Qətərdə keçirilən dünya çempionatının finalında Fransa millisini məğlub edərək kuboku başı üzərinə qaldıran Argentina 36 ildən sonra bu sevinci yaşadı.
Qaynarinfo xəbər verir ki, qələbədən sonra çempionluq sevincini qeyd edən argentinalıların qapıçısı Emiliano Martinezin hərəkətləri isə birmənalı qarşılanmadı və kəskin tənqidlərə səbəb oldu. Qolkiper xüsusən də oyun zamanı onun qapısından 4 qol (biri penaltilər seriyasında) keçirən Fransa millisinin ulduzu Kilian Mbappeni bir neçə dəfə ələ salması ilə gündəmə gəlmişdi.
Nəhayət, məsələ ilə bağlı fransız ulduz susqunluğunu pozub. Fransa çempionatının 16-cı turunda "Strasburq"u 2:1 hesablı məğlubiyyətə uğratdıqları oyundan sonra dünya çempionatının finalı haqda fikirlərini bildirən Mbappe argentinalı komanda yoldaşı Messini təbrik etdiyini deyib: "Final oyunundan sonra onunla danışdım və təbrik etdim. O, həyatının məqsədi idi. Mənim də həyatımın məqsədi idi, amma uduzdum. Mən bu idmanda yaxşı olmalıyam”.
24 yaşlı hücumçu hədəfə alınması ilə bağlı "Şənliklər mənim problemim deyil. Belə cəfəngiyatlara vaxt itirmirəm" - deyib.
Səbuhi Həsənov