
Masallı müxalifətçilərinə təzyiqlər davam edir. Bu barədə Qaynar.info-ya Müsavat Partiyası Masallı rayon təşkilatının sədri Xasay Səfəroğlu məlumat verib.
X.Səfəroğlunun sözlərinə görə, Milli Şuradan olan müşahidəçilərə müxtəlif şirnikləndirici təkliflər edirlir, bu reallaşmayanda isə təzyiqə əl atırlar: "Nə yolla olursa, olsun Masallıda saxtalaşdırılmış seçkilərə demokratik don geyindirməyə cəhdlər edirlər. Bunun üçün də müxtəlif vasitələrə əl atırlar. Hazırda Milli Şuranın müşaidəçilərinə şirnikləndirici vədlər verib seçkinin demokratik olması ilə bağlı danışmalarını tələb edirlər. Bu alınmayanda isə təzyiq etməyə başlayırlar. Bəzən heç Milli Şuranın müşaidəçisi olmayanları belə televizya ekranlarına çıxarıb danışdırmaq, bu yolla onlardan istifadə etməyə çalışırlar. Bununla da göstərmək istəyirlər ki, guya bu şəxslər Milli Şuranın müşahidəçiləridir. Son bir neçə gündə bu hallar yenidən intensivləşməyə başlayıb".
X.Səfəroğlu bildirir ki, Müsavat Partiyası təəsübkeşlərindən müşahidəçi olmuş şəxsələrin bəziləri qeyri-rəsmi polis şöbələrinə çağırılır: "Hesab edirik ki, bu təzyiqlər ancaq seçkilərlə bağlıdır. Çünki bu insanların polisə çağırılması üçün başqa heç bir əsasları yoxdur".
Qaynar.info