
Cavid Ramazanlı yazır
Çox zaman böyük hadisələrin izahı kiçik hekayələrdə gizlənir. Sadə insanların dilindən çıxan elə lakonik əhvalatlar var ki, bütöv bir ölkənin taleyini izah edə bilər. Bakıya yağan yağışdan sonra, şəhərin su altında qalması da bir pritçanı yada salır. Bir gün dövlət bir Azərbaycan kəndində böyük stadion tikmək barədə göstəriş verir. Material gətirilir, işçilər toplanır və stadionun tikintisinə başlanılır. Nəhayət, uzun əziyyətdən sonra stadionun tikintisi başa çatır. Ancaq işlər yekunlaşandan, bütün dəlmə-deşik bağlanandan sonra bəlli olur ki, meydançanın ortasında yekə bir traktor yaddan çıxıb qalıb, heç kim onun fərqinə varmayıb...
Sən demə, çoxmilyonlu, böyük bir şəhəri iflic edən yağış suyu problemi də elə bu lətifəyə oxşar imiş. Bakı şəhəri son on illikdə az qala yenidən tikilib, amma tikinti zamanı binaların altına yağış sularının axıb getməsi üçün vacib olan kanalizasiya xətləri çəkilməyib. Ya vacib bilməyiblər, ya da yadlarından çıxıb. Bakı küçələrinin indi cəmi 16%-ində yağış kanalizasiya xətləri var. İqtisadçı Natiq Cəfərli yağışdan sonra Bakının iflic vəziyyətinə düşməsini Meydan.Tv-yə şərh edərkən belə deyib: “Paytaxtı elə bir vəziyyətə salıblar ki, yenidən kanalizasiya xətlərinin salınması mümkün deyil və buna cəhd etmək şəhərin altının üstünə çevrilməsi demək olardı. Bunun üçün çoxlu sayda söküntülər və binaların sıradan çıxarılması lazımdır, həm də çox bahalı layihə olardı, söhbət milyardlarla dollar vəsaitdən gedir. Ki, Azərbaycanın da hazırda bu imkanı yoxdur”.
Deməli, belə çıxır ki, 3-4 milyonluq Bakı əhalisi bundan belə normadan bir az artıq yağış yağan kimi küçələrinin, evlərinin, zirzəmilərinin su altında qalmasıyla barışmalıdır.
Dünyanın hər bucağında yağış bərəkət sayılır. Yağışlı ərazilərin təbiəti daha yaşıl, torpağı daha məhsuldar, rifahı daha yüksək olur. Filosof Uill Dürant “Mədəniyyətin təməlləri” adlı gözəl kitabında yazır ki, yağış, su həyat mənbəyidir, günəş işığından daha əhəmiyyətlidir. Yağış poetikadır. İnsanın daxili aləminin açılmasına, insanı insan edən ali duyğularının cücərməsinə rəvac verir.
Lakin belə çıxır, indidən belə yağışın yağmasını görən hər bir bakılının ürəyini nigarançılıq çulğalayacaq ki, bu dəqiqə yer-göyü həlməşik rəngli su bürüyəcək, küçələr, evlər, zirzəmilər lehməylə dolub-daşacaq. Bəlkə də Qabriel Qarsiya Markezin “İzabel Makondada yağışa baxır” hekayəsi Bakıda gerçəkləşəcək: yağış insanları təbdən salacaq, həvəssizlikdən ağızlarına çörək loxması belə qoymaq istəməyəcəklər, heyvanlar ayaq üstdə öləcəklər, yağış suları qəbirstanlıqları basıb ölüləri suyun üzərində üzdürəcək...
Hər yağış yağanda Bakıda apokaliptik vəziyyətin yaranmasının başlıca səbəblərindən biri, əlbəttə ki, yuxarıların vətəndaşa qarşı olan hörmətsizliyidir. Od bahasına sadə insanlara satılan bütün o evlər təməlsizliklər üzərində qurulubmuş. Əsas məqsəd, ən elementar meyarlara belə cavab verməyən, qısa zaman ərzində ucaldılan bütün o, beton yığınlarını maksimum baha qiymətə əhaliyə sırımaq imiş...
***
Hansısa bir əcnəbi şəxs hər hansı bir azərbaycanlıdan ölkəsi barədə məlumat almaq istəsə və “sizin ölkənin gündəmi nədir?”, - deyə soruşsa, çox güman o azərbaycanlı reallıqdan yox, başqa vacib olmayan xəbərlərdən danışar. Çox zaman həqiqəti özü belə görmək istəməz. Amma fakt odur ki, Azərbaycanın son günlərdəki gündəmi kanalizasiya xətləri qurulmadığından şəhərin su altında qalması, bir də müəllimlərin, həkimlərin, dövlət işçilərinin və digərlərinin məcburən işlədilmək üçün pambıq tarlalarına basılması idi. Ölkənin paytaxtı su altında qalan günlərdə, regionlarda insanların işləmək üçün pambıq tarlalarına göndərilməsi xəbərləri gəlirdi. Gündəmi belə xəbərlərdən ibarət olan ölkə, maraqlıdır, dünyada görəsən, hansı məmləkətlərlə bir sırada durur?
