
Bakı İstintaq təcridxanasında saxlanılan şəxsin ağzından sellofanda tiryək aşkar edilib.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, dekabrın 5-də həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində təcridxanada saxlanılan Elnur Elman oğlu Məlikovun üzərinə baxış keçirilib. Baxış zamanı onun ağız boşluğunda gizlədilmiş şəffaf sellofan bükülüdə xalis çəkisi 0,970 qram olan narkotik maddə - tiryək aşkar edilərək götürülüb.
Qeyd edək ki, 1980-ci il təvəllüdlü E.Məlikov Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 234.2-cü (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) maddələri ilə təqsirli bilinərək həbs olunub.
Qaynar.info