Xəbər lenti

Mədəniyyət adamları və yazarlar referenduma necə yanaşır? - SORĞU
Ölkə12:12 27.07.2016

Mədəniyyət adamları və yazarlar referenduma necə yanaşır? - SORĞU

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sentaybrın 26-da Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi - referendum keçiriləcək. 

Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması, prezidentə Milli Məclisi buraxmaq və növbədənkənar prezident seçkilərinin elan edilməsi səlahiyyətinin verilməsi, prezident seçkilərində yaş məhdudiyyətinin aradan qaldırılması, parlament seçkilərində iştirak üçün yaş həddinin 25-dən 18-ə endirilməsi nəzərdə tutulur.

"Qaynarinfo.Az" ölkənin tanınmış mədəniyyət adamları və yazarları arasında Referenduma olan münasibətlə bağlı sorğu keçirib.

Tanınmış yazar Aqşin Yenisey referendumla bağlı təklif olunan dəyişikliklərlə hələ ki, yaxından tanış ola bilmədiyini deyib: "Sözsüz ki, referendum üçün vətəndaş olaraq verəcəyim qərar təkliflərlə ətraflı tanışlıqdan sonra qətiləşəcək. İndiki halda dəstəkləyib-dəstəkləməmək haqqında qəti fikirim yoxdur".

Bəstəkar Firudin Allahverdi də bildirib ki, referendumla bağlı təklifləri tam olaraq incələməyib: "Amma belə başa düşürəm ki, burda xalqın mənafeyindən çox. hakimiyyətin mənafeyinə uyğun addımlar atmaq istəyirlər. Buna təccüblənmirəm. Çünki ölkədə siyasi həyat və mədəniyyət yoxdur. Mədəniyyət deyəndə biz teatra, kinoya getməyi nəzərdə tuturuq. Amma mədəniyyət çox qarışıq və böyük anlamdır. Bunun içində siyasi mədəniyyət də var. Çox təəssüflər olsun ki, xalqımızın siyasi mədəniyyətinin inkişaf etməsinə maneələr törədilib. Xalqda siyasi həvəs və maraq yoxdur. Müşahidələrim belə qənaətə gəlməyə imkan verir ki, referendum heç xalqın marağında da deyil".

Firudin Allahverdinin sözlərinə görə, referendumla bağlı hansısa siyasi qüvvənin təklif verməsi normaldır: "Adətən bütün siyasi qüvvələr özünə sərf edən təklifi verir. Amma ilk olaraq bu təkliflərin ictimaiyyət və cəmiyyətdə müzakirəsi lazımdır. Xalq öz fikrini deməlidir. Onun fikrini deməyə yeri olmalıdır. Debatlar olmalıdır, bütün məsələlər müzakirə olunub, yüz ölçülüb, bir biçilməlidir. Təəssüf ki, bizdə siyasi mədəniyyət yaranmayıb. Ona görə əvvəlcədən hər şey məlumdur. Bu təkliflər qələbə çalacaq. Bunun pis tendesiyaları var. Xalq buna əslində başqa cür, "su altı" reaksiya verir. Xalq deyir ki, "sən hər istədiyini edirsənsə, mən də başqa yollarla istədiklərimi edəcəm". Belə bir sistemsizlik yaranır. Ümumi bir siyasi həyat yoxdur deyə, deyilən sözlər də mənasız olur. İndi mən danışıram, amma elə bil havaya güllə atıram".

Kulis.az saytının baş redaktoru, yazıçı Qan Turalı bunları deyib:"Referendumla əlaqəli təbliğat-təşviqat kompaniyası başlamayıb. Referendumun təkliflərini ətraflı oxumamışam. Ona görə də bunun haqqında danışmağı çox tez hesab edirəm".

Naşir, tanınmış yazar Rasim Qaraca sentyabrda keçiriləcək referendumun şərtləri haqqında mətbuatdan xəbər tutduğunu deyib. Yazar deyir ki, referendum heç nəyi dəyişməyəcək: "Aristotel respublikanı "Ümumun mənfəətini güdən xalq idarəsi" adlandırıb. Başqa sözlə desək, respublika yetkin, şüurlu, özünü dərk etmiş insanların dövlətçilik formasıdır. Təəssüf ki, Azərbaycan cəmiyyəti demokratik özünüidarəni deyil, ənənəvi təbəə olmaq modelinə üstünlük verməkdədir. Onlara padişah lazımdır və Allah da bu padişahı verib. Referendumun nəticələri heç nəyi dəyişdirməyəcək".

Qafqaz Rafiqoğlu

Qaynarinfo.Az