Dünya 15:24 02.03.2023

Lukaşenko-Si sövdələşmələri Putinə Çindən yardım almağa imkan verə bilər - ISW

Özünü prezident elan edən Aleksandr Lukaşenko ilə Çin lideri Si Szinpin arasındakı razılaşmalar Rusiyaya sanksiyalardan yayınmaq üçün Çindən yardım almağa imkan verə bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə Müharibə Tədqiqat İnstitutunun (ISW) hesabatında deyilir.

"Belarus prezidenti Aleksandr Lukaşenko və Çin sədri Si Szinpin martın 1-də Belarus vasitəsilə Rusiyaya Çin yardımı göndərməklə Rusiya sanksiyalarından yayınmağı asanlaşdıra biləcək 16 sənəddən ibarət paket imzalayıblar", - hesabatda deyilir.

Sənədlərə Belarus-Çin sənayesinin birgə inkişafı strategiyası, 2023-2024-cü illər üçün Belarus-Çin elmi-texniki əməkdaşlığı haqqında sənəd, Çin hökumətinin kreditlərindən istifadə etməklə birgə layihələr üzrə anlaşma memorandumu daxildir.

Lukaşenko bildirib ki, Belarus Çin ilə texnoloji inkişaf sahəsində əməkdaşlığın dərinləşdirilməsində, o cümlədən birgə müəssisələrin yaradılmasında, Belarus müəssisələrinin müasir Çin texnologiyalarının köməyi ilə modernləşdirilməsində, həmçinin mal və xidmət ticarətində maraqlıdır.

Lukaşenko əlavə edib ki, Belarus istehsalçıları "komponentlər bazasının formalaşdırılması, mühərriklərin, transmissiyaların, körpülərin, digər komponentlərin və birləşmələrin istehsalı sahəsində Çin şirkətlərinin səriştələrini və texnologiyalarını” öyrənməkdə maraqlıdırlar.

ISW daha əvvəl bildirmişdi ki, Çin gizli şəkildə Belarus vasitəsilə Rusiyaya hərbi və ya ikili təyinatlı texnika ötürə bilər.

ISW ehtimal edir ki, Lukaşenko Rusiyanın ölkəsinə inteqrasiya təzyiqindən müdafiə etmək üçün Belarusda Çin iqtisadi təsirini inkişaf etdirmək məqsədilə bu sazişləri daha da dəstəkləmək niyyətindədir, çünki "bu tədbirlər Rusiyanın Belarus üzərində tam iqtisadi nəzarət üçün davam edən kampaniyasını maksimum gecikdirəcək ".

Bir sıra sənədlər Çin-Belarus ticarət-iqtisadi əməkdaşlığına da aiddir.

ISW qeyd edir ki, Lukaşenko 2021-ci ilin fevralında Belarusda Çinin genişlənən iqtisadi mövcudluğunu dəstəkləyib. Bu, "Lukaşenko Rusiyanın Belarusu İttifaq Dövləti vasitəsilə ələ keçirməsini gecikdirmək üçün səylərini artırdığı" zamana təsadüf edir. 

Alpər