"Ermənistana olacaq bu səfəri də onun Aralıq dənizi, Liviya, Suriyadakı uğursuz siyasətinin növbəti davamı olacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Ermənistan baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın yaxın günlərdə Fransa Prezidenti Emmanuel Makronun ölkəsinə səfər edəcəyilə bağlı dediklərinə münasibət bildirərkən deyib. Həmsöhbətimiz qeyd edib ki, belə bir səfər baş tutacaqsa və səfər Cənubi Qafqazın digər iki ölkəsi, Azərbaycan və Gürcüstana deyil, yalnız Ermənistana olacaqsa, bu, birmənalı olaraq regionda Fransanın İrəvanı nə səviyyədə dəstəklədiyinin nümayişi olacaq:
"Bəllidir ki, bu gün Cənubi Qafqazda Azərbaycanın yer almadığı hər hansı geosiyasi plan, uzun müddətə hesablanmış layihələr heç bir müsbət nəticə verməyəcək. Ona görə də Fransa prezidenti Makronun Ermənistana səfəri olacaqsa, bu, yalnız onun özünün qısamüddətli siyasi gedişindən başqa heç nə olmayacaq. Ermənistana olan bu səfəri də Makronun Aralıq dənizi, Liviya, Suriyadakı uğursuz siyasətinin növbəti davamı olacaq. Çünki yalnız güclü Azərbaycanla əlaqə qurmaqla regionda hanısa konkret geosiyasi layihələr və nəticələrdən danışmaq mümkündür”.
N. Mirinin fikrincə, zəif Ermənistanla yaxınlaşmaqla heç bir dünya gücü, o cümlədən Fransa konkret hər hansı bir hərbi-siyasi və iqtisadi nəticələr əldə etməyəcək:
"Bunu tək Fransa rəhbərliyi deyil, eyni zamanda, Ermənistandakı hakimiyyət də düşünməlidir. Bu günə qədər İrəvanın yürütdüyü yanlış siyasət göstərdi ki, dünya dövlətlərinin geosiyasi aləti olmaqla konkret hədəflərə çatmaq mümkün deyil. Ermənistanın iqtisadi blokadadan çıxması Azərbaycan və Türkiyə ilə əlaqə qurmadan gerçəkləşən deyil”.
Rüfət Sultan