Ötən gün Latviya ilə qarşılaşan millimiz azarkeşlərini bir daha üzdü. Maltada təlim-məşq toplanışında olan komanda bir neçə gün əvvəl adıçəkilən ölkənin yığması ilə oynamış və 0:1 hesabı ilə məğlub olmuşdu. Canni De Byazinin komandası bu dəfə eyni hesabla Latviyaya uduzdu. Təbii ki, bu nəticədən kimsə razı qala bilməz. Elə narazı olanlardan biri də Əfqan Talıbovdur.
Mütəxəssis Qaynarinfo-ya açıqlamasında yığmamızla bağlı düşüncələrini bölüşüb.
"Heç olmasa heyətdə stabil oynayan 9 oyunçu müəyyənləşməlidir ki..."
"Malta ilə oyundan sonra komanda ciddi şəkildə qələbə qazanmaq istəyirdi. Gözlənilməz qırmızı vərəqə demək olar oyunu korladı. Hücuma qoşulmaqda problem yarandı. Oturduq geriyə və 10 nəfərlə 70 dəqiqə müdafiə olunduq. İki dəfə top dirəkdən qayıtdı. Həyəcan hiss olunurdu. Malta ilə oyundan sonra təzyiqlər vardı. Uşaqlar da komandanı ruhlandırmağa çalışırdılar ki, bu matçı qələbə ilə başa vursunlar. Mən şəxsən Maltanı Latviyadan savadlı oyunu ilə fərqləndirərdim. Çox savadlı göründülər, nəinki Latviya. Biz 10 nəfərlə oynadıq, elə də böyük fərq yox idi. Hücuma çıxmağa ehtiyatlanırdıq. Hücumameyilli oyunçular isə meydana sonradan buraxıldı. Belədə çətinlik oldu. Bilirsiniz, hansısa rəsmi oyuna hazırlaşırıqsa, konkret heyət müəyyənləşməlidir. Bu gün Renat Dadaşov oynayırsa, sabah Ramil Şeydayev meydana çıxır. Orta xətlə əlaqələr bir dəfə Renatla, sonra Şeydayevlə qurulur. Emin Mahmudov Eddi İsrafilovla "Neftçi”də yaxşı anlaşırlar. Amma Qara Qarayevlə birlıikdə meydanda olanda, məsələn, bir-birilərinin hansı tərəfə "açılacağı” bilinmir. Heç olmasa heyətdə stabil oynayan 9 oyunçu müəyyənləşməlidir ki, Millətlər Liqasında kimə üstünlük veriləcəyini bilək. Çox götür-qoy edirik, kimin üzərində dayanacağımızı bilmirik. Bir Höccəti daim oynayan görürük. Qalanları dəyişir. Futbolun qanunu var, heyət bir-birini anlamalıdır. Hücuma keçirik, problem yaranır. Müdafiə olunuruq, hücuma çıxa bilmirik. Bir yaxşı hücum alınmışdı, amma Almeyda sona çatdıra bilmədi. Ümumilikdə, Latviya heç də bizdən səviyyəli oyun nümayiş etdirmədi. Güclü deyil. Ədalətli nəticə qalib gəlməyimiz olardı. Latviyadan fərqli bizim ehtiyat oyunçular skamyasında oyunun taleyini həll edə bilənlər var. Məsələn, Ağabala 10-15 dəqiqə meydanda olmalı idi. Namik Ələskərovu oyuna gec buraxdılar. Oyun bərabər getdi, əfsuslar olsun ki, qırmızı vərəqə bizi "sındırdı”. 3-5-2 taktikasına üstünlük verilmişdi. Maksimlə Toral "qanadlarda” oynayırdı, hücuma çıxanda 5 nəfər olurduq. Mərkəzə Bədavi, Azər Salahlı və Höccəti yerləşdirmişdi. Hiss olunurdu ki, hücum futbolu oynamaq istəyirik. Geriyə çəkiləndə 5 müdafiəçi olurdu”.
Bəs De Byazi nəyi düzgün etmir, hansı səhvləri var:
"İndi rahat şəkildə oturub həm gənclərlə oyunları, həm də təcrübəlilərlə keçirdikləri son iki matçı yaxşı analiz etməlidirlər. Konkret olaraq Millərtlər Liqası üçün heyəti müəyyənləşdirmək lazımdır. Oyunumuz harada dayanır? Hiss etdim ki, uşaqlar əsəsbi idi. Çünki Maltaya məğlub olmuşduq. Qara Qarayevi də qınamaq olmur. Elə vəziyyət yarandı ki, o, Bəhlulu sığortalamaq istədi. Bu, futbolda olan şeydi. Şəxsən mənim fikrim belədir ki, komanda yaxşı analiz olunmalı, mövqelər, heyət müəyyənləşdirilməlidir. Nazarov fəal görünmədi. Bütün futbolçuları tərəzinin eyni gözünə qoyub, müsbət və mənfi tərəfləri araşdırmalıdırlar ki, heç olmasa Millərtlər Liqasında ən azı iki oyuna eyni heyətlə çıxa bilək”.
