
Səbail rayonu, Qazalin küçəsi, 33 ünvanının sakinləri mavi yanacağa həsrət qalıblar.
ANS TV-nin məlumatına görə, düz 15 gündür ki, ərazidə yaşayan məcburi köçkünlərin ümumi istifadə etdiyi qaz xətti kəsilib. Buna səbəb isə, həmin ünvandan köçürüləcəklərilə bağlı onlara verilən vəddir. Deyirlər ki, elə vəd olaraq qalan bu məsələ üzündən olmazın problemlər yaşanır. İşıq, su, qazın yoxluğu yaşayışı dözülməz edib. Məcbur olub odun sobasında istifadə edirlər ki, bu da maddi baxımdan əl vermir.
Ərazidəki bir qrup məcburi köçkün artıq Mehdiabada köçürülüb,10 ailə isə hələ də həmin günü gözləyir. O günün nə vaxt gələcəyi məlum olmadığından əraziyə yenidən qaz xəttinin çəkilməsini tələb edirlər. Məcburi köçkünlər bunun üçün hətta aidiyyatı qurumlara da müraciət ediblər.
Sakinlərin mavi yanacaqla bağlı problemini “Azəriqaz” İB-nin ictiamiyyətlə əlaqələr şöbəsinin müdiri Araz Ağayevə çatdırdıq. Qurum rəsmisi həmin ərazidə yeni yol salındığından Səbail Rayon Qaz İstismar sahəsinə məxsus dispetçer məntəqəsinin ləğv olunduğunu bildirdi. Ləğv edilən həm də yolun tikntisinə mane olan uzunuluğu 1300 metr olan qaz xəttidir.
“Azəriqaz” İB-nin mətbuat katibi Araz Ağayev bildirdi ki, alternativ xəttin çəkilməsi mümkün deyil, çünki onlar köçürüləcək, həm də ümumiyyətlə bizim abonent deyillər. Onlar qeyri-qanuni xətlə yanacaqla təmin olunublar.
Hər halda rəsmi qurumlara həmin ünvandakı sakinlərin tez bir zamanda köçürüləcəyilə bağlı məlumat verilib, bu isə o deməkdir ki, o günə çox az qalıb. Sakinlərə qalansa, həmin günə qədər səbr etməkdir.
Qaynar.info