Xəbər lenti

Maska taxmağa ərinən adam... (Hekayə)
Vüsal Bağırlı
Sənət15:07 18.08.2020

Maska taxmağa ərinən adam... (Hekayə)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Vüsal Bağırlı
Avqust ayı. Avtobus salonu. Günorta saatları. Kondisioner işləmir. Içəridəki cihaz temperaturun 36 dərəcə olduğunu göstərir. İsti, bürkü, təngənəfəslik hamını yorub.  Dilxor sərnişinlər üstəlik maska da taxmağa məcburdurlar. 
İçəridəki oturacaq yerləri tamamən doludur. Yalnız bir yerdən başqa. Növbəti dayanacaqda avtobusa orta yaşlı, dolu bədənli, qarınlı, gövdəli, keçəl kişi mindi, keçib həmin boş yerdə oturdu və astadan öskürdü.
Yan tərəfdə oturmuş cavan qadın yerindən qurcalandı və onu tərs-tərs süzdü. Kişi  ona qətiyyən fikir vermirdi.  O, nəzərlərinu qarşısında tutduğu telefona zilləmişdi. Başı virtual oyuna qarışmışdı.
Nəhayət qadın dözməyib dilləndi:
Vətəndaş xahiş edirəm, maska taxın.
Kişinin tükü də tərpənmədi. Gözünü lacivərd monitordan ayırmayaraq:
 - Üzrlü sayın xanım, taxa bilmirəm. – dedi.
Qadın açıq-aşkar əsəbiləşdi:
Necə yəni taxa bilmirəm? Kakoe bezobrazie. Qaydalara riayət edin, yubanmadan taxın.
Taxa bilmirəm, vəssalam. Xəstəyəm, astmam var. Taxanda nəfəsim çatmır.
Heç yeridir? Guya biz kefimizdən taxırıq? Vətəndaş maska taxın, virus yayılır. Vi mojete zarazit nas.
Xanım, mən bunu istəsəm belə, mümkün deyil.
Qadın bu dəfə təəccübləndi. Elə içəridəki sərnişinlər də heyrət içində bir-birlərinə baxdılar (içi mən qarışıq). Hamı dialoqun necə bitəcəyini səbirsizliklə gözləyirdi.
Niyə mümkün deyil ki? Səbəbini bilmək olar?
Çünki, maskam yoxdur. Evdə unutmuşam.
Aptekdən alaydınız.
Bağlı idi.
Qadın çantasını qurdaladı və  oradan çıxardığı ortadan səliqə ilə qatlanmış ağ  maskanı acıqla kişiyə uzatdı.
Kişi maskanı götürdü, o, tərəf, bu tərəfə çevirib baxdı və dizinin üstünə qoydu. Yenə də, sanki heç nə baş verməyibmiş kimi, telefonla məşğuliyyətinə davam etdi.
Siz necə adamsınız axı!? Tez maskanı taxın. A nu ka bistree.
Xanım mən bu maskanı taxa bilmərəm.
Ne ponel!?!
Çünki, istifadə olunub ya olunmadığını dəqiq bilmirəm.
Bir anlıq sükut yarandı. Qadın pərt olmuşdu. Üzü, boynu qızarmışdı.
Necə yəni istifadə olunub. Siz boş-boş nə danışırsınız? Mən sizə verdiyim  maska təzədir. Klinus boqa, aptekdən bayaq almışam.
Xanım baxın. – Kişi maskanı pəncərənin önünə tutdu. – Bilmirəm onu haradan almışınız, necə almışınız, amma burada ləkələr var, görürsünüz? Elə bil, kimsə bununla salfet əvəzi ağzını-burnunu silib.
İçəridə əsl dünya müharibəsi ab-havası yaranmışdı və gərgin mühit boğanağın, bürkünün təsirini birə-beş artırırdı. Bu nöqtədə, mən  mübahisənin nə ilə bitdiyini, necə sonuclandığını təəssüf ki, söyləyə bilməyəcəyəm. Çünki, artıq mənzil başına yetişmişdim. Dayanacaqda avtobusdan düşdüm və xiyabanın çayırarası cığırı ilə evə tərəf addımlamağa başladım.
Avtobus isə öz köhnə sərnişinlərinin arxa qapılardan düşməsini səbirlə gözlədi, ön qapıdan yeni sərnişinlərini gen ağuşuna aldı və iri gövdəsini yırğalayaraq, asta sürətlə Dərnəgülə tərəf istiqamətləndi.