"Auchan"ın Rusiyadakı törəmə şirkəti Fransada korrupsiyada şübhəli bilinərək istintaqın obyektinə çevrilib. İttihamlar xarici məmura rüşvət verməklə bağlıdır.
Qaynarinfo xəbər verir ki, Fransanın "Challenges” nəşrinin
məlumatına görə, araşdırmanı ölkənin maliyyə prokurorluğu aparır. Bildirilir ki, istintaq "bu işdə zərərçəkmiş və işin mülki iştirakçısı olmaq imkanını özündə saxlayan” "Auchan" qrupuna qarşı yönəlməyib.
İstintaq "Les Echos” qəzetində Rusiya bölməsinin keçmiş hüquqşünası Aleksey Jarkova istinadən qrupun korrupsiya sxeminin mövcudluğu barədə məlumat verən məqalənin dərcindən sonra başlayıb.
"Satınalma menecerləri saxta müsabiqələr, süni qiymət artımı, məhsulların təşviqi üçün stimullar və keyfiyyət və maliyyə nəzarəti departamentində, xüsusən də tələblərə uyğunluqla bağlı digər pozuntular vasitəsilə korrupsiya sxemini təşkil edirlər", deyə qəzet yazır.
Şahid qismində dinlənilənlər arasında qrupun baş katibi, beynəlxalq təhlükəsizlik üzrə direktoru və Rusiya bölməsinin təhlükəsizlik üzrə keçmiş direktoru da var.
"Auchan" Aleksey Jarkovun sözlərini təkzib edərək, onun 2019-cu ildə müqaviləsi yenilənmədikdən sonra mətbuatın diqqətini çəkməyə çalışdığını bildirib.
Qeyd edək ki, 2022-ci ilin martında Fransanın "Auchan" şirkəti Rusiyanı tərk etmək niyyətində olmadığını, işlərin qayğısına qaldığını açıqlayıb.
17 fevral 2023-cü ildə "Insider", "Le Monde" və "Bellingcat" "Auchan"ın Rusiya ordusunu müxtəlif məhsullarla təmin etməsi və səfərbərlikdə Putinə kömək etməsinə dair araşdırma dərc edib.
Materialın yayılmasından sonra Fransanın "Auchan" şirkəti müharibə zamanı Ukraynanın işğal olunmuş rayonlarının ərazilərində rus hərbi qulluqçuları üçün mal tədarük etdiyini inkar edib.
23 fevral 2023-cü ildə məlum olub ki, fransız "Auchan"ı müharibənin beynəlxalq sponsorları siyahısına daxil edilib. Bildirilib ki, Rusiyanın Ukraynaya hücumundan sonra hipermarketlər şəbəkəsi Rusiya bazarında fəaliyyətini davam etdirib, ordu sıralarına səfərbərliyə töhfə verib və orduya mal verib.
Aydın