Taylandın döymələri və geyimi ilə məşhur olan yeni kralı səlahiyyətlərinin icrasına başlayıb. İstiPress-in CNNTürk-ə istinadla verdiyi məlumata görə, 64 yaşlı Maha Vajiralongkorn oktyabr ayında dünyasını dəyişən atasının yerinə keçib.
Vajiralongkorn parlamentdə keçirilən andiçmə mərasimindən sonra ölkənin 10-cu kralı kimi taxtına çıxıb.
Mərasim zamanı maraqlı görüntülər qeydə alınıb. Kralı salamlamaq istəyən bəzi məmurlar onun qarşısında diz çökməklə kifayətlənməyiblər. Onların arasında hətta krala təzim etmək üçün yerə uzananlar da olub.
Maha Vajiralongkorn 1972-ci ildə şahzadə elan edilib. Adət ənənəyə uyğun olaraq 1978-ci ildə bir müddət buddist məbədində ibadətə başlayan şahzadə daha sonra Kraliyyət hava Qüvvələrində və Donanmada çalışıb.
Taylandın 70 il taxtda olan kralı Bhumibol Adulyadey oktyabrın 13-də böyrək çatışmazlığı və ağciyər infeksiyasına görə dünyasını dəyişib. Maha onun yeganə oğlu idi.
Şahzadə dünyanın diqqətini hələ iyul ayında üzərinə toplaya bilmişdi. Buna səbəb isə onun qeyri-adi və yaşına uyğun olmayan geyim tərzi idi. Belə ki, yeni kral Almaniyın Münhen şəhərindəki hava limanında cins şalvar, göbəyini açıqda saxlayan qısa maykada görüntülənmişdi. Onun bədənindəki çoxsaylı döymələr də diqqətdən qaçmayıb. Hava limanında rəsmi şəkildə qarşılanan şahzadəni qucağında it saxlayan gənc qız müşayiət edib.
Şahzadə və sevgilisi bu geyimdə Tayland Kral Hava Yollarına aid təyyarəyə minməmişdən öncə qırmızı xalıdan keçib, uçuş heyətini salamlamışdı. Onların qəzetlərdə də yayımlanan bu fotosu böyük qalmaqala səbəb olmuşdu.
Qaynarinfo.Az





