
"Prezident “Made in Azerbaijan” brendinin xaricdə tanıtımı üçün İqtisadiyyat Nazirliyinə 3 mln. manat ayırıb".
Qaynarinfo.Az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli “Made in Azerbaijan” brendinin tanıdılması ilə bağlı şərhində deyib.
Natiq Cəfərlinin fikrincə, yenə təşviqin yolu səhv seçilib: "Nazirlik bu pula Avropada 1-2 qonaqlıq təşkil edəcək, öz işçilərini ezamiyyətə göndərəcək, onlar da ezamiyyət xərclərinə ayrılan pula evlərinə bazarlıq edib dönəcəklər. Nəticədə heç nə dəyişməyəcək, ara yerdə 3 mln. manatdollar -avroya çevrilib ölkədən uçub-gedəcək. Dövlət iqtisadiyyatda ən pis menecerdir, təşviqi özü etməməlidir, sadəcə ixracat edə bilən şirkətlərə və fiziki şəxslərə vergi, gömrük, logistika güzəştləri etməlidir. Məhz o zaman dəstək və təşviq uğurlu olur, nəticə verir. Ölkəmiz mütləq ixrac potensialını artırmalı, real iqtisadiyyati inkişaf etdirmlidir, bunun əsas şərtlərindən biri dövlətin iqtisadiyyatdan çəkilməsi, iqtisadiyyatin dövlətsizləşdirilməsidir".
Ekspert bildirib ki, ölkənin belə pis duruma düşməsinin əsas səbəbi bizim illərdir əlavə dəyər yarada bilməməyimizdir: "Bu yazını oxuyan neçə nəfər bu gün iş saatları ərzində əlavə dəyər, maddi dəyər yaradacaq? Ölkədə 900 min nəfər büdcədn maaş alır, maddi dəyər yaratmır, 500 minə yaxın insan ticarətdə və daşımada çalışır, onlar əlavə dəyər yaradır, amma maddi dəyər yaratmır, siyahını uzada da bilərəm - indi özünüzə sual verin, kim maddi dəyər yaradır, kim ixrac oluna biləcək məhsul istehsal edir?
Qafqaz Rafiqoğlu
Qaynarinfo.Az