"Aleksandr Lukaşenko Moskvanın istəyinə uyğun Ermənistanı aşağılamaqla, ona təzyiq göstərmək istəyir ki, İrəvan ittifaq dövlətinə daxil olsun".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev Belarus Prezidenti Aleksandr Lukaşenkonun Rusiya telekanalına müsahibəsində postsovet məkanındakı dövlətlərin birləşməsi perspektivindən danışarkən "Ermənistanın gedəcək yeri yoxdur” fikri fonunda Minsk ilə İrəvan arasında münasibətlərin pisləşməsini şərh edərkən deyib. Politoloq bildirib ki, Belarus KTMT çərçivəsində daim Azərbaycanın yanında olub:
"Belarusla Ermənistan arasında münasibətlər əslində çoxdan pozulub. Belarus çətin vəziyyətdə olanda Azərbaycan onlara maliyyə yardımı etdi, kredit verdi. Hazırda da Bakı ilə Minsk arasında münasibətlər yüksək səviyyədədir. KTMT çərçivəsində də Belarus daim Azərbaycanın yanında olub. Belarus Prezidentinin Ermənistanı aşağılaması isə İrəvanı yeni yaranan ittifaq dövlətinə cəlb etmək məqsədi daşıyır. Təbii ki, bunu Putin deməli idi. Amma artıq Putinin sözçüsü statusunda Lukaşenko çıxış edir".
Həmsöhbətimiz əmindir ki, Ermənistanın bu təklifi böyük süngü ilə qarşılasa da, ermənilər də ittifaq dövlətinə daxil olacaqlar:
"Amma bu şərtlə ki, Nikol Paşinyan hakimiyyətdən getsin. Lakin Lukaşenko həmin açıqlaması ilə "qaş düzəldən yerdə, vurub gözü də çıxardı”. Ermənistanda Paşinyanla müxalifət arasında dərin uçurum var idi. Lukaşenkonun çıxışı isə bir növ həmin uçurumun üzərində kiçik də olsa, körpü yaratdı. Müxalifət Ermənistan mənafeyi naminə müvəqqəti də olsa, Paşinyanla bir araya gəldi”.
Rüfət Sultan