"Top buraxırıqsa, müdafiədə kimin oynayacağını dəqiqləşdirməliyik"
Məşqçinin fikrincə, indiki heyətdən çıxdaş edilməli oyunçu varmı:
"Müəyyən şeylər var ki, bunu De Byazi və digər mütəxəssislər də gördü. Hansı ki, Latviyanı üstələmək nəzərdə tutulmuşdu. "Dişimizə” uyğun rəqib idi. Latviyalılar özlərindən razılıq etməsin, çünki 10 nəfərlə qalmışdıq. Buna baxmayaraq, istəkli idilər. Son iki yoldaşlıq matçı onlar üçün uğurlu oldu. Küveytlə heç-heçə edib, bizi uddular. Top buraxırıqsa, müdafiədə kimin oynayacağını dəqiqləşdirməliyik. Bir-iki nəfər dəyişdirilə bilər. Mən futbolda belə şey görməmişəm. Bəzi oyunçular var ki, gücləndirmək məqsədilə sonradan meydana buraxılır. Biz isə Millətlər Liqasında kimin meydana çıxacağını müəyyənləşdirməmişik. Kimin üzərində dayanaq ki, komponentlərdə uduzmayaq? Məğlub olmağın təzyiqlərindən əlavə, ictimaiyyətin sorğu-sualı onları düşünməyə məcbur edir”.
De Byazi artıq ikinci ildir Azərbaycandadır. Talıbov bu müddətdə hansısa müsbət dəyişiklik görübmü:
"De Byazi xoşbəxt adamdır ki, ona qədər hələ Azərbaycanda belə xeyli oynaya bilən milli səviyyəli futbolçu olmayıb. İki heyətimiz var. Renat Dadaşovun formasını geyindiyi "Tondela” Portuqaliyanın yüksək dəstəsində oynayır. Mahir Emreli "Dinamo”nun futbolçusudur. Namik Ələskərov Türkiyənin sürətli və mübariz komandalar olan Birinci Liqasındadır. Toral, Qara avrokuboklarda çıxış edir. Hələ Bədavi oynamır, Şahruddin yoxdur. Demək olar, əlinin altında yaxşı oyunçular var. Məşqçilər gecə-gündüz fikirləşməlidirlər ki, optimal heyət tapsınlar. Optimal heyət necə olmalıdır? Bu haqda konkret nəsə demək olmaz. Oyunçular haqqında onların məşqçilərindən məlumat almaq lazımdır. İsrafilov iki hissə oynadı. Burada isə bir hissə yarım meydanda oldu. Analiz edilməlidir ki, məsələn, top almalarda necədir? Ötürmələr zamanı nə edir? Hücumda fəaldırmı? Az hücum edirik. Qolu nə vaxt vuracağıq? Buna görə bizə hücumameyilli futbolçular lazımdır. Müdafiə olunmaqdan qorxamamlıyıq. Onsuz da 11 nəfərlə oynayırıq, uduzuruq. On nəfərlə oynayırıq, yenə məğlub oluruq. Bizə Abdullah Zubir kimi hər an təhlükə yarada bilən, qapıçı meydançasına daxil olub zərbə vuran oyunçu lazımdır. Hücumda çoxala bilmirik. Qol vurmağı bacarmalıyıq”.
"Heç olmasa, Qazaxıstanla Belarusu evdə məğlub edib 6 xal qazanmalıyıq"
Bəs məşqçi Millətlər Liqasındakı şanslarımızı necə dəyərləndirir:
"Fikrimcə, Moldova pley-off mərhələsini keçə bilməyəcək. Ona görə də Qazaxıstanı nəzərdə tutaq. O cümlədən Belarusla eyni səviyyədəyik. Heç olmasa, Qazaxıstanla Belarusu evdə məğlub edib 6 xal qazanmalıyıq. Slovakiya ilə bir heç-heçə edə bilsək, bu olacaq 7 xal. Xoşbəxtliyi də məhz burada axtarmalıyıq. Problem odur ki, evdə 6-7 xal götürəcəyimizə əmin deyilik. İnamlı oynasaq, 10-12 xal baryerini keçə bilərik. Bu dəfə şansımız daha çoxdur”.
Səbuhi Həsənov