Binəqədi Rayon Məhkəməsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Kürdəmirdə keçirdiyi əməliyyat zamanı saxlanılan icra başçısı Ceyhun Cəfərov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Qaynarinfo report-a istinadən xəbər verir ki, hakim Vüqar Məmmədovun sədrlik etdiyi iclasda qərar elan edilib. Qərara əsasən, C.Cəfərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Məhkəmə icra başçısının birinci müavini Tacəddin Novruzov və şöbə müdiri Natiq Kərimov barəsində də 4 aylıq həbs qətimkan tədbiri seçib.
***13:25
Kürdəmirin icra başçısı Ceyhun Cəfərov məhkəməyə gətirilib.
Qaynarinfo-nun APA-ya istinadən məlumatına görə, bu gün Binəqədi rayon Məhkəməsində Ceyhun Cəfərov barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimata baxılacaq.
Qeyd edək ki, C.Cəfərov Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən ötən gün keçirilən əməliyyat nəticəsində saxlanılıb. O, Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (rüşvət alma – təkrar törədildikdə) və 311.3.3-ci (rüşvət alma - külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunur.