Xəbər lenti

Lukaşenkoya inanmaq olarmı?..
Hüseynbala Səlimov
Siyasət11:19 15.02.2021

Lukaşenkoya inanmaq olarmı?..

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hüseynbala Səlimov
"Proses başlayıb” – diktatorlar və yaxud avtoritar liderlər hakimiyyətdən getmələrinin şərtlərini açıqlayanda politoqloqlar və təhlilçilər adətən belə düşünür. Həqiqtən də belədir: diktatorların və diktaturaların çöküşü bunu dilə gətirməyə başlayan andan start götürür.
Əvvəlcə heç kim bunu təsəvvvür belə etmir, insanlar qorxudan hətta labüd sonluğu belə dilə gətirməyə ehtiyat edirlər. Diktatorlar özləri də elə davranır ki, sanki tarix boyu heç kimə müyyəssər olmayan "səadət” onlara və yaxınlarına qismət olacaq: onlar əbədi olaraq hakimiyyətdə qalacaq, əbədi olaraq şan-şöhrət, zinət içində bulunacaqlar.
Amma ki, deyəsən, Belarus lideri A.Lukaşenko bu cərgədə də istisna olmağı düşünür. Bu yaxınlarda o, bəyan edib ki, etirazlar dayanarsa, ölkə onun konstitusion reformalarını qəbul edərsə, bu hala o hakimiyyətdən gedər, halbuki təhlilçilərin fikrincə, Belarusda etirazların pik nöqtəsi artıq arxada qalıb, onlar indi daha çox humanitar xarakter daşıyır və demək olar ki, heç kim tərəfindən idarə olunmurlar. 
Fəqət, bizə elə gəlir insanların heç kim tərəfindən idarə olunmaması, etirazların spontan xarakter daşıması diktatorlar, o cümlədən də Lukaşenko üçün daha təhlükəlidir, çünki bu halda etirazlar insanların içindən gəlir. İnsan kimsə tərəfindən idarə olunanda bir az tərəddüd edir və axıradək qərarlı olmur. Amma o özü öz qərarı ilə etiraz edəndə bu, o demək olur ki, artıq buz əriyib və hakimiyyətin fundamenti çat verib...
Görünür, Lukaşenko özü də bunu hiss edir. Diktatorlar minmum halda özləri və yaxınları üçün təminat istəyirlər. Güman, bunu hiss edərək elə bu yaxınlarda Belarus müxalifəti belə bəyanat yaydı ki, Lukaşenkonun uşaqları onun əməllərinə görə məsuliyyət daşımırlar.
Bir sözlə, proses başlayıb və o, nə vaxt pik nöqtəsinə çatacaq – təəssüf ki, bunu demək elə də asan məsələ deyil.
Nə vaxtsa Lukaşenko rejiminin çökməsi həm də çox ciddi geosiyasi proses olacaq və bunun əsas təsirini Rusiya yaşayacaqdır, amma bəzi təhlilçilər belə hesab edirlər ki, Belarus diktatorunu "Rusiya ilə yeni münasibətlər qurmaq istəyən” siyasətçilər əvəz edəcək. 
Fəqət həmin bu "yeni münasibətlər” nədir, "onlar indikindən nə ilə fərqlənəcək” sualına gələndəsə Rusiyanın hətta özünün ən optimist siyasətçiləri belə hesab edir ki, Minsk labüdən Moskvadan uzaqlaşacaq. Rusiyanın özündə "yeni ruslar” anlayışı fiaskoya uğradığı kimi, Rusiya ilə "yeni münasibətlər” də bu aqibəti yaşayacaq. 
Ruslar özləri də etiraf edirlər ki, onların öz müttəfiqlərinə təklif ediləsi bir şeyi yoxdur, ən yaxşı halda onları nisbətən ucuz qaz və neftlə öz siyasi orbitlərində saxlaya bilərlər, amma bu da məhdud perspektivdir, çünki Moskvanın dünya bazarına çıxardığı əsas məhsul neft və qazdır, əgər ölkə onları da dostlarına hədiyyə etsə, gərək, tamam iflas ola...
Qərəz, artıq Rusiyanın dərin geosiyasi plastlarında çatlar əmələ gəlir və bu çatlar o deməkdir ki, Moskva fövqəldövlət iddialarına yenidən baxmalı, lazım gələrsə, regional güc statusu ilə də vidalaşmalıdır, çünki tək nüvə silahı hələ heç nə demək deyil, ona qalsa, Şimali Koreyanın da belə silahı var.
O ki qaldı Belarusa, Lukaşenko onun inkişafını xeyli yubatdı və bu xüsusda Rusiyaya xeyli yardımçı oldu, hərçənd, o, bunları Moskvaya olan sevgisindən yox, daha çox öz hakimiyyəti üçün etdi. İndi onun bu qəbildən olan manevr imkanları tükənib, Avropa ölkələri onu bu şansdan məhrum edib. İndi Minsk demək olar ki, Moskva ilə təkbətək qalıb və bu da o deməkdir ki, Lukaşenkonun siyasi dayaqları bir az da zəifləyib – o insanlar ki, Rusiya ilə ittifaqda belə ölkələrinin müstəqilliyinin saxlanmasının mümkünlüyünə inanırdı, indi onlar da ən yaxşı halda tərəddüd etməyə və başqa siyasi düşərgəyə adlamağı düşünürlər. Daha bu adamları rejimə qarşı etiraz etməyə səsləməyə, təşkil etməyə ehtiyac yoxdur, çünki ən ciddi çat insanların ürəklərində baş verib...