Xəbər lenti

Məndən salam olsun bütün yaşlarıma və ya dünənlə bu gün
Günay İlqarqızı
Ölkə08:26 04.07.2023

Məndən salam olsun bütün yaşlarıma və ya dünənlə bu gün

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mənim balam, bu dünyayla
oynama,
Sən cavansan, dünya qoca
dünyadı.
Düşmən nədi?! Dost evini dost
yıxar,
Bilən bilir, dünya necə
dünyadı...
Ömrə-günə etibar yox əzəldən,
Bir də dönüb yarpaq olmaz
xəzəldən.
Beşiyindən bizə tabut düzəldən,
Bələyindən kəfən tikən dünyadı.
Ramiz Rövşənin bu misralarını o qədər sevirəm ki, hər dəfə başım dara düşəndə, bir sıxıntım olanda öz-özümə pıçıldayıb güc alıram.
*
Mən beş il əvvəl əcəl təri, ölüm, insan ömrünün son dəqiqələrini görmüşdüm babam qollarımda həyatla vidalaşmağa başlayanda...
Düz iki həftə bundan öncə kiçik bir əməliyyatı böyük bir əməliyyata çevirib, bundan sağ qurtulmağıma səbəb də o gördüyüm insanın son rəngi, əcəl təri idi.
Babam öz ölümünü mənim yanımda yaşamaqla məni ölümdən xilas eləmişdi sanki.
*
Həmin an anlaqsız şəkildə, bircə ağrılardan qurtulum deyə, heç nəyin - nə həkimin, nə də klinikanın hara olduğunun fərqində olmadan, təcili o əməliyyat masasına uzanmışdım.
Amma ordan çıxanda anlamışdım həyatın nə qədər dəyərli olduğunu.
Anlamışdım özünə-özündən başqa kiminsə lazım olmadığını.
Anlamışdım hər şeyin keçiciliyini.
*
Deyirlər, orta statistik yaş həddi hazırda 70-71-dir. 
Mən də 34-ü tamamlayıb 35-ə tərəf yol alanda, bu statistik göstəriciyə əsaslanıb, ömrümün tam yarısına çatmışam deyib, buradan indiki mənə, dünənki mənə, sabahdakı mənə bir neçə kəlmə deyib, bir hesabat vermək istədim.
Deyirlər, ömrün ən gözəl yaşlarıdır bu illər. Həm gəncsən, həm qoca, həm ömrünün necə keçdiyini təhlil edə bilirsən, səhvlərini anlayırsan.
Dönüb keçmişə baxanda itirdiklərimin qazandıqlarımdan çox olduğunu görsəm də, buna təəssüflənsəm də, "yaşanmalı idi, güclüyəm ki, yaşadım” pıçıldayıb, "Günay, önünə bax” deyirəm...
Bunu bu gün deyirəm, ancaq bu itkilərimin ilk başında - düz 9 il bundan əvvəl belə danışmırdım. Onda 23 yaşım vardı. Axı daha gənc, daha çox niyələrlə sorğu-sual edən, daha çox etiraz edən idim...
Düz 9 il əvvəl ilk itkimi – atamı itirəndə anlamışdım ki, bu dünyada bu günə görə axıtdığım göz yaşları bomboş imiş, bunu anladım anlamağına, amma bu itkinin təsirindən düz dörd ilə çıxmışdım...
Hətta bu itkinin təsiri yenicə qucağıma aldığım körpəmlə mənim arama böyük bir geri gəlməyəcək dörd illik məsafə qoymuşdu.
Bu dörd ili iliyimə qədər yaşayıb, toparlanmaq, ayağa durmaq istəyəndə "mən indi yetim qaldım” dedim. Mənim üçün bu dünyadan əziz olan insanı - babamı itirdim.
Elə burada demək istəyirəm ki, uşaqlığım 90-cı illərin çətin dövrünə düşsə də, çox böyük sevgi ilə, elə nağıllardakı şahzadələr kimi böyüdüldüm. 
Nənəm-babam demiş, kimin ixtiyarı nə idi mənə söz desin!
Nağıllarla, dastanlarla böyüdülən mənim özgüvənimin banisi idi nənəm-babam...
Hə, babamın itkisi o qədər ağır idi... Ancaq böyümüşdüm axı, bu acını içimdə özümü böyüdə-böyüdə yaşayırdım.
Mən böyüyürdüm, özümü böyüdürdüm, hər şeyi daha yaxşı təhlil edə, aydınlaşdıra bilirdim.
İnsanlarla anlaşmanın ən gözəl yolunun susmaq olduğunu öyrənirdim. 
Bilirəm, asan deyil, amma ən gözəl yol susaraq keçməkdi. 
Susaraq özünü böyütmək idi, içindəki "mən”i böyütmək, sevgini, duyğularını saf tutmaq.
Mən bunu həm də özümlə bərabər bir körpə böyütdüyüm üçün edirdim...
Bütün eqolarımdan, inadlarımdan, türklər demiş, "şımarık”lıqlarımdan qurtulmuşdum, anlamışdım, cismimin "vitrin”, ruhumun "özünü məhv etməməyin” əsiri olmadığını.
Daha sonra ömrümün yeni bir yolu başlamışdı...
Mən bu yolda yenidən uşaqlaşmışdım, sanki 28 yaşında yox, elə o 20-22 yaşlarımda idim.
Qaynarinfo yolu...
Kənarda səssiz-səmirsiz dayanan mən və "Qaynarinfo”dakı qaynayan mən...
Bu necə olur, hərdən özüm də anlamıram...
Bilirəm ki, bir gün bu illəri yaşadığım üçün Allaha təşəkkür edəcəyəm.
Hə-ə, ömrümün 34-ci ilinin sonlarını daha bir itki ilə yola saldım. Bu dəfə nənəmi itirməklə uşaqlığım kitabını bağladım. Onu itirdiyim gün həm də uşaqlığımın son gecəsi idi.
Həmin gün həm də ata evimin güvəni, istiliyi itdi. 
Amma bir etiraf edim: itirə-itirə, böyüyə-böyüyə o qədər daşlaşdım ki, bu dəfə daş olan ürəyimdəki yaranı hamıdan gizlətdim...
Sadəcə, özümə pıçıldaya bildim. 
Şair demiş:
Keçdi şirin çağlar, 
Soldu yaşıl bağlar, 
Xatirələr ağlar, 
Gecdi daha.
Nə isə...
Axı bu gün mənim doğum günümdür.
Bu doğum günümdə başda məni dünyaya gətirən qadına - dünyanın ən səbirli, cəfakeş anasına, yaşam səbəbinə təşəkkür edirəm.
Məni əvvəl canıyla-qanıyla yoğurub, sonra əməlləri ilə yetişdirdiyinə, arxamda dayandığına, hər zaman dəstək olduğuna görə, varlığına görə, var olduğuna görə təşəkkür edirəm!
Bir az da nikbin danışım deyəcəm...
Amma ağlım kəsəni heç sevmədim doğum günümü.
Hətta atamla keçirdiyim son, onsuz keçirdiyim ilk doğum günündən sonra isə heç sevmədim.
Keçən illərdə sadəcə böyüyüb daha yaxşı, daha faydalı insan olmağı sevdim.
Hə, 34-ü tamamlayıb 35-dən yol alıram, deyirlər, dünyaya nə ötürsən, onu da geri alarsan.
Mən həm də 34-ü tamamlamağa az qalanda sağlığımda yaşadığım problemlərdən sonra anladım həyatın nə qədər qiymətli olduğunu.
Bir həftə yalnız üzü yuxarı tavana baxanda anladım ən gözəl nemətin sağlamlıq olduğunu.
Yeriməyin, gülməyin, danışmağın, görməyin, eşitməyi nə qədər anlamlı olduğunu anladım.
Anladım, təşəkkür etdim, şükr etdim...
Hə, bu gün mənim günümdür.
Yenidən düşünməyə, özümdən doğulmağa tam 24 saatım var.
Sizi bilmirəm, mən özümü sevirəm, duyğularımı sevirəm...
Sayğılarla doğum günü qızı!
P.S. Bunu yazanda ayın üçündən dördünə keçən gecə idi və Bakı vaxtı ilə saat 00:01-də zəlzələ oldu. Yəqin bu da bir işarədir. 
Yaxşı ki, doğulmuşam!!!
Günay İlqarqızı