Bizim Rusiyayla, İranla, Türkiyəylə, Gürcüstanla və Ermənistanla quru sərhədimiz var. Təsəvvürünüzə gətirirsinizmi ki, qonşularımız olan rusu, farsı, türkü, gürcünü, ermənini kütləvi surətdə tarlaya işləməyə məcbur etsinlər?.. Amma Azərbaycanda iqtidar vətəndaşlarını belə münasibətə layiq bilir. İlin günün bu çağında azərbaycanlıları təhkimli kəndli kimi ağır işlərə məcbur edirlər. Dövlət idarələrində işləyən insanları şantaj edirlər ki, pambıq tarlasında işləsinlər, yoxsa işdən qovulacaqlar.
“Başçı öz müavinləri ilə sahələri gəzib yoxlayırdı görsün, kim pambıq yığmağa gəlib, kim yox... Gəlməyənlərin, necə deyərlər, evi yıxıldı”. Bu sözləri mətbuata açıqlamasında Zərdabda zorla pambıq yığımına cəlb olunan bir büdcə təşkilatının işçisi deyib.
Azərbaycanda idarəçilik sistemi eyş-işrətə, pula və hakimiyyət hərisliyinə yoluxub, əhali ətalət və biganəlik içindədir, ağıllı adamlar, ziyalılar komfortdan və şəxsi mənafelərindən başqa bir şey fikirləşmirlər. Üstəlik, ətrafda bizi hər an udmağa hazırlaşan divlər var...
Bunlar az deyilmiş kimi, yuxarı dairələr islahatlar edib müəyyən qədər vəziyyəti düzəltməyə çalışmaqdansa, yenə öz hakimiyyətlərinin hayındadırlar, iqtisadiyyat çökür, onsuz da az-maz qalan proqressiv kəsim sürətlə ölkəni tərk edir. İnsan resursları olmadan bütün bu həngamədən Azərbaycan cəmiyyəti necə çıxacaq, üstəlik insanların nəinki iqtidara, hətta heç özlərinə də bir qram inamları yoxdur və heç bir tərəf də inamı qazanmaq üçün ən xırda cəhdi belə etmir…
Bütün bunların fonunda insanı ağrıdan məsələ, ayrı-ayrı şəxsiyyətlərin minbir əziyyət bahasına qurduğu mədəniyyət və dəyərlər sisteminin gün keçdikcə deqradasiyaya uğramasıdır.
Bakının iki gündən bir suyun, lehmənin içində qalıb iflic hala düşməsi, insanların qul kimi məcburi əməyə cəlb edilməsi bəlkə də həqiqətin təcəssümüdür. Həqiqətləri uzun müddət görmək istəməyib, özünü bilməməzliyə qoyanda, bilmək lazım idi ki, yalanın ömrü qırx gündür, həqiqəti ört-basdır etmək olar, amma o, gec-tez üzə çıxacaq. İnsanlar ətalətlərinin, laqeydliklərinin hesabını bir gün verməli olurlar və görünür, o günlər təəssüf ki, artıq gəlib çatıb.
Uill Dürant “Mədəniyyətin təməlləri” kitabında yazır: “Ətalət, laqeydlik, xəstəlik, vaxtından əvvəl inkişaf və məhv olma, insanları mədəniyyət yaratmaq cəhdlərindən uzaqlaşdırır, insanlara yemək və nəsil artırmaqdan başqa nəsə düşünməyə imkan vermir, sənət və intellektual fəaliyyət üçün heç nə qalmır...
... mədəniyyət dünyaya gələndə bizimlə bərabər gələn və çürüməyən bir şey deyil; bir cəmiyyətin hər gələn nəsli ona sahib çıxmalıdır; onun maddiləşməsi və çatdırılmasındakı ciddi çatışmazlıqlar məhdudiyyətlər mədəniyyəti sona çatdıra bilər”.
Cəmi dörd-beş il əvvəl Azərbaycana “güclü ölkə” deyirdilər. Sən demə, ölkəni güclü edən neft pulları imiş. İndisə xarici analitiklər, düşüncə mərkəzləri Azərbaycanın bir ölkə kimi bu çətin perioddan üzüağ çıxa biləcəyinə tez-tez şübhəylə yanaşırlar. Ölkədə əksər azadlıqlar, demokratik elementlər boğulub, gün keçdikcə də daha çox boğulur. İndi əlimizdə qalan ancaq sekulyarlıqdır, artıq onun da belə qapalı mühitdə özünü doğrulda bilib-bilməyəcəyi barədə də müzakirələr artıq yavaş-yavaş baş qaldırmaqdadır…
Yüz minlərlə, milyonlarla dəfələr deyildiyi kimi, dəyərlərə, prinsiplərə əsaslanmayan bir quruluş, milyonlar yox, istəyir trilyonlar üzərində bərqərar olsun, faydası yoxdur; tezliklə onun necə çürük özüllər üzərində qurulduğu məlum olur. Bu fenomenin özünü bir daha aşkarca göstərdiyi günləri biz öz gözlərimizlə görməkdəyik…
Qaynarinfo.Az