Hüseynbala Səlimov
"İndiki halda, Azərbaycanla Ermənistan arasındakı müharibənin bitdiyi bir vaxtda nəqliyyat və iqtisadi əlaqələrin blokadasının aradan qaldırılmasına başlamaq lazımdır” – ən müxtəlif KİV-lərin məlumatına görə, ötən həftənin sonunda Ruisyanın xarici işlər naziri Sergey Lavrov belə demişdi.
Qeyd edək ki, Azərbaycan buna hamıdan çox can atır. Amma burada bəzi məqamlar vardır.
Birincisi, Sergey Lavrov buna ilk növbədə erməni həmkarlarını inandırmalıdır. Ötən həftə Ermənistanın yeni xarici işlər naziri Moskvaya səfər etmiş və orada Lavrovla görüşmüşdü. Bu vəziyyətdən istifadə edərək ermənilərin Dağlıq Qarabağdakı sülh prosesilə bağlı gələcək niyyətlərini aydınlaşdırmaq olardı.
İkincisi, bir az əvvəldə qeyd etdik ki, Azərbaycan sülh prosesinin dərinləşməsində hamıdan çox maraqlıdır. Zəngəzur dəhlizinin açılması və ticari-iqtisadi blokadının götürülməsi Azərbaycanın maraqlarındadır.
Amma burada bir neçə sual var ki, onlar öz cavablarını gözləyir. Qarabağın bir hissəsi hələ də separatçıların və Rusiya sülhməramlılarının nəzarətindədir. Sülhməramlıların gözləri qarşısında separatçılar öz cinayətkar əməllərini davam etdirirlər: Bizim əraziləırimizi atəşə tutur, qeyri-qanuni tədbirlər həyata keçirir, Ermənistandan Qarabağa qeyri-qanuni hərbi texnika və canlü qüvvə daşıyırlar.
Azərbaycanda da hesab edirlər ki, müharibə qurtarıb. Amma o, birdəfəlik o vaxt qurtaracaq ki, Rusiya sülhməramlıları buranı tərk edəcək və bu əraziəri də Azərbaycanın nəzarətinə verəcəklər. Nə qədər ki ərazilərimizin bir hissəsi özgə qüvvələrin nəzarəti altında olacaq, nə qədər ki erməni separatçıların əməllərinə son qoyulmayacaq, nə qədər ki, sərhəddə demarkasiya işləri başa çatmayıb, müharibəinin təkrar olması ehtimalı qalacaq.
Prinsipcə, bu payız Qarabağ hərbi-siyasi teatrında həlledici olmalıdır.
Birincisi, məlum Noyabr razılaşmasının bir ili tamam olur. İkincisi, Ermənistanda seçkilər başa çatıb, yeni hökumət kabineti formalaşıb. Seçkilərin nəticəsi göstərir ki, Ermənistanda insanlar hərbi əməliyyatların bərpasında maraqlı deyillər. Amma Ermənistanın baş nazri özünü elə aparır ki, sanki siyasi vakuumdadır. Bu günlərdə o, bəyan etdi ki, Türkiyədən gələn son pozitiv siqnallara cavab verməyə hazırdırlar. Etiraf edək ki, bu cür bəyanatlar müəyyən optimizm yaradır. Amma bəyanatlardan kökə bişirmək olmur, konkret iş, əməl lazımdır.
Belə təəssürat yaranır ki, Rusiya tərəfi sülh prosesinin inkişafında maraqlı deyil. Moskva indiki vəziyyəti dondurmağa can atır, çünki vaxtaşırı lokal atşkəs pozuntuları ilə müşayiət olunan dondurulmuş münaqişə onun maraqlarına daha çox cavab verir. Düşünürük ki, biz də özümüzü əsassız ümidlərə kökləməməliyik, Rusiya qarşı təzyiq imkanı tapmalı, Türkiyə, o cümlədən də İranla işləməliyik.
Otuz ilin təcrübəsi göstərdi ki, Qarabağ münaqişəsi yalnız region ölkələrinin səyilə həll oluna bilər. Amma müşahidələr göstərir ki, Rusiyanın səyləri bir növ doyma halına çatıb – Moskva bundan o tərəfə getməyəcək. Bölgədə rusiyalı sülhməramlılar yerləşəndən sonra Rusiyanın məqsədləri reallaşıb. Ona görə də biz Kremlə təzyiq inkanları aramalı, digər tərəfdən də özümüzü prosesin neqativ nəticələrindən qorumalıyıq.
Bir daha qeyd edək ki, bu payız çox şey aydınlaşmalıdır. Amma separatçıların və sülhməramlıların oyunlarını seyr edəndə dərhal yada sovetlərin vaxtındakı Xüsusi İdarəetmə rejimi düşür. Məhz həmin rejimin sayəsində Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxdı. İndi bizim əraziləırimizin bir hissəsi yenə rusların nəzarətindədir. Rusiya yenə separatçıları himayə edir. Amma belə bir deyim var ki, bir çaya iki dəfə girmək olmur. Əgər Yerevan yenidən prosesi on illərlə uzatmaq istəyirsə, çox böyük səhv edir, bu dəfə belə olmayacaq...