Xəbər lenti

Məqsədinə çatmış “Coker” və gülüşün gücü
Vüsal Bağırlı
Ölkə14:11 24.12.2019

Məqsədinə çatmış “Coker” və gülüşün gücü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Vüsal Bağırlı
Gülüş böyük qüvvədir. İstehzalı gülüş isə öldürür, məhv edir. 
Təsəvvür edin, bir neçə nəfərin əhatəsindəsiniz. Onlar gülür. Qəhqəhə çəkirlər. Öz-özünə sual verirsən: "Onlar görəsən mənəmi gülür, ya bir başqasınamı?”
İstər-istəməz, təşviş hissi keçiririk, tərləyirik, bir qəbahət  işlədib-işlətmədiyimizi fikirləşirik, üst-başımızın, geyimimizin yerində olub-olmadığını yoxlayırıq. Özümüzü itiririk. Nədə, harada səhvə yol verdiyimizi anlamağa çalışırıq.
Bir dəfə, bərk qar yağmış, yer buz bağlamışdı. İşdən çıxıb evə qayıdırdım. Hava həzin-həzin qaralmağa başlamışdı. Ləpirimi səkinin kənarına toxunduran kimi, ayağım sürüşdü. Üzüqoylu, tirtap yerə uzandım. Tərslikdən heç cür qalxa bilmir, büdrəyib yıxılırdım. Cizgi filmi qəhrəmanı Bembi kimi, ayağımı dayaq edirdim əlim, əlimi yerə basırdım ayağım gedirdi. Bütün sümüklərim, əzələlərim ağrıyırdı. 
Yöndəmsiz hərəkətlərim, yaxınlıqdan kölgə kimi ötən insanların da diqqətini cəlb etmişdi. Onlar təəccüblə mənə baxır və xısın-xısın gülüşürdülər. Kömək edəcəklərinə ümidlə, yalvarışlı nəzərlərimi onlara zillədim. Qaramtıl insan fiqurlarından biri dilləndi:
Dostum deyəsən nəsə qiymətli şey itirmisən a, tapa bilmirsən?! Desənə, biz də axtaraq.
Gülüş səsləri ikiqat artdı. 
Birtəhər ayağa qalxdım və üzgün halda evə qayıtdım. Yolüstü yaxınlıqdakı marketə dönməli, bir-iki şey almalıydım. 
İçəri girər-girməz, elə qapının ağzındaca donmuş, bərkimiş buz təbəqəsini görmədim, yenə sürüşdüm, ayaqlarım sinəm bərabəri havaya qalxdı, müvazinətimi itirdim və bu dəfə arxası üstdə, yerə sərildim.
Satıcı qızlar uğunub özlərindən getdilər. Pərt, utanc vəziyyətə düşmüşdüm və ağrını-acını belə vecimə almırdım. İndi, üzərindən illər keçməsinə baxmayaraq həmin günü acı hisslərlə xatırlayıram.
Bəli, keçən pis bir gün, əsəbləri, əhvalı poza, insanı dəli edə bilər. Bəs yaxşı, əgər ötüb-keçən yalnız gün deyil, bütün həyatdırsa? 
Bu mənada, Amerikalı rejissor Todd Filipsin  "Coker” filmini xatırlamaq tam yerinə düşər. Bu bütövlükdə qəhrəmanlar, bədniyyətlər, pislər, yaxşılar haqqında deyil, pis keçmiş gün, şikəst edilmiş ömür, problemlər içində boğulan insan haqqında çəkilmiş filmdir.
Filmdə görürük ki, xarizmatik əclaf obrazlı baş qəhrəman (Xoakin Feniks) sosial bərabərsizlik, psixoloji sapmalar fonunda diqqət və qayğı defisiti, özünüqiymətləndirmə, həyat məqsədi problemi ilə üz-üzədir. O, daim gülüş, istehza obyektidir. 
Filmdə maraqlı bir səhnə var.
Coker anasını çimizdirərkən deyir:
Ana bax, görərsən, mən əsl kloun olacağam, böyük artist olacağam.
