
Suraxanı rayonu Hövsan qəsəbəsində yaşayan oxucularımızdan biri redaksiyamıza maraqlı məktub ünvanlayıb. Məktubun maraqlı və fərqli cəhəti ondadır ki, oxucu şikayət etmir, əksinə təşəkkür edir.
Belə ki, qəsəbə sakini Xəlilov Nərbala Suraxanı rayonu 11 saylı Təcili Tibbi Yardım stansiyasının köməkçi Hövsan filialından razı olduğunu, burada çalışan tibb işçilərinin ağır xəstə olduğu müddətdə ona təmənnasız yardım etdiklərini dilə gətirir. Vətəndaş bildirir ki, məhz sözügedən tibbi yardım stansiyasının həkimlərinin qayğıkeşliyi nəticəsində nisbətən sağalıb.
O, bu Təcili Tibbi Yardım stansiyasının həkimi Elişzadə Lamiyə və tibb işçisi Əliyev Nazimə ona göstərdikləri qayğıya və tibbi yardıma görə təşəkkür etdiyini vurğulayır. Oxucumuzun xahişini nəzərə alıb məktubu olduğu kimi təqdim edirik:
"Hörmətli redaksiya, ağır xəstə idim, infarkt keçirmişdim. Düzdür, hələ də tam sağalmamışam. Amma sizə deyim ki, mənə həkimlərin böyük köməkliyi oldu. Suraxanı rayonu 11 saylı Təcili Tibbi Yardım stansiyasının köməkçi Hövsan filialının həkimi Elişzadə Lamiyə və feldşel Əliyev Nazimə mənə göstərdikləri təmənnasız yardıma görə təşəkkür edirəm. Mən onların qayğıkeşliyi üzündən xeyli özümə gəldim və demək olar ki, sağalmaq üzrəyəm. Ona görə də onlardan razıyam. Allah bütün yaxşı insanlara kömək olsun".
Qaynar.info