə qeyri-sabitlik gətirəcəyini, bunun üçün doğru bir zaman olmadığını dilə gətirib:
"Bağdad və Ərbil masaya oturaraq münasibətləri müzakirə etməli, bu məsələdə baş nazir Heydər əl-İbadi bəzi güzəştlərə getməyə hazır olamalıdır", - deyə XİN rəhbəri bildirib.
Çingiz
Qaynarinfo.Az