Ana qüssə ilə oğlunun sısqa bədəninə, bükülmüş belinə, miskin görünüşünə baxır və ah çəkir: 
Axı komediya artisti gülməli görünməli, gülməli hərəkətlər etməlidir!?
"Coker”ə baxarkən ağıla ilk öncə Martin Skorsezenin məşhur "Taksi sürücüsü” filmi və onun qəhrəmanı Trevis Bikl (Robert de Niro) gəlir. Rejissor özü etiraf edir ki, filmdə yetmişinci illərin ab-havasını, kinonun həmin qaranlıq dövrünü canlandırmağa cəhd etmişdir.
Filmdə demək olar ki, hamı: baş qəhrəman da, Qotemin adi sakinləri də, varlılar və siyasətçilər də mənfur adamlar kimi təqdim olunurlar. Burada təsvir edilən həyat, sanki müasir cəmiyyətimizin güzgüsüdür. Eyni laqeyd münasibət, biganə insanlar, boz kütlə psixologiyası və sair. 
Filmdən daha bir epizod.
Coker teleşouya gəlir. Burada, şoumen rolunu oynayan Robert de Niro ona deyir:
Deyəsən siz hərəkat yaratmaq, simvol olmaq istəyirsiniz? Siz şəhəri xaosa çevirirsiniz.
Cokersə xarakterik gülüşlə cavab verir:
Heç ətrafınıza baxırsınızmı? Hansı dünyada yaşadığımızın fərqindəsinizmi? Belə mühitdə hər kəs potensial qatildir. Siz mənim metroda öldürdüyüm insanlar naminə ah çəkirsiniz. Amma, mən məhv olsam heç uf da deməzsiniz. Siz məni, mənim həyatımı görmür, məni insan hesab etmirsiniz. Mənim kimiləri tapdalayır və üzərindən keçirsiniz. Heç kəs özünü başqasının yerinə qoymaq istəmir. Hər kəs ancaq özünü düşünür. Siz məni bura hörmət qoyduğunuz üçün deyil, şou üçün çağırmışınız. Siz məni təlxək yerinə qoyub, gülüş obyekti edirsiniz.
Baş qəhrəman Artur Flek (Coker) başına gəlmiş ilk hadisədəncə - metrodakı səhnə - uçuruma yuvarlanır və sonra bütün film boyu, mənəvi deqradasiyaya uğrayır və əsl manyaka çevrilir.
Filmin sonunda görünür ki, bütün şəhər xaos içindədir. Coker məqsədinə çatmışdır.
Coker pop-mədəniyyətin ən tanınmış mənfur qəhrəmanlarından biridir. Cokerin iblisanə gülüşü, tük ürpədən qəhqəhəsi isə bir trenddir. Bu gülüşdə sanki şər gizlənir.
Bəli,  bəzən gülüş ağladır, bəzən adamın üzünü qarsır, saçını ütür, bədənini yandırır.
Lakin gülüşün acıq, qıcıq, qəzəb oyatmayan, istehza, rişxənd törətməyən digər xeyirxah tərəfi də vardır.
Həqiqi gülüş müsbət emosiyadır. Dolğun gülüş, qəlbdən gələn əsl təbəssüm  ömrü uzadır, vücudu sağlamlaşdırır, orqanizmə enerji verir.  Çətinliklərə sinə gərmək, problemləri həll etmək, konfliktlərdən yayınmaq üçün zarafat və gülüş ən yaxşı vasitədir.
Ürəkdən gələn təbəssüm, təbii gülüş insanı gərgin vəziyyətdən çıxmağa, stress və depressiyadan xilas olmağa da kömək edir.
Alimlərin araşdırmasına görə, insan gülərkən onun nə az, nə çox, düz 88 qrup əzələsi fəaliyyətdə olur. Bu zaman qan dövranı sürətlənir, maddələr mübadiləsi yaxşılaşır. 
Gülün, təbəssümünüzü əksik etməyin və həmişə nikbin olmağa çalışın.