PSJ-nin argentinalı ulduzu Lionel Messi Mayamidəki evini satışa çıxarıb.
Qaynarinfo xəbər verir ki, 600 milyon dolarlıq sərvətə sahib olan Messi ABŞ-dakı lüks evinin qiyməti 7 milyon dollardır. Okean mənzərəsi olan evin hətta avtomobil üçün lifti də var. 34 yaşlı argentinalı 2015-ci ildə "Porsche Design" iqamətgahında 51 mərtəbəli binada 5 milyon dollara iki dəbdəbəli ev alıb. Evini aldıqdan sonra istifadə etməyən Messi Fransanın paytaxtı Parisdə yaşadığından həmin mənzili satmaq qərarına gəlib.
Məşhur futbolçunun satışa çıxardığı dəbdəbəli evdə dörd yataq və beş vanna otağı var. 300 kvadratmetrlik evin nəhəng pəncərələri bütövlükdə okean mənzərəsinə açılır. Mənzilin içərisində iki maşınlıq qaraj-lift var. Ağıllı ev sisteminə sahib olan mülkə hovuz, idman zalı və kinoteatr da daxildir. Bundan əlavə binanın xüsusiyyətləri arasında virtual oyun otağı, bərbər salonu və özəl restoran da yer